“ATƏT-in Bakı Ofisi kütləvi aksiyalar üçün yerlərlə bağlı məsələni gündəmdə saxlayacaq” – MÜSAHİBƏ
09 sentyabr 2011 11:47 (UTC +04:00)

“ATƏT-in Bakı Ofisi kütləvi aksiyalar üçün yerlərlə bağlı məsələni gündəmdə saxlayacaq” – MÜSAHİBƏ

- ATƏT-in Bakı Ofisinin Azərbaycanda hal-hazırkı prioritetləri və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- ATƏT-in Bakı Ofisinin mandatına uyğun olaraq, biz Azərbaycan hökuməti, Milli Məclis, vətəndaş cəmiyyəti və sizin də təmsil etdiyiniz kütləvi informasiya vasitələri ilə əməkdaşlığı davam edir və Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə yönəlmiş səyləri dəstəkləyirik. Əsas fəaliyyət istiqamətlərinə gəlincə, söz və mətbuat azadlığı, toplaşma və birləşmə kimi fundamental azadlıqların təşviqi, məhkəmə və hüquq sahəsində islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyi, polis işinin təkmilləşdirilməsi, insan alverinə qarşı mübarizə, mütərəqqi idarəçiliyin təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də ətraf mühitin qorunmasını qeyd edə bilərəm.

- ATƏT-in Bakı ofisi Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Cari il üçün müvafiq layihələr hansı sahələri əhatə edir və Bakı ofisinin illik büdcəsi nə qədərdir?

- ATƏT-in Bakı Ofisi illik büdcəsini ATƏT-in hər üç ölçüsündə (hərbi-siyasi, iqtisadiyyat-ətraf mühit və insan) layihələrin hazırlanması və həyata keçirilməsinə sərf edir. Əslində birinci sualınıza cavab verərkən, bəzi layihələrimizin adını çəkdim. Onlarla yanaşı, məhkəmələrin monitorinqini davam etməyimizi qeyd etmək istərdim. 2010-cu ildə məhkəmələrdə apardığımız monitorinqin nəticələrinə həsr olunmuş hesabat hazırlanmaqdadır. Bundan başqa, Ofisimiz həbsxanalar və müvəqqəti saxlanma yerlərində də monitorinq aparır. Hakim və vəkillər, QHT-lər, jurnalistlər və sahibkarlar üçün müxtəlif təlim kursları təşkil olunur. Yeni qəbul olunmuş Məişət Zorakılığının Qarşısının Alınması haqqında Qanunun icrası ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətlərimiz var. Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramı çərçivəsində ekologiyanın qorunmasına dair bir sıra layihələr dəstəklənib. Ofisimiz həmçinin insan alverinə qarşı işlərdə ölkənin müvafiq strukturları və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də bəzi layihələr həyata keçirib. Bir sözlə, layihələrimiz çoxdur və növbəti ildə də ATƏT-in Bakı Ofisi çeşidli fəaliyyətlərini davam etdirəcək.


- Ötən illər ərzində ATƏT-in Bakı Ofisi Azərbaycanda hökumət-müxalifət dialoqunun təşəbbüskarı qismində çıxış edib. Bundan belə bu təşəbbüslərin davamı və gündəliyi nə olacaq?

- Dialoq ATƏT-in genetik kodudur. Əgər təşkilatın tarixinə baxsaq görərik ki, ATƏT məhz şərqlə qərb blokları arasında siyasi dialoqun qurulması üçün yaradılmışdı. Bu baxımdan hesab edirik ki, tərəflər arasında istənilən problemin və fikir ayrılığının çözümü məhz dialoqdan keçməlidir. Sizin də qeyd etdiyiniz kimi, ATƏT-in Bakı Ofisi parlament seçkiləri öncəsi siyasi partiyaların iştirakı ilə bir sıra dəyirmi masa təşkil etmişdi. Biz gələcəkdə də bu cür təşəbbüslərlə çıxış etmək niyyətindəyik.


- Sərbəst toplaşmaq azadlığın təmin olunması, kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı ATƏT-in Bakı Ofisi və Bakı Şəhər İcra Hakimiyyəti arasında danışılar olmuşdu. Ofisin yeni rəhbəri olaraq bu təşəbbüsləri davam etdirmək niyyətiniz varmı?

- Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılmır. Amma məsələnin əhəmiyyətini nəzərə alaraq, ATƏT-in Bakı Ofisi kütləvi aksiyalar üçün hər kəsi məmnun edəcək yerlərin ayrılmasını daim gündəmdə saxlamağa çalışacaq.


- Cari il ərzində ATƏT-in Bakı ofisi ölkədə məişət zorakılığı, fundamental hüquqlara dair təlim, açıq polis günü və digər tədbirlər keçirib. Ofisin rəhbəri olaraq bu kimi tədbirlərin faydalılıq əmsalını neçə qiymətləndirirsiniz?

- Biz, qeyd etdiyiniz tədbirlərin faydalı olduğunu hesab edirik. Həyata keçirilən hər tədbir və ya layihədən sonra nəzərəçarpacaq nəticələri gözləmək sadəlövhlük olardı. Bilirik ki, demokratikləşmə uzun bir prosesdir və bu, zaman, iradə və, ən önəmlisi, davamlı səy tələb edir. Bu baxımdan, biz də öz səylərimizi davam etdirəcəyik və Azərbaycanda islahatların gerçəkləşməsinə öz tövhəmizi verməyə çalışacağıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar