Ağdamdan dünyaya mesaj: “Biz elə bir şəhər quracağıq ki...”
31 may 2021 15:53 (UTC +04:00)

Ağdamdan dünyaya mesaj: “Biz elə bir şəhər quracağıq ki...”

Mayın 28-də Prezident İlham Əliyev Ağdama səfərində rayonun yenidən qurulmasının Baş Planını təsdiq etdi. Prezident bütün  dünyaya bəyan etdi ki: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. 

Hə,  Baş Plandan bəlli olur ki, ən qısa zamanda Ağdam Qarabağın ən böyük şəhərinə, iqtisadi və sənaye mərkəzinə çevriləcək. 100 minlik əhaliyə hesablanmış şəhərdə sənaye parkları, hotellər, yaşayış binaları, ən müasir nəqliyyat infrastrukturu, 30 minlik stadion, Qarabağ Universiteti,  teatr binası və digər bu kimi mühüm mədəni və biznes obyektləri tikiləcək. Ruhlar məkanı və ya “Qafqazın Hirosiması” adlanan bu yurd yerimiz cənnət bir məkana çevriləcək. Və bütün bunlar ən qısa zamanda ediləcək. 

Əslində, 10 noyabr sazişindən sonra dərhal işğaldan azad edilmiş ərazilərdə  böyük quruculuq işlərinə və infrastruktur layihələrinin icrasına başlanılıb. Azad olunmuş ərazilərin bərpası xüsusi plan əsasında “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” prinsipi əsasında yenidən qurulur. Bu istiqamətdə artıq işlərə başlanılıb və Böyük qayıdışı təmin etmək üçün proseslər sürətlə gedir. Elə Ağdam da istisna deyil.

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, həm dövlət xadimi olaraq, həm bir vətəndaş olaraq cənab Prezident vaxtaşırı işğaldan azad olunan zonalara səfər edir və hər səfərində o həmin ərazilərdə ya yeni bir tikilinin açılışını edir, ya yenisinin əsasını qoyur və görüləcək işlər barədə cəmiyyətə bir anons verir: “Ağdam sıradan bir şəhər deyil. Bu şəhər Azərbaycanın həmişə ən böyük sənaye, iqtisadi, mədəniyyət bölgələrindən biri olub. Ermənilər işğal etdikləri bütün əraziləri, o cümlədən Ağdamı viran ediblər. Bu gün Ağdamı faktiki olaraq yenidən qurmaq lazımdır və cənab Prezidentin bügünkü səfəri zamanı, gələcəkdə Ağdamın inkişafında rol oynayacaq bir neçə obyektin açılışı da şəhərin bərpasının cənab Prezidentin diqqətində olduğunu göstərir”. 

Sənaye Parkı, sabah geri qayıdacaq ağdamlılar üçün həm də iş yeridir. Parkın salınması sabah ağdamlıların istirahəti üçün sevimli olacaq bir istirahət yeridir. Bərdə-Ağdam yolunun çəkilişi tək həmin bölgə üçün deyil, bütün Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin Ağdama 28 may tarixində səfər etməsinin özü də diqqəti çəkən bir məqamdır. 

Burda bir məqamı da xüsusi vurğulayaq: müharibədən çıxmış bir dövlətin pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırması, şəhərlərin bərpasına start verməsi bir daha ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar