Prezident Kitabxanasının “Azərbaycanlıların soyqırımı və deportasiyası” adlı elektron resursu yenilənib
31 mart 2011 15:27 (UTC +04:00)

Prezident Kitabxanasının “Azərbaycanlıların soyqırımı və deportasiyası” adlı elektron resursu yenilənib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Azərbaycanlıların soyqırımı və deportasiyası” adlı elektron resurs hazırlayıblar.

Lent.az-ın verdiyi məlumata görə, 31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində əlavə materiallarla yenilənmiş elektron resursun “Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması və onun ağır nəticələri” bölməsində XIX əsrin əvvəllərində İran və Türkiyədən ermənilərin köçürülüb gətirilməsi və bu proseslə yanaşı azərbaycanlıların tarixi-etnik torpaqlarından sıxışdırılaraq qovulması prosesi öz əksini tapıb.

“XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı və deportasiyası” bölməsində ermənilərin 1905-1906 və 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri kütləvi qırğınlar, soyqırım və deportasiyalar xronoloji ardıcıllıqla və regionlar üzrə təhlil edilib. “Sovet hakimiyyəti illərində azərbaycanlıların repressiyası və deportasiyası” bölməsində soydaşlarımızın indiki Ermənistan ərazisində 1920-1930-cu illərdə məruz qaldıqları repressiyalar, 1948-1953-cü və 1988-1989-cu illərdə üzləşdikləri deportasiyalar təhlil olunub. “Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və hərbi təcavüzünün nəticələri” bölməsində Dağlıq Qarabağın silah gücünə anneksiya edilməsi üçün Ermənistan silahlı qüvvələrinin öz havadarlarının köməyi ilə həyata keçirdikləri qanlı aksiyalar, soyqırımlar və işğalın fəsadları əksini tapıb.

Elektron resursun “Sənədlər” bölməsində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi haqqında statistik məlumatlar, azərbaycanlıların kütləvi qırğınlara, soyqırımlara və deportasiyalara məruz qaldıqları yaşayış məntəqələrinin siyahılarını özündə əks etdirən arxiv sənədləri, rəsmi qərarlar və digər sənədlər toplanılıb. “Məqalələr” bölməsində isə azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı tədqiqatlar və analitik yazılar yer alıb.

Elektron resursun “Elektron kitablar” bölməsində internet istifadəçilərinə mövzu ilə bağlı 3 dildə 50-dən artıq kitabın elektron versiyası təqdim olunur. “Biblioqrafiya” bölməsində Prezident Kitabxanasının fondunda olan bu mövzuya aid kitabların, qəzet və jurnal məqalələrinin biblioqrafiyası istifadəçilərə təqdim edilir. Elektron resurs “www.preslib.az” saytında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108

Oxşar yazılar