Azərbaycanı “ikinci Ukrayna” ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!
21 oktyabr 2026 14:10 (UTC +04:00)

Azərbaycanı “ikinci Ukrayna” ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

0

Azərbaycanı “Ukrayna aqibəti” ilə hədələyənlərin diqqətinə!

Türkiyənin “Yeni Şəfəq” qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti – son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci – məqaləsini dərc etdi.

Normalda, bunu media səhifələrində hər gün rast gəlinən növbətçi yazılardan biri deyib keçə bilərdik. Əgər məqalənin müəllifi İbrahim Karagülün qələmə aldığı olduqca qəribə və təhlükəli bir cümlə olmasaydı: “Hər şeydən əvvəl, Azərbaycanın yeni bir Ukrayna olması istiqamətində qapılar açılırsa, təcili olaraq bu qapıların bağlanması lazımdır”.

Bu, sətiraltı eyham deyil, açıq-aşkar təhdiddir. Türkiyə iqtidarına yaxın media ruporu artıq Azərbaycana heç bir etik çərçivəyə sığmayan şəkildə "ikinci Ukrayna" xəbərdarlığı edir.

Qəzet Azərbaycanı kimin və necə Ukraynaya çevirəcəyini açıq yazmır, amma buna ehtiyac da yoxdur – ssenari çox aydındır. Lakin "Yeni Şəfəq"ə və onun dili ilə Azərbaycanı müharibə və dağıntı aqibəti ilə qorxutmaq istəyənlərə xatırlatmalı olduğumuz bir neçə mühüm reallıq var. 

İkili oyunların ağır fəsadları

Azərbaycanı başqalarının poliqonuna çevrilməklə hədələyənlər unudurlar ki, mövcud AKP hakimiyyətinin yürütdüyü xarici siyasət kursu səbəbindən məhz Türkiyənin özünün böyük geosiyasi fəsadlarla üzləşmək ehtimalı qat-qat çoxdur.

Bütün qonşularla və qlobal güclərlə riskli ikili oyunlar aparmaq, bir tərəfdən Ukraynaya silah satıb digər tərəfdən Rusiya ilə geniş ticarət dövriyyəsi qurmaq, Yaxın Şərqdə terror qruplaşması kimi tanınan HƏMAS-a qucaq açıb terrorla legitim Vətən müharibəsi anlayışlarını eyniləşdirmək, İraq və Suriyanın daxili işlərinə birbaşa müdaxilə etmək, gah Səudiyyə Ərəbistanını husilərlə mübarizədə tənqid edib, gah da eyni işdə onlara hərbi dəstək vermək, rəsmən NATO üzvü ola-ola, bu blokun strateji rəqiblərinin yanında dayanmaq Ankaranı böyük bir təhlükəsizlik vakuumuna sürükləyir.

Daxildə isə qütbləşmə və ictimai parçalanma pik həddinə çatıb. Hakim partiyanın reytinqinin tarixi minimuma (36 faizdən aşağı) düşdüyü bir dövrdə, müxtəlif təriqətlərə, radikal dini şəbəkələrə dövlət səviyyəsində imtiyazlar verərək cəmiyyətdə sivil insanlara qarşı qorxu atmosferi yaratmaq olar. Lakin bu basqı mexanizminin də bir sonu və xalqın səbrinin bir həddi var.

Xilafət illüziyası və türk birliyinə vurulan zərbə

Bu gün Fələstini və HƏMAS-ı strateji müttəfiq, "qardaş" cildində görüb, öz real qardaşını hədəf taxtasına qoyan nurçu-islamçı AKP elitası tarixin elementar dərslərindən belə ibrət almayıb. Vaxtilə dünyada Fələstin qruplaşmalarına və HƏMAS-a Küveyt qədər maliyyə və siyasi dəstək verən ikinci bir ölkə yox idi. Lakin İraq Küveyti işğal edən zaman həmin fələstinlilər Küveyti dərhal sataraq Səddam Hüseynin tərəfinə keçən ilk qüvvə oldular. Tarixən Osmanlı imperiyasına da bu cür ideoloji xəyanətlər çox edilib.

Azərbaycanı "Ukrayna ssenarisi" ilə şantaj edənlər, rəsmi Bakının nəhəng geosiyasi və iqtisadi səylərlə araya-ərsəyə gətirdiyi Türk Dövlətləri Təşkilatına və Türk birliyinə necə ağır zərbə vurduqlarının fərqində deyillər. Əslində bu, təəccüblü də deyil; çünki bu radikal kütlə üçün "türk" və "millət" anlayışı çoxdan sıradan çıxıb. Onlar özlərini xəyali bir xilafətin mərkəzində, ətrafdakı müstəqil dövlətləri isə öz vassalları qismində görürlər.

Lakin Ankara anlamır ki, bu təkəbbür və hegemonluq iddiası region ölkələri tərəfindən çox aydın şəkildə oxunur. Digər türkdilli respublikalar AKP hakimiyyətinin özünün ən yaxın müttəfiqi, “bir millət, iki dövlət” elan etdiyi Azərbaycana qarşı nümayiş etdirdiyi bu aqressiv dili və təhdidləri diqqətlə izləyir və bundan strateji dərslər çıxarırlar. Məhz Ankaranın bu etibarsız və təzyiqedici siyasətinin nəticəsidir ki, Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistan yunan Kipri ilə diplomatik körpülər qurmağa başlayıblar. Ankara isə özünü nəhəng görmək xəstəliyindən bu mesajları düzgün oxuya bilmir.

Türkiyə AKP-dən ibarət deyil

Bütün bu mənfi mənzərəyə rəğmən, sevindirici hal odur ki, Türkiyə yalnız AKP-dən ibarət deyil. Bu gün qardaş ölkədə sivil türkçülüyü, sağlam millətçiliyi və Atatürk irsini müdafiə edən milyonlarla insan var. Onlar iqtidar mediasının apardığı bu çirkin kampaniyanın mahiyyətini çox gözəl anlayır və açıq şəkildə Azərbaycanın suveren, dünyəvi mövqeyinə dəstək verirlər. Hətta hazırda AKP ilə hakimiyyəti bölüşən MHP qanadı belə Azərbaycan mövzusunda eyni baxışı bölüşmür, bu da iqtidar daxilindəki ideoloji çatı göstərir.

Türkiyə cəmiyyətini və ictimai rəyi savadsız, cəhalət içində boğulan fanatiklərin vasitəsilə idarə etməyə çalışanların bu süni resursu tezliklə tükənəcək. O zaman ölkənin milyardlarla dollar dəyərindəki fondlarını tarımar edən, iqtisadiyyatı öz inhisarına alıb maliyyə sistemini çökdürən, daxili və xarici siyasi kursu yalnız öz şəxsi nəfsləri və cibləri ilə uzlaşdıran bu “saf və təmiz islamçılar” xalq qarşısında bütün bunların hesabını verməli olacaqlar.

Modern, sivil və dünyəvi Türkiyə Cümhuriyyətini müxtəlif radikal dini şəbəkələrə təslim etmiş, ölkəni “müsəlman qardaşlar” təfəkkürü ilə idarə edən, səhərlər dindarlıqdan dəm vurub, gecələr rakı içənlərin iç üzü tam ifşa olunanda, kimin “ikinci Ukrayna”, kimin isə orta əsrlər qaranlığına yuvarlanan “ikinci Əfqanıstan” olacağını tarix özü hər kəsə nümayiş etdirəcək.

Türkiyənin prezidenti Ərdoğanın 2019-cu ildə Səudiyyə Ərəbistanını təhdid edən çıxışını unutmamışıq:

“Səudiyyə Ərəbistan, siz Yəməni bu hala gətirməyinizin, on minlərlə insanın ölümünün hesabını verin. Suriyanın birliyi və bərabərliyi üçün atdığımız, terror qruplaşmalarına qarşı mübarizədə bizə söz deyə bilməzsiniz”. 

Həmçinin, Ərdoğanın 2025-ci ildəki çıxışını da xatırladaq:

“Türkiyə hüquq və insanlığa zidd olan hücumlar qarşısında Səudi Ərəbistanın və ərəbistanlı qardaşların yanındadır”.

İndi özünüz qərar verin, Türkiyə rəhbərliyi hansı çıxışında daha səmimi görünür?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar