Türk Şurasının sammitindən çıxan nəticələr: Azərbaycan tarix yazmağa davam edir - TƏHLİL
11 aprel 2020 15:52 (UTC +04:00)

Türk Şurasının sammitindən çıxan nəticələr: Azərbaycan tarix yazmağa davam edir - TƏHLİL


Koronavirus pandemiyası dünyanın iqtisadi və siyasi mənzərəsinə ciddi təsir göstərib.

Bir çox beynəlxalq tədbirlər ləğv edilib və yaxud virtual şəkildə həyata keçirilir. Bir çox ölkələr arasındakı münasibətlər pandemiyaya görə ciddi şəkildə dəyişikliyə məruz qalıb. Pandemiya səbəbindən bir çox nüfuzlu təşkilat və birliklərin fəaliyyəti iflic vəziyyətindədir. Buna baxmayaraq, həyat davam edir və nə qədər çətin olsa da, beynəlxalq təşkilatlar öz fəaliyyətlərini davam etdirməyə cəhd göstərir.

Hazırda Azərbaycanın sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) isə bir ilkə imza ataraq digər təşkilatlar üçün örnək ola biləcək toplantı keçirməyə nail oldu. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil etdi. Azərbaycan Prezidenti İlham Əliyev belə bir təşəbbüslə çıxış elədi və aprelin 10-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun da iştirakı ilə belə bir sammit baş tutdu. Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi.

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə təşkilatın dünyada nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır. Bundan başqa, Bakı üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir, münasibətlərin daha da dərinləşməsi məqsədilə real addımlar atır. Azərbaycanın məqsədi dostluq və qardaşlıq təməlləri əsasında qurulan Türk Şurasının daha da güclənməsi, beynəlxalq təşkilatlar arasında layiqli mövqeyini tutmasıdır. Bakı bunun üçün əlindən gələni edir. Siyasi əlaqələrin genişlənməsi ilə yanaşı, iqtisadi və digər sahələrdə də üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Təkcə bir fakta diqqət edək ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən Azərbaycan vasitəsilə 180 min tondan artıq yük daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.

Ümumiyyətlə, bütün dünyada koronavirusla bağlı görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır.

Bu kontekstdə Azərbaycanın həm xəstəliyinin yayılmasının qarşısının alınması, həm də sosial-iqtisadi sahədə atdığı addımlar artıq bütün dünyada nümunəyə çevrilməkdədir.

Dəhşətli epidemiya pandemiya həddinə çatan kimi, Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunub. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılıb.

Azərbaycanın pandemiya ilə bağlı verdiyi çevik qərarlar ÜST tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan həm də pandemiyaya qarşı mübarizədə ilk günlərdən ÜST ilə səmərəli əməkdaşlıq edir. Azərbaycana səfər edən ÜST-ün mütəxəssisləri də ölkəmizdə görülmüş işlərə müsbət qiymət veriblər. Ekspert missiyasının hazırladığı hesabatda əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus məktubunda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib. Bundan başqa, Azərbaycan beynəlxalq səviyyədə koronavorusla mübarizəyə də öz töhfəsini verir. Azərbaycan tərəfindən ÜST-nin strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb, Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə ÜST-yə 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb.

Bundan başqa, Azərbaycan ayrı-ayrı ölkələrə də həm maliyyə yardımı edib, həm də tibbi ləvazimatlarla dəstək verib. Beləliklə, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə dünyada öz fəal rolunu oynayır. ÜST direktoru Türk Şurasının Zirvə görüşündə də Azərbaycanın pandemiyaya qarşı mübarizədə rolunu bir daha yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi.

Pandemiyaya qarşı mübarizə Azərbaycan dövlətinin və ölkənin səhiyyə sisteminin gücünü də ortaya qoydu. Faktlara müraciət edək. Ölkədə 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir edilib. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Azərbaycandan başqa dünyanın heç bir ölkəsində pandemiya qurbanlarına dövlət bu səviyyədə qayğı nümayiş etdirmir.

Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilib. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana koronavirus xəstələrinin müayinə və müalicəsi üçün ayrılıb. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bütün bunlar göstərir ki, Azərbaycan səhiyyəsi ən ağır sınaqdan nəinki uğurla çıxa bilib, eyni zamanda ekstremal vəziyyətdə belə çeviklik göstərməyə, islahat aparmağa qadir olduğunu nümayiş etdirib.

Burada bir nüansa da diqqət yetirək. Xaricdə olan 15 mindən artıq Azərbaycan vətəndaşı dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilərək, ölkəyə gətirilib. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilib.

Ən diqqətçəkən məqam isə odur ki, Bakı koronavirusun yayıldığı ölkələrdən gələn vətəndaşların əvvəlcə hava limanında yoxlanışdan keçməsi üçün bir sistem yaratdı. Gələnlər, sadəcə, orada "saxlanılmadı". Təyyarələr hamısı eyni vaxtda gəlmədi, əksinə infeksiyanın yayılmasının qarşısını almaq üçün təyyarələrin növbəli gəlişi təşkil olundu. Bundan əlavə, gələn vətəndaşların hamısı mütləq müşahidə altına alındı. Bu məqsədlə dörd-beş ulduzlu otellər ayrılıb. Vətəndaşlar bunun üçün heç bir ödəniş etmirlər, bütün xərcləri dövlət öz üzərinə götürüb.

Azərbaycan pandemiyanın qarşısını almaq üçün və virus daşıyıcılarını vaxtında müəyyən etmək üçün bütün addımları atır. İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya  fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. Ölkədə operativ şəkildə tibbi ləvazimatların istehsalı təşkil olunub. Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır. Yeni açılan müəssisədə beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub. İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Burada maraqlı amillərdən bir də odur ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu, həm də dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Prezident Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir.

Diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birlikdir. Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilməsi də milli birliyimizin bir nümunəsidir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, özünün və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik maaşını ianə etdiyi fonda vətəndaşlar, iş adamları, dövlət qulluqçuları, şirkətlər ianələrlə qoşuldular. Belə günlərdə mühüm məsələlərdən biri məhz milli və vətəndaş həmrəyliyinin mövcudluğu, bunu cəmiyyətin bir daha hiss etməsi, hər kəsin Vətən üçün, cəmiyyət üçün əlindən gələni edə bilməklə öz bacarığını və hissini nümayiş etdirməsidir. Bu Fond məhz həmin hisslərin, davranışların, cəmiyyətin bütövlüyünün göstəricisi kimi çox vacib stimul oldu.

Onu da qeyd edək ki, Azərbaycanın Koronovirusla Mübarizəyə Dəstək Fondu yaratması ideyası da artıq geniş təcrübəyə çevrilib. Azərbaycandan sonra Rusiya, Türkiyə və digər ölkələrdə də eyni məzmunlu fondlar yaradıldı. Həmin ölkələrdə də dövlət rəhbərləri, iş adamları, vətəndaşlar eynilə bu fondlara ianələrlə cəmiyyətlərinə mesajlar verdilər.

Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılıb. Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.

Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün artıq birdəfəlik ödəmələrə başlanıb. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi də subsidiyalaşdırılacaq. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir.

Bu çətin dönəmdə əhalinin vəziyyətini nəzərə alan hökumət kommunal ödəmələrə güzəşt edilməsi ilə bağlı da qərar qəbul edib.

Bir sözlə, pandemiya dövründə Azərbaycan ən düzgün strategiyanı seçdi. Artıq bütün Azərbaycan vətəndaşları özlərini daha təhlükəsiz hiss edir. Elə bu səbəbdən də ölkədə təşviş, narahatlıq yoxdur. Dövlət qurumlarına etibar və vətəndaşların yalnız buraxılmayacağına bir inam var.

Azərbaycan pandemiya zərbələrindən ən az itki ilə çıxa biləcək qüdrətdədir. Milli həmrəylik nümayişi və vaxtında verilən çevik qərarlar bəhrəsini verməkdədir...

APA Analitcs

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar