Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin “HARDTalk” proqramına verdiyi müsahibə qabarıq şəkildə bir çox məqamları sübut etdi: Adam heç bir siyasi biliyə sahib deyil, naşıdır, hakimiyyət olimpinə təsadüfən gəlib çıxıb, ölkə başçısı üçün zəruri olan ingilis dilini orta məktəb şagirdi səviyyəsində belə bilmir.
Hə, bir də, jurnalist kimi fəaliyyət təcrübəsinin olmasına baxmayaraq Paşinyan sanki ilk dəfə idi mikrofon qarşısına çıxırdı. Müsahibə götürən Sakurun sualına cavabını “Mən sizin təəssüratla tamamilə razı deyiləm” cümləsi ilə başlaması, onun bu sahədə də diletant olmasından xəbər verir.
İngilis dilində olduqca zəif danışan və hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını gözləməyən N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanınması barədə cəfəng səslənən iddialar səsləndirdi. O, ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə cəhd etdi.
Amma Sakur onun sözünü kəsdi və koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısı aldı. “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualını verdi.
Bu sual N.Paşinyanda isterik reaksiya doğurdu. O, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir “formula” olduğunu sübut etməyə cəhd etdi.
Onun sözünü bir daha kəsən S.Sakur “Lakin əməllər sözlərdən daha çox danışır” ifadəsi işlətməklə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə ittiham etdi, “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır” deməklə N.Paşinyanı çətin vəziyyətə saldı.
S.Sakur daha irəli gedərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini N.Paşinyanın diqqətinə çatdırdı, keçmiş hüquq müdafiəçisi kimi Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsinin vacibliyini qeyd etdi. N.Paşinyan “bütün müharibələrdə insan fəlakətləri olur” deməklə bu ittihamı sanki qəbul etmiş vəziyyətinə düşdü.
Paşinyanın biabırçı müsahibəsini şərh edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata verdiyi açıqlamasında bir sıra maraqlı məqamlara toxunub. Pezidentin köməkçisi bildirib ki, Qərb jurnalistikasında belə bir deyim var - yanlış sual yoxdur, yanlış cavab var. Sitat: “Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı suallar var idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya “Hə” cavabı var, ya “Yox” cavabı var".
H.Hacıyev qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var: “Ümumilikdə, müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsinin Münhen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq”.
Elə ermənilərin özləri də Paşinyanın bədnam müsahibəsindən pərt olublar. “Trend”in məlumatına görə, “Erməni Milli Konqresi"”nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-nin HARD Talk proqramına verdiyi müsahibəni tənqid edib.
Trend-in məlumatına görə, bu barədə L. Zurabyan öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, müsahibədən aldığı təəssürat çox ağır olub:
“Paşinyanın müsahibəsini izlədim. Təəssüratım çox ağır idi. Uğursuz müsahibənin bir neçə səbəbi var - İngilis dilinin qeyri-kafi səviyyəsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımları".
Onun sözlərinə görə, ən üzücü məqam odur ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil.
Konqres üzvü Ermənistan xarici işlər nazirinin bir neçə ay əvvəl eyni proqram çərçivəsində etdiyi çıxışını da xatırladaraq bildirib: “Nə Zohrab Mnatsakanyan, nə də Paşinyan Qarabağ münaqişəsinin mahiyyətini təqdim etmək fürsətindən istifadə edə bilmədilər”.
İndi erməni cəmiyyətində tamam fərqli vəziyyət hökm sürür. Doğrudanmı biu adam bizə rəhbərlik edir? Bu məqam isə Paşinyanın reytinqi üçün növbəti zərbə sayıla bilər.