Ermənilər işğal etdikləri Ağdamda “Tiqranakert” muzeyi yaradıblar
12 may 2011 13:01 (UTC +04:00)

Ermənilər işğal etdikləri Ağdamda “Tiqranakert” muzeyi yaradıblar

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, ermənilər Ağdam rayonunun Şahbulaq yaylağında Şahbulaq saray kompleksi adlı abidənin ətrafında 2005-ci ildən etibarən arxeoloji qazıntılar adı altında 10 hektarlarla torpaq sahəsini korlayaraq Tiqranakert adlı əfsanəvi bir şəhərin izlərini axtarırlar.

Onlar Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, Amerika və Fransadan da əməkdaşlar cəlb edərək, bu qazıntı işlərini beynəlmiləlləşdirərək ona hüquqi don geyindirməyə çalışırlar. Ermənilər xarici turistlərin diqqətini bura çəkmək məqsədi ilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray kompleksini təmir edərək Kompleksin içərisində “Tiqranakert” adlı tarix muzeyinin yaradıldığını təntənəli şəkildə elan edib, bu barədə xəbərləri xarici internet şəbəkələrində yerləşdiriblər. Eyni zamanda Ağdam ərazisində apardıqları bu qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı Mədəniyyətinə aid məşhur kurqanları (torpaq qəbirləri) dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparıblar. O cümlədən buradakı toponim və yer adlarını dəyişdirərək Şahbulaq saray kompleksinin adını Surenavan, ətraf əraziləri isə Tiqranakert adlandırmağa başlayıblar.

Faiq İsmayılov bildirib ki, Şahbulaq saray kompleksi və onun ətraf ərazilərindəki qazıntı işlərini həyata keçirən böyük bir cinayətkar qrup fəaliyyət göstərir. Bu qrupun rəhbəri İrəvan Dövlət Universitetinin kulturologiya kafedrasının müdiri tarix elmləri doktoru Hamlet Petrosyandır. Hamlet Petrosyan 1992 – 2011-ci illər ərzində İşğal olunmuş Azərbaycan ərazilərindəki bütün qazıntılara və dağıntılara görə məsuliyyət daşıyır. Çünki 2004-cü ildən işğal olunmuş Azərbaycan ərazilərində aparılan bütün arxeoloji qazıntılara məhz o rəhbərlik edir.

Qrupun digər üzvləri Ermənistanın Milli Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Aqvani Jamkoçyan, Joreza Xaçaturyan, Asmik Marqaryan, Ayka Akopyan, Vardqesa Safaryan, İrəvan Dövlət Universitetinin labarantı Lyuba Kirkosyan, Ermənistan Tarix Muzeyinin şöbə müdiri Ruben Vardanyan və digərlərindən ibarətdir. Qazıntı işlərinə Ermənistanın “Erkir” İctimai Təşkilatlar Birliyi maliyyə dəstəyi verir.

Qeyd edək ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi öz şəxsi təşəbbüsü kimi irəli sürmüşdür”. Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək bundan bir az sonra Bayat qalasını, daha sonra isə Şuşa qalasını inşa etdirərək sonuncunu xanlığın mərkəzinə çevirib.

Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri, böyük sərkərdə, Azərbaycanın milli liderlərindən biri olan Qarabağlı Pənahəli xan vəfat etdikdən sonra, məhz bu kompleksin ətrafındakı İmarət-Qərvənd kəndində dəfn edildiyi güman edilir. Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunub. Saray kompleksinin tikintisi cəmi iki ilə, yəni 1750-1752-ci illərdə başa çatıb. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşib. Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr olub. Şahbulaq Qıfıl sarayının şimal qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və külafirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilib. Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu, Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Yerli əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Şahbulaq saray kompleksini işğal olunmuş ərazilərimizdəki digər abidələrimizin qorunmasını və mühafizəsini təmin etmək üçün aşağıdakı hüquqi sənədlər və digər qanunverici aktlar öz qüvvəsini saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar