Dünən AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin iclası keçirilib. İclasda “Dağlıq Qarabağdakı vəziyyətlə” bağlı bəyanatın qəbul edilməsi nəzərdə tutulurdu və bu bəyanat Azərbaycan xalqının maraqlarına zidd idi.
İclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov APA-ya açıqlamasında bildirib ki, qəbul edilməsi nəzərdə tutulan bəyanatda 4 vacib problem var idi.
Onun sözlərinə görə, birincisi, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi kimi göstərilmirdi:
“Sadəcə Dağlıq Qarabağ regionu kimi qeyd edilirdi. Bunun həm hüquqi, həm də siyasi baxımından səhv olduğunu və beynəlxalq hüquqa, o cümlədən AŞPA-nın qətnamələrinə zidd olduğunu bildirdik.
İkinicisi, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi qeyd edilsə də, BMT Təhlükəsizlik Şurasının qətnamələri göstərilmirdi. Biz isə bildirdik ki, sülh yolu ilə həll yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində əldə edilə bilər. Üçüncüsü, hazırkı vəziyyətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı münaqişədə 3-cü tərəflərin iştirak etməməsinə çağırış edilirdi. Lakin təkcə Türkiyənin adı xüsusilə qeyd edilirdi.
Bununla bağlı qeyd edildi ki, Türkiyə bizim qardaş ölkədir, dəstəyi də yalnız mənəvi dəstəkdir. Dağlıq Qarabağda 3-cü tərəflərin iştirakı ilə bağlı iddiaları ilk dəfə Fransa Prezidenti Makron səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev Makrondan sübutları təqdim etməsini, bütün dünya ilə paylaşmasını istəyib. Lakin Makrondan hələ də xəbər yoxdur. İclasda iştirak edən Erkin Qədirli isə arqumentləri səsləndirib”.
K. Cəfərov nəzərə çatdırıb ki, bəyanatda beynəlxalq monitorinq missiyasının yaradılması təklif edilirdi:
“Bu, ən vacib problem idi. Monitorinq missiyasının məqsədi isə Dağlıq Qarabağda insan hüquqlarının pozulması ilə bağlı məlumatların toplanmasıdır. Burada məqsəd, ermənipərəst ekspertlərin beynəlxalq missiyanın tərkibinə daxil edilməsi və əldə edilmiş məlumatları “müstəqil” mənbə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməkdir. Bununla bağlı Gəncədə baş vermiş müharibə cinayəti ilə bağlı məlumat verdik, qeyd etdik ki, Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir və münaqişə zonasından çox uzaqdır. İndi sizin düşüncə ilə Gəncə də Dağlıq Qarabağdır? Elə deyilsə, Xankəndində insanların hüquqları nə üçün Gəncədə öldürülmüş insanların hüquqlarından fərqli və ya üstündür?
Eyni zamanda yeni bir monitorinq missiyasının yaradılmasının əleyhinə olduğumuzu da bildirdik. Çünki indiyə kimi çox monitorinq missiyası yaradılıb və bir nəticəsi yoxdur. Bu günə qədər 1 milyona yaxın azərbaycanlının hüquqları ilə maraqlanmayan Avropa Şurası tərəfindən yeni bir mexanizmin yaradılmasını düzgün hesab etmirik. Düşünürük ki, bu ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı qarşıqlıq yarada bilər. Belə bir missiya, keçmişdə olduğu kimi yalnız ATƏT çərçivəsində həyata keçirilə bilər”.
Deputat bildirib ki, geniş müzakirələr və fərqli fikirlərin yekununda bəyanat qəbul edilmədi:
“Ermənilər cəbhədə olduğu kimi, beynəlxalq təşkilatlarda da bu cür təxribatlara əl atırlar. Bütün cəbhələrdə isə cavabımız birdir. Qarabağ Azərbaycandır!”.