MSK-nın araşdırma aparacağı seçki dairələrinin aqibəti necə olacaq? - TƏHLİL
10 fevral 2020 12:42 (UTC +04:00)

MSK-nın araşdırma aparacağı seçki dairələrinin aqibəti necə olacaq? - TƏHLİL


Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar yeddi seçki dairəsində ciddi araşdırma aparacaq. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki dairələrindən çox ciddi müraciətlər daxil olub.

“Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”, - deyə MSK sədri bildirib.

Qeyd edək ki, yuxarıda qeyd olunan dairələrdən 6-da MSK ilkin nəticələrə əsasən lider namizədi elan edib. 33 saylı Xətai Birinci Seçki Dairəsində YAP-ın namizədi Hüseynbala Mirələmovun lider namizəd olduğu açıqlanıb. H. Mirələmovun əsas rəqibləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı və D-18 Hərəkatının sədri Ruslan İzzətli olub. Həm “exit-poll”un nəticələrinə əsasən, həm də MSK tərəfindən H. Mirələmov lider namizəd elan olunsa da, M. Pənahov çoxlu sayda ciddi müraciətlər daxil olduğundan bu dairədə də araşdırma aparılacağını deyib.

Yuxarıda qeyd olunan dairələr arasında yalnız 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin lider namizədi müəyyənləşməyib. M. Pənahovun sözlərinə görə, bu dairədən də çoxlu sayda ciddi müraciət daxil olub və bu müraciətlər araşdırılacaq. Bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedib. “Exit-poll”un nəticələrinə görə isə Rauf Arifoğlu bu dairədə lider namizəd elan olunub.

Araşdırma aparılacaq dairələr arasında olan 60 saylı Salyan-Neftçala Seçki Dairəsində təşviqat müddətində gedən rəqabət diqqətlə izlənilib. Burada əsas yarış Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Qarabağ qazisi Kamil Musəvi arasında olub.

Həm MSK-nın açıqladığı ilkin nəticələrdə, həm də “exit-poll”un nəticələrində Fəzail Ağamalı lider namizəd elan edilib.

74 saylı Lənkəran Kənd Seçki Dairəsi üzrə MSK-nın açıqladığı ilkin nəticələrdə YAP-ın namizədi Hadi Rəcəbli favorit namizəddir. “Exit-poll”un nəticələrinə əsasən də H. Rəcəblinin lider namizəd olduğu açıqlanıb. Bununla belə, MSK sədri ciddi müraciətlər daxil olduğundan araşdırma aparılacağını deyib.

79 saylı İmişli Seçki Dairəsində isə maraqlı vəziyyət müşahidə olunur. Belə ki, “exit-poll”un nəticələrinə görə bu dairədə bitərəf Razi Nurullayev lider namizəd elan olunub. MSK-nın açıqladığı ilkin nəticələrdə isə bu dairədə digər bitərəf Murad Fərzəliyevin lider namizəd olduğu açıqlanıb.

MSK sədri 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən də ciddi müraciətlərin daxil olduğunu və araşdırma aparılacağını deyib. Bu dairədə Çingiz Qənizadə MSK-nın açıqladığı ilkin nəticələrdə lider namizəddir. “Exit-poll”un nəticələrində də Çingiz Qənizadənin lider namizəd olduğu açıqlanıb. Həmin dairədə əsas mübarizə Çingiz Qənizadə, keçmiş deputat Xanhüseyn Kazımlının qızı, Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova, yazar Kəramət Nəcəfov (Kəramət Böyükçöl) arasında gedib.

Çoxlu sayda müraciətin daxil olduğu sonuncu dairə 81 saylı Beyləqan Seçki Dairəsidir. Həm MSK-nın açıqladığı ilkin nəticələrdə, həm də “exit-poll”un nəticələrində YAP-ın namizədi Şahin İsmayılov lider namizəddir. Lakin MSK sədrinin sözlərindən aydın olur ki, buradan da çoxlu sayda ciddi müraciət var və bu müraciətlərlə bağlı araşdırma aparılmasına zərurət yaranıb.  

MSK sədrinin açıqlamalarından, eləcə də təşviqat müddətində müşahidə olunan proseslərdən belə qənaət hasil olur ki, bu dairələrlə bağlı ciddi araşdırma aparılacaq. Araşdırmalar nəticəsində dairələrdən bəzilərində seçkilərinin nəticələrinin ləğv olunacağı da gözləniləndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032
avatar

Oxşar yazılar