Gürcüstan səfiri: “Biz bir-birimizi dəstəkləyirik” - MÜSAHİBƏ
12 may 2011 10:33 (UTC +04:00)

Gürcüstan səfiri: “Biz bir-birimizi dəstəkləyirik” - MÜSAHİBƏ

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin APA-ya müsahibəsi


- Cənab səfir, hazırkı mərhələdə Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun səviyyəsini, habelə iqtisadi-ticarət münasibətlərini neçə dəyərləndirirsiniz?

- Öncə qeyd olunmalıdır ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Bizim münasibətlər kifayət qədər yüksək səviyyədədir və daim siyasi dialoq və iqtisadi əlaqələr sahəsində müsbət inkişaf dinamikası müşahidə edilir. Məsələn, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 500 milyon dolları aşıb. Bu, çox yaxşı göstəricidir. İqtisadi-ticari əlaqələrimiz, xüsusən enerji, inşaat, turizm, infrastruktur və digər sahələrdə, kifayət qədər intensiv inkişaf edir. Sərmayələrin həcmi artır. Bir sözlə, potensialımız məhdud deyil və qarşıdan gələn illər ərzində əmtəə dövriyyəsinin daha da artmasını gözləyirik.


- Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin inşaatında vəziyyət nə yerdədir?

- Məlum olduğu kimi, bu layihə yüksək siyasi səviyyədə dəstəklənir və iqtisadi-ticarət sahəsində Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə bağlayacaq. Bəzən səslənən iddialara rəğmən bu layihənin icrası bir gün belə dayanmayıb. Bəlli olduğu kimi, dəmir yolu xəttinin tikintisi hələ ötən il başlayıb və indiyə kimi davam edir. Layihənin maliyyələşməsi qaydasındadır. Layihənin Gürcüstan hissəsində artıq hətta vağzal binasının tikintisi gedir. Bütün bunlar layihənin gələn il başa çatacağına dəlalət edə bilər. İlkin hesablamalara görə, 2012-ci ilin sonuna yaxın Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsinin tikintisi yekunlaşacaq.


- Son illər Gürcüstan iqtisadiyyatında Azərbaycan sərmayəsinin artımı nəzərə çarpır. Bu sərmayələr hansı sahələrə yatırılır və gələcəkdə sərmayələrin təşviqi üzrə bir plan varmı?

- Burada ilk növbədə enerji sektorunu qeyd etmək yerinə düşərdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan iqtisadiyyatına 500 milyon dollara qədər sərmayə yatırıb. Bu, kifayət qədər ciddi sərmayədir və hal-hazırda Azərbaycan sərmayələrinin artımı müşahidə edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kulevidə müasir bir terminal inşa edib. Bundan savayı, şirkət təchizatçı və paylayıcı olmaqla gürcü kəndlərinin qazlaşdırılmasını həyata keçirir. Bu, kifayət qədər ciddi və mürəkkəb işdir. Bu gün Azərbaycandan olan şirkətlər Gürcüstanın tikinti, infrastruktur və yüngül sənayesinə vəsait qoyurlar. Məsələn, Azərbaycanın “Embawood” şirkəti Gürcüstanda mebel fabriki tikib və öz biznesini genişləndirir. Eyni şeyi bank sistemi barədə də demək olar. Tiflisdə Azərbaycan Beynəlxalq Bankının filialı fəaliyyət göstərir və bank maliyyə əməliyyatları aparır. Bir sözlə, sərmayələrin artımı həm dövlət, həm də özəl xətlə müşahidə edilir.

- Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə müştərək komissiyanın növbəti iclasının vaxtı bəllidirmi?

- Məlum olduğu kimi, müştərək komissiyaya həmsədrlik əsasında Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri rəhbərlik edir. Hazırda bu istiqamətdə ekspertlər işləyir. Onlar məsləhətləşmələrini başa vuranda XİN səviyyəsində görüş keçiriləcək. Bildiyim qədər, dövlət sərhədinin az bir qismi çözülməmiş qalır. Amma ortaq məxrəcə gəlmək mümkün olur.


- Bir qədər öncə mətbuat səhifələrində iddia olunurdu ki, tərəflər arasında ərazi mübadiləsinin mümkünlüyü götür-qoy edilir.

- Mətbuat çox şeyi yazır. Amma fakt odur ki, indi ekspertlər işləyir. Bu iş davam etdiyi müddətdə təfsilatlara varmaq düzgün olmazdı. Ekspertlər öz rəylərini və sərhəd xəttinin haradan və neçə keçəcəyinə dair razılaşdırılmış bir variant təqdim etməlidirlər. İndi bircə onu deyə bilərəm ki, sərhəd delimitasiyasının 2/3-si razılaşdırılıb. Qalır 1/3.

- Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan hərbi təcavüzə məruz qalmış ölkələrdir. Neçə düşünürsünüz, ölkələrimiz separatçılıqla mübarizədə bir-birini dəstəkləməlidirmi?

- Biz bir-birimizi dəstəkləyirik. Biz Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bütün səviyyələrdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi müdafiə edirik. Beynəlxalq hüquq bizim tərəfimizdədir.

- Bir müddət öncə xarici mətbuat tərəfindən Amerikanın guya Gürcüstanın əli ilə Azərbaycanda dövlət çevrilişi hazırladığı iddiası ortaya atılmışdı. Bəzi rəsmilər bu iddiaları rədd etdilər. Siz bu barədə nə düşünürsünüz?

- Bu, şərhə layiq olmayan bir cəfəngiyatdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar