Təslim dövrünün baş nazirinin məhbəsdə bitən ömrü - ARAŞDIRMA  - FOTO
23 may 2011 10:33 (UTC +04:00)

Təslim dövrünün baş nazirinin məhbəsdə bitən ömrü - ARAŞDIRMA - FOTO

Onların demək olar ki, hamısının taleyi oxşardır: Cümhuriyyət süquta uğrayandan sonra həyat heç birinin üzünə gülmədi. Kimi qatil gülləsiylə öldürüldü, kimi gedər-gəlməzə göndərildi, kimi də cəlayi-vətən olub ömrünü Azərbaycandan uzaqlarda başa vurdu. Budəfəki qəhrəmanımız bir qədər fərqli ömür yaşasa da, sonunda yenə digər qurucuların aqibətlərini bölüşməli olub. Onun həyatı və fəaliyyəti ilə tanış olduqca, hərdən düşünürdüm ki, gərək o, heç siyasətlə məşğul olmayaydı. Ancaq sonra görürsən ki, əslində bu adamların taleləri özlərindən çox, yaşadıqları dövrün siyasi şərtlərinin diktəsindən asılı olub. Həyat onunla da eynən belə davranıb. Cümhuriyyət qurucularından Məmmədhəsən Cəfərqulu oğlu Hacınskinin ömür yolundan bəhs edəcəyik…

İnqilabaqədərki Bakının qurucusu

1875-ci il mart ayının 3-də anadan olan Məmmədhəsən Hacınski əslən bakılıdır. Əvvəlcə o dövrün ziyalılarının əksəriyyətinin təhsil aldığı Bakı Realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu mühəndislik ixtisası üzrə bitirib. Məmmədhəsən bəy bir neçə ay Moskvada məşhur milyonçu və xeyriyyəçi Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisiylə məşğul olub, sonra Bakıya qayıdıb və burada şəhər upravasının (bələdiyyəsinin) tikinti şöbəsinə rəis təyin edilib. Uzun illər Bakının bəzəyi olmuş, elə indinin özündə də paytaxtın ən sevimli məkanlarından sayılan Bakı bulvarının sahilə torpaq tökülməklə genişləndirilməsi və tikintisi məhz Hacınskinin rəhbərliyi ilə başa çatdırılıb. İki il ərzində bura kənardan münbit torpaq, Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta Avropadan müxtəlif nadir bitki nümunələri gətirilib.
Gənc memar həm də 1912-ci ildə Bakı küçələrinin abadlaşdırılması ilə bağlı layihələrin müəllifi və rəhbəri olub. İndiki Filarmoniyanın yay səhnəsinin tikintisi də onun şəhərin baş memarı olduğu dövrə təsadüf edir. Hacınski həm də alman memar fon der Nonnla birgə Bakının Baş planının tərtibatı üzərində işləyib. Onun təklif elədiyi variant həmin dövrə qədər heç vaxt Bakıda tətbiq olunmamışdı. Layihəyə görə, Bakının küçələri Parisin «Ulduz» meydanından olduğu kimi bir meydandan şüalar şəklində çəkilməliydi. «Yelpik» adlı bu layihədə şəhərdə iri bağçalar və nəhəng meydanlar nəzərdə tutulmuşdu. Ümumiyyətlə, bir mühüm məqamı qeyd eləyək ki, illər sonra Bakının Baş planı yenidən işlənəndə Hacınskinin və fon der Nonnun layihəsi əsas götürülüb. Bir müddət, bizim təbirimizlə desək, Bakının meri də işləmiş Məmmədhəsən Hacınski şəhərdəki tarixi abidələrin qorunması istiqamətində böyük işlər görüb, onun təklifi ilə Zivər bəy Əhmədbəyov Şirvanşahlar sarayının bərpası ilə bağlı elmi-tədqiqat işinə başlayıb.

Sosialist və müsavatçı Hacınski

Məmmədhəsən bəy aktiv siyasi fəaliyyətə gizli yaradılmış Müsəlman Demokratik Müsavat Cəmiyyətində başlayıb. 1904-cü ilin sonlarında bu cəmiyyət əsasında Rusiya Sosial Demokratik Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində Müsəlman sosial-demokrat «Hümmət» təşkilatı yaradılır. Bu qurumun üç qurucusu vardı: Məhəmməd Əmin Rəsulzadə, Mir Həsən Mövsümov və Məmmədhəsən Hacınski. Yeri gəlmişkən, xatırladaq ki, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Sultan Məcid Əfəndiyev də bu təşkilatın üzvləriydilər. Rusiyada fevral inqilabından sonra Məmmədhəsən bəy açıq fəaliyyətə keçən Müsavat Partiyasına üzv olur və 1917-ci ildə Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə sədr təyin olunur. Hacınski Qafqaz müsəlmanlarının Bakı, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında iştirak etmiş, Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdi. O, 1917-ci ilin noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini, seymin üzvü, 1918-ci ilin aprelin 22-də yaranmış Zaqafqaziya Federativ Respublikası hökumətində ticarət və sənaye naziri vəzifələrini icra edib. Məmmədhəsən bəy 1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub, Azərbaycanın İstiqlal bəyannaməsinin altında onun da imzası var. Azərbaycan Demokratik Respublikası elan olunanda Hacınski Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumətdə Xarici İşlər Naziri vəzifəsini tutur. 1918-ci ilin iyun ayında İstanbul beynəlxalq konfransında M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti danışıqlar aparırdı və bütün təfərrüatlar barədə məhz Hacınskiyə məlumat verilirdi. Məsələn, M.Ə.Rəsulzadənin 1918-ci il avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici işlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfoimia ilə görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadə”.
Bu məlumatdan da görünür ki, Hacınski Müsavat hökumətində xüsusi çəkiyə malik idi və nazir kimi bir sıra mühüm məsələlər birbaşa onun səlahiyyətləri çərçivəsindəydi. Hacınski beşinci – sonuncu kabinetdə daxili işlər naziri təyin olunmuş, 1920-ci ilin fevralına qədər bu vəzifədə işləmişdi.

Bolşeviklərin adamı – Hacınski

Qəhrəmanımızın Cümhuriyyət üçün ağır olan bir dövrdə – aprel çevrilişi ərəfəsində sərgilədiyi mövqe sonradan onun barəsində «bolşeviklərin adamı», «sosialistyönümlü siyasətçi» kimi fikirlərin söylənməsinə gətirib çıxardı. Ancaq bu məsələdə bir qədər mübaliğəyə yol verildiyi qənaətindəyəm. Birincisi, o, müsavat məfkurəsinə sosialistlikdən gəlmişdi və yenidən əvvəlki fikirlərinə qayıtması qayət normal bir hal idi. İkincisi, Cümhuriyyət dövrü parlamentinin iclaslarının protokollarından da görünür ki, Hacınski həmişə hökumətin iqtisadi sahədəki fəaliyyətini tənqid edib, eynən Məlik-Yeqanov kimi fəhlə-kəndlilərin güzəranının dözülməzliyindən danışıb. Bu baxımdan, onun son ümid kimi bolşeviklərə üz tutmasını anlamaq lazımdır. Prinsip etibarilə parlamentdə çoxluğa malik olan Müsavat yetkililəri də Hacınskidən qeyri kimsənin yaranmış durumdan çıxış yolunu bula bilməyəcəyini başa düşdüklərindən, Xan Xoyskinin istefasından sonra yeni kabineti qurmağı ona tapşırmış, həmçinin bolşeviklərlə danışığa göndərilən nümayəndə heyətinə məhz onu sədr seçmişdilər.
Beləliklə, 1920-ci il aprelin 1-də Azərbaycan Respublikasının yeni hökumət kabinetini təşkil etmək Hacınskiyə tapşırılır. Bu məqsədlə, o, Azərbaycan parlamentinə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə, həmçinin bolşeviklərlə də danışıqlar aparır. Hacınski bolşevikləri də yeni hökumət kabinəsinin tərkibinə daxil etmək fikrindəydi. Həmin dövrdə vəziyyətin necə olduğunu yəqin ki, onun özündən dəqiq kimsə təsvir eləyə bilməz. Bunun üçün 1992-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin arxivindən mərhum akademik Ziya Bünyadov tərəfindən aşkarlanmış və ictimaiyyətə təqdim olunmuş «Azərbaycan parlamentinin son saatları» adlı bir məqaləyə müraciət eləməliyik. Bu sənəd 1920-ci ilin həmin aprel günündə Azərbaycan parlamentindəki çıxışların naməlum bir adam tərəfindən sadə qara karandaşla yazılmış protokoludur. Azərbaycanda baş verən və yaxın gələcəkdə baş verəcək hadisələrdə Hacınskinin rolunun nə qədər böyük olduğu bu protokoldan açıq-aydın görünür. Yalnız iki faktı qeyd eləmək, zənnimcə, yetərlidir: birincisi, bu gərgin gündə ən böyük çıxışı Hacınski edir, ikincisi, bir çoxları çıxışlarında məhz ona istinad edirlər. Protokoldan oxuyuruq: «Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındı. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verdi.
M.H. Hacınski:

- Cənablar, vəziyyət hamıya məlumdur və bu barədə danışmaq istəmirəm. Bir komissiya təşkil olunmuşdur və mən onun sədriyəm (Söhbət bolşeviklərlə danışıq aparmaq üçün parlamentin təşkil elədiyi komissiyadan gedir – İ.Tumas). Arxadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan “Azərbaycan kommunist” fiqrəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram (rusca oxuyur).
Tərcümə etmək lazımdır, müxtəsər tərcümə edirəm. Mərkəzi Azərbaycan Kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl ordu əsla Bakıya gəlməyəcək və Qızıl ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamısı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: - əgər bu gecə məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən, hökumət üzvlərinə heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaq. Sonra gələn Qızıl ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunarsa, gələcəkdə məsuliyyət parlament üzvlərinin üzərinə düşəcək. Onların təklifi onlarla birlikdə müzakirədən sonra, komissiya tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyilik və bizim də məqsədimiz budur. O ki qaldı dedikləri sözlərin doğru olub-olmamasına, bunu onların görəcəyi iş göstərər və bunun məsuliyyəti də həmin təklifi verən firqənin üzərinə düşür. Əgər bu gün onlar millətimizin və kəndlilərimizin lazım olduğu qədər hazır olmadıqlarından dolayı, müşkül bir müdafiə vəziyyətində qalarlarsa, biz öz məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq.
Zənn edirəm ki, başqa firqələr və millətin müqəddəratını bizlə bərabər həll etməlidirlər və bunu onlar da inkar etməzlər. Boynumuza almalıyıq ki, bir gün sərhədə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə ictimaiyyətin fikrilə razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və azərbaycanlı kəndlilərin razılığı olmasa, heç kəs Azərbaycana soxula bilməz.
Cənablar, bu firqə münaqişələri sonu görünməyən mübahisələrə çevrilib. Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq olar və onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik. Bu fikrə qarşı Cümhuriyyət daxilində zidd çıxan olmaz. Əslində Türkiyəyə və Zəngəzura kömək etmək istəyənlər ictimaiyyət arasında elə bir fikir yaratmalıdırlar ki, bu qüvvələr Azərbaycana yalnız onun ərazisindən keçib Türkiyəyə getmək üçün daxil olurlar. Fəqət, millətin müqəddəratını bir firqəyə, hətta təzyiq altında belə vermək olmaz. Zira heç kəs, o cümlədən kommunist firqəsi də əmin ola bilər ki, parlament vasitəsilə, yaxud başqa bir mütəşəkkil vasitə ilə öz fikirlərini deyə bilər və qəbuluna da nail ola bilərlər. Əgər bu həyata keçirilərsə, Azərbaycan özünü azad hesab edə bilər”.


Barəsində söhbət açılan danışıqlar haqdasa 1930-cu ildə 28 aprelin 10-cu ildönümü münasibətilə “Kommunist” qəzetində Həmid Sultanovun müəllifliyi ilə çıxan məqalədən oxuyuruq. Gəncə üsyanının amansızcasına yatırılmasında iştirak eləyən və qanlı repressiyalara rəvac verənlərdən biri, sonradan özü də bolşeviklərin qurbanı olan Həmid Sultanov yazır: “Qısa müzakirədən sonra Məmməd Həsən Hacınskinin sədarəti altında M.Ə.Rəsulzadə, doktor Qarabəyov, Qardaşov, İbrahim Əbilov və Ağamalıoğlundan ibarət bir komisyon təşkil olundu və danışıq aparmaq üçün onlara artıq ixtiyar verildi. AK(b) firqəsi Mərkəzi Komitəsi tərəfindən danışıq aparmaq üçün mən vəkil edilmişdim. Komisyon Behbud bəy Cavanşirskinin evində toplandı. Mən Yusif Məlikov, Bağı Cəfər və doktor Kazımovla oraya getdim. Hamı əyləşmiş idi. Mən daxil olanda M.Ə.Rəsulzadədən başqa hamı ayağa qalxdı. Nə istədiklərini soruşdum və 15 dəqiqədən artıq vaxtım olmadığını bildirərək təcili surətdə məsələnin həllini tələb etdim. Nə qədər vaxtın artırılmasını xahiş etsələr də, mən öz sözümdə möhkəm dayandım.
Komisyon Xanın nahar otağına getdi. 13 dəqiqədən sonra nəticə tələb etdim. Komisyon daha bir neçə dəqiqə vaxt istədi və 5-6 dəqiqədən sonra çıxaraq parlamana xəbər vermək üçün vaxt istədilər. İki saat vaxt verdim. Xəlvətcə ştaba qayıtdım. Axşam saat 6-da Məmməd Yusif Cəfərov örtülü avtomobildə məni axtararaq tapdı və parlamanın qərarını mənə verdi. Qərara parlamanın möhürü qoyulmuş və doktor Ağayevlə katib Hacinski (deyəsən, Mehdi bəy) tərəfindən imzalanmış idi. Parlaman təxminən gecə saat 11-12-də dağıldı”.

Beləliklə, bolşeviklərdən rədd cavabı alan Hacınski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edən Məmməd Yusif Cəfərova yeni hökumət kabinəsi yaratmağın mümkün olmadığını bildirir. O, həmçinin Müsavatdan çıxdığını və həmin andan rəsmi surətdə bolşeviklər partiyasına daxil olduğunu bəyan edir.

Tiflis həbsxanasında qətl?

Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışır. Ancaq onu 37-nin qanlı repressiyasına qədər də yaşamağa imkan verilmir. Hacınski o dövrdə Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi olan Lavrenti Beriyanın göstərişi ilə həbs edilir. Onun son günləri, həmçinin ölümü barədə məlumatlar olduqca kasaddır. Bəndəniz bu barədə bir qədər geniş məlumatı Azərbaycan gənclərinin Londonda təsis elədikləri «Odlar yurdu» diaspora cəmiyyətinin eyniadlı qəzetindən «Elcan» imzası ilə məqaləsi dərc edilmiş soydaşımızın yazısından tapa bildi. Elcan yazır ki, 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilən Hacınski ağır işgəncələrə məruz qalıb. İki il sonra Hacınski ürək xəstəliyinə tutulur, ölümünə yaxın isə onda vərəm əlamətləri aşkar edilib. Onun ölüm səbəbi mənbələrə “intihar” olaraq düşüb. Belə ki, Hacınskinin “kamera yoldaşı” olan casusla söhbətlərinə əsasən Beriya 1930-cu il 6 dekabr tarixdə cinayət işinə yazdığı dərkənarda onu xarakterizə edib və “həyəcanlı və zəif inkişaf etmiş adam” adlandırıb. Hacınski 1931-ci il fevralın 9-da Tiflisdə səhər saatlarında DSİ-nin 26 №-li kamerasında 56 yaşında “özünü asaraq” öldürüb.
«Repressiya olunmuş bakılıların anım kitabında» isə Hacınski ilə bağlı yazılıb:
«М.Д.Гаджинский 1875 - 1931. Инженер, член правительства АДР. Возлавлял Исполнительный комитет партии “Мусават”. Арестован в 1930г. Зверски убит в Тифлисской тюрьме 8.03.1931г».

Son əvəzi


Həqiqətən, böyük və şanlı bir tarixdir. Və bu tarixi barəsində indiyədək yazdığımız, bundan sonra da yazacağımız böyük insanlar yaradıblar. Məmmədhəsən Hacınskinin adını qətiyyətlə bu böyük tarixi yaradanların sırasına yazmaq olar. O, həyatı boyu qurdu, yaratdı, Azərbaycanın xoşbəxtliyi və gələcəyi üçün çalışdı. Onun əsasını qoyduğu bir çox işlər indi də əhəmiyyətini qoruyub saxlayıb və neçə-neçə illər qoruyub saxlayacaq. Memar Hacınskinin bu gün Bakıda izləri var; diplomat Hacınski Paris Sülh Konfransında Topçubaşovla birgə çalışıb; siyasətçi Hacınski ən çətin günlərdə Azərbaycan bolşevikləri ilə də səy göstərib, həmrəyliyə nail olmağın yollarını arayıb və sair və ilaxır. Nazir Hacınskinin isə bütün fəaliyyətini bir kənara qoysaq, onun elə bircə 1918-ci ilin mart hadisələri ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası yaratmasını, bu hadisələrlə bağlı 126 cinayət işi açılmasına nail olduğunu nəzərə alsaq, onun həm də nə qədər vətənpərvər, millətini və dövlətini sevən biri olduğuna şəkki-şübhə qalmaz…

ilham_tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1775

Oxşar yazılar