Gözündəki tiri qoyub, başqasında çöp axtaran SƏFİRLƏR
16 noyabr 2023 14:26 (UTC +04:00)

Gözündəki tiri qoyub, başqasında çöp axtaran SƏFİRLƏR

İran hakimiyyəti Azərbaycana qarşı qərəzli və qeyri-səmimi siyasətini davam etdirir.  

Hər zaman olduğu kimi yenə də molla rejimini təmsil edən şəxslərin verdiyi açıqlamalar bir birini təkzib edir. İranın Azərbaycan səfiri bir nağıl, Ermənistandakı səfiri isə başqa bir nağıl oxuyur...

Bu günlərdə İran Prezidenti İbrahim Rəisinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasından sonra elə zənn edilirdi ki, Tehran hakimiyyəti Cənubi Qafqazda reallığa uyğun davranmağa başlayıb. Ancaq İranın Ermənistandakı səfiri Mehdi Sübhani verdiyi müsahibə ilə bu rejimə olan inamı itirdi.

Səfir Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü köçən erməni sakinlərin “pozulan hüquqlarından” danışmaqla rəsmi Bakını ittiham etdi. O, erməni sakinlərin “öz müqəddəratını təyinetmə hüququndan” belə danışdı.

Görün bunu kim deyir... Bunu, hər gün milyonlarla azərbaycanlının hüquqlarını pozan bir ölkənin səfiri deyir.

Bunun ardınca İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Sübhaninin müsahibəsinə haqq qazandıran açıqlama yaydı. O da Sübhani kimi “öz müqəddəratını təyinetmə”, beynəlxalq hüquqdan bəhs etməklə molla rejiminin "humanist siyasəti"ndən dəm vurdu.

Sübhani də, Pakayin də çox sağ olsunlar ki, belə vacib bir problemə toxunublar. Lakin molla səfirlər unudur ki, onlar, “öz müqəddəratını təyinetmə hüququ”ndan danışacaq ən axırıncı adamlardır.  

Hörmətli mollalar, əgər siz Azərbaycanın suveren ərazilərini könüllü tərk edən 5-10 min erməninin “öz müqəddəratını təyinetmə hüququ”ndan danışırsınızsa, o zaman obyektiv olun, İranda yaşayan milyonlarla azərbaycanlının da “öz müqəddəratını təyinetmə hüququ”na hörmətlə yanaşın. Təmsil etdiyiniz rejimdən tələb edin ki, İranda yaşayan azərbaycanlıların da “öz müqəddəratını təyinetmə hüququ” var və bunu bərpa etsinlər. Təbii ki, İranın ərazi bütövlüyü çərçivəsində... Axı onların da öz ana dilində yazmağa, oxumağa ehtiyacları var!

Ağayi səfirlər, siz çox gözəl bilirsiniz ki, İranda fars olmayan etnik qrupların, azlıqların, habelə milyonlarla Azərbaycan türkünün ölkə konstitusiyasında təsbit edilən milli-mədəni hüquqları verilmir. Öz qanuni hüququnu tələb edənlər isə təqib və təzyiqlə üzləşir, həbs edilirlər. Siz bu humanist missiyanı öz üzərinizə götürmüsünüzsə xahiş edirik, İrandan başlayın...

Ərazi məsələsinə gəldikdə isə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında 3 ada ilə bağlı mübahisə hələ də həll edilməyib. 1992-ci ilin avqustunda İran Əbu Musa adasının ərəb sakinləri zorla ərazidən çıxarılaraq etnik təmizləmə aparılıb.

Görünür, səfirlər bunları görmək istəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6159
avatar

Oxşar yazılar