Kef eləyən fransızlar, Eyfelin satıcıları və bizim intellektual gənclik - REPORTAJ
17 mart 2011 16:11 (UTC +04:00)

Kef eləyən fransızlar, Eyfelin satıcıları və bizim intellektual gənclik - REPORTAJ

Ötən həftə Azərbaycandan böyük bir heyət Fransada çox əhəmiyyətli bir toplantıda iştirak edirdi. Mən də həmin heyətdə idim. Biz o qədər də asan olmayan bir təyyarə marşrutu ilə getdik Fransaya. Əvvəl İstanbula, oradan Parisə, ordan da Strasburqa.

Strasburq balaca şəhərdir, bir az Gəncəyə oxşayır, cəmi 400 min nəfər əhalisi var, çox sakit, səliqəli, sadədən sadə. Kübar bir şəhər...

Fransız xalqı kef çəkir, amma vaxtında...

Bu şəhərdə insanlar iş və istirahət vaxtlarını bir-birindən ayıra biliblər. Həftənin beş gününü yetərincə işləyirlər, çox ciddi görkəmdə, fransız soyuqqanlılığı və səbriylə. Elə ki beşinci gün axşam oldu, adamlar istirahətə başlayırlar. Yox, «istirahətə başlamaq» onların istirahətini tam mənasıyla ehtiva etmir. Adamlar özlərini sərbəstliyin, istirahətin, azadlığın, sadəliyin ağuşuna atırlar – gecə klublarında az qala səhərə qədər əylənən kim, ailəsini alıb, iki günlük «yoxa çıxan» kim… Sərxoş zarafatları, şənlənən insanların gülüşləri Strasburqu başına götürür. Bizim səfərimizin əsas hissəsi cümə-bazar günləri arasında idi, ona görə biz o “dəhşəti” görə bildik.

Fransa səfərinə çıxmaq istəyənlərin nəzərinə çatdırıram ki, şənbə-bazar günləri fransızları narahat etməsinlər. Zatən, narahat edə də bilməzlər – onları istirahətdən ayırmaq olar? Heç həmin günlər dükan, mağaza da fəaliyyət göstərmir: yalnız kafelər, restoranlar işləyir… Qısası, «fransız xalqı kef çəkir».

Amma bazar günü axşama doğru şəhərdə qəribə sakitliyi də müşahidə etdim. Səbəbi sadəymiş: aktiv istirahətdən sonra yeni iş günü ərəfəsində fransızlar yorğunluqlarını çıxarırlar.

“Bağışla, Fransa!”

Bakıdan fərqli olaraq Strasburqda tramvaylar işləyir. Tramvaylara bilet avtomat aparatlarda satılır. Aldığın bilet bir saat müddətində etibarlıdır. Həmin bir saat ərzində bir biletlə istədiyin qədər tramvaya minib-düşə bilərsən. Ancaq səni kimsə yoxlamır, tramvaya biletlə, ya biletsiz minməyin kimsənin umurunda deyil, təbii ki yalnız öz vicdanından başqa. Daha doğrusu, biletsiz tramvaya minməyi fransızlar sadəcə təsəvvür eləmirlər.

Bilet almaq üçün uzanan növbədə yerimizi tutduq. Ancaq bilet almaq qismət olmadı. Demə, aparat kağız pul qəbul etmirmiş, bizdə isə “dəmir avro” yox idi. Neyləyək?

Vaxta maksimum qənaət edən fransızların avtomat önündə keçirdiyi dəqiqələrə heyfləri gəlməməsini qanuna hörmət kimi qəbul etdik, pul xırdalayıb yenidən növbəyə durmağa vaxtımız çatmırdı. Beləcə, tramvayda qanunlara hörmətsizlikdən deyil, vaxt çatışmazlığından biletsiz gəzməyə qərar verdik.

Dilə sevgi

Hər bir millətin dilə və torpağa sevgisi qayət normaldır. Amma fransızların dilə sevgisindən heyrətlənməyə bilmədim.

Bu insanlar ingilis dilini öyrənməyə cəhd belə etmirlər, ingiliscə sorğuna dilucu, həm də fransızca (!) cavab verirlər. Adam “belə cavabı allah kəssin” deməyə bilmir...

Elə ki, onları fransızca danışdırdın.., pah, olursan əziz-xələfləri, doğmaları. Əgər Fransada fransızca kimdənsə söz soruşsan, əmin ol ki, həmin adam iş-gücünü unudub əməlli-başlı sənin yardımçına çevriləcək. Fransızlarla öz dilində danışmaq –onlara qoyduğun hörməti göstərən əsas faktdır və ev sahibləri mütləq bu hörmətin qarşılığını verirlər.

Anlayacağınız, Fransada təkcə hicab və qondarma “erməni soyqırımı”nı tanımamaq deyil, elə fransızca danışmamaq da tolerantlıqla qəbul olunmur. İngiliscə danışdığın an fransızların İngiltərə ilə 100 illik haqq-hesablarını unutmadıqlarını anlayırsan.

Fransızlar velosipedi təkrar icad edib

Mübaliğəsiz-filansız, səmimi deyirəm. Fransızlar sadəcə sağlam həyat keçirirlər – bu qədər! Əsasən işə velosipedlə gedib-gəlirlər – həm tıxac problemini, həm də səhər idmanını bu cür həll edirlər. Hətta Strasburqda məskunlaşan eloğlumuz – APA-nın Avropa bürosunun təmsilçisi Fuad Qulubəyli də bu adətə elə alışıb ki, maşını yadırğayıb.

Küçədə heç bir polisə rast gəlmək olmur – nə çevik, nə yol, nə də post-patrul. Amma sən daim diqqətdə, nəzarətdəsən – müasir texnikadan fransızlar gözə görünmədən, heç kəsi incitmədən məharətlə istifadə edirlər.

Fransanın baxımsız gözəlləri

Bizim xanımlardan fərqli olaraq, gənc fransız xanımlar kosmetikadan demək olar ki, istifadə etmirlər, geyimləri «cüvəllağı» stilinə bənzəyir. Yaşlı qadınlar isə birmənalı olaraq çox səliqəli, elitar geyinirlər, ənlik-kirşanları da öz yerində. Onlar bizim təsəvvürümüzdəki klassik fransız xanımın ta özüdürlər.

Bu, gənclərin sərbəstliyindən çox, təfəkkürlə bağlı məsələdir. Fransız gəncləri geyim və kosmetikadan gənc yaşlarında bilirsiniz niyə istifadə etmirlər? Çox sadə səbəbdən: onlar, sadəcə, gəncliyin özünün bütün kosmetik vasitələrdən üstün olduğunu bilirlər.

Kosmetika və incə geyim isə gəncliyini arxada qoyan xanımlara lazımdır.

Yolları da fransız gözəllərinə bənzəyir Fransanın – nə təmtəraqlı mərmər səkiləri var, nə körpülərinin arxitekturalı bəzəyi, nə də bahalı çilçıraqları – sadə, adidən-adi, amma təmiz, səliqəli yol, körpü, meydanlar göz oxşayır…

Amma bəyənmədiyim, daha doğrusu, əsəbiləşdiyim bir nüansa da toxunmam gərəkdir: qaldığımız oteldə də, Şarl de Qoll limanında da internetdən istifadə eləmək istədim. İnternetin sürəti az, qiyməti isə bizim təsəvvür etdiyimizdən də bahadır. İlk 15 dəqiqə pulsuzdur, sonrakı hər saat üçünsə istifadəçi 10 avro ödəməlidir. Burda bizə çox şükür, cəmi 9 manata bir ay sürətli internetdə gecə-gündüz “at çapmaq” mümkündü. Amma bələdçimin dediyinə görə, indi Fransada evlərin üstündə TV antennaları kimi pulsuz (wi-fi) internet qurğuları da quraşdırmağa başlayıblar.

Hə, az qala unudacaqdım: Fransada yaşamaq istəyində olanların siqareti tərgitmələri məsləhətdir. Siqaret bu ölkədə çox bahadır, 6 avrodan başlayır. Vətəndaşlarını bu pis vərdişdən qorumaq üçün atılan addım sayılır bu bahalıq. Amma razılaşın ki, təqdir ediləsi bahalıqdı.

Bir də nəbadə təmiz dəridən olan geyimlə Fransaya gedəsiniz! Dəri paltarlar geyənlərə fransızlar barbar, qaniçən, yumşaq halda, heyvan düşməni kimi baxırlar.

Bir avroya Eyfel

Fransaya gedəsən, Eyfeli görməyəsən, deməli, heç oralara getməmisən.
Təbii ki, Eyfeli yaxından gördüm. Amma Avropanın simvollarından sayılan abidənin altında o qədər pərakəndə ticarətlə məşğul olan və dilənən vardı ki, adam bura gəlməyinə peşman belə ola bilir.

“One euro, one euro” deyib adamın ardınca düşən satıçı uşaqlar hamısı Afrikadan gələnlərdir. Onlar Eyfelin dəmirdən modellərini, kiçik oyuncaqlar, şərflər satırlar. Burda bir şeyi kəşf elədim özüm üçün: Dünyanın hər yerində insanların yalvarış tonu eyniymiş! Sadəcə, dil fərqi varmış!

Bizim Fransada nə işimiz vardı?

Yazının əvvəlində də dediyim kimi, Fransaya işgüzar səfərə getmişdik. Səmimi deyirəm, bu səfərimdə bəlkə də ilk dəfəydi ki, Azərbaycandan kənara çıxıb azərbaycanlı intellektlərlə fəxr duydum.

ASAİF-in “Azərbaycan – 20, baxış 2020” adı ilə keçirdiyi forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Dünyanın 40-dan artıq ölkəsində ali təhsil alan (və almış) 800 tələbə-məzun içindən 250 nəfər seçilib Avropanın siyasi paytaxtına yığılmışdı. Ölkədən xüsusi qonaqlar, Avropadakı səfirlər dəvət olunmuşdu və bu da tədbirin səviyyəsini xeyli yüksəltmişdi.

Toplantının dəyəri həm də ondaydı ki, forum Avropa Şurasında keçirilirdi.

«Vaxt vardı Avropa Şurasının üzvü olmağı yalnız xəyal edirdik. İndi AŞ PA-nın nəinki fəal üzvüyük, həm də tədbirlərimizi burda keçiririk”. Bunu Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi.

AŞ-ın gənclər, idman və mədəniyyət komissiyasının sədri Qabriella Battanini isə qurumun Gənclər Mərkəzinin Azərbaycanın dəstəyi ilə təmir olunduğunu, Azərbaycanın quruma verdiyi digər töhfələri sadaladı.

Avropa Şurasının foyesində Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovla qarşılaşdıq. Demə, Avropa Şurasında komitə sədri seçimlərinə qatılmaq üçün gəlibmiş.

Eşq olsun Azərbaycana!

Heç 2 saat keçmədi ki, Fuad Qulubəyli şad xəbər gətirdi: «Lətif Hüseynov Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri seçilib».

Strasburqda, Avropa Şurasının binasında bu xəbərə azərbaycanlının necə reaksiya verdiyini təsəvvür edin.

Əlbəttə, sevindik də, sevincdən qışqırdıq da: «Eşq olsun Azərbaycana!»…

Bizim tədbir müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycanın 2020-ci ilə qədər inkişaf hədəflərinin müzakirəsi, xaricdə təhsil alanların ölkəmizin piarı üçün gördüyü və görməli olduğu işlər və s. həsr olunmuşdu. Bu haqda yəqin ki, mətbuatdan xəbər tutmusunuz. Buna görə tədbirin təfərrüatı üzərində xüsusi dayanmaq istəmirəm.

Amma mənim özüm üçün yəqinləşdirdiyim bəzi həqiqətlər var:

Böyük potensiala malik Azərbaycan gəncliyi artıq yetişib. Bu gənclik dünyanın ən nüfuzlu təhsil ocaqlarında biliklərə yiyələnib və onlar poliqlotluqla elmi, kosmopolitliklə milliliyi, diplomatiya ilə fəhmi birləşdirməyi bacarıblar.

Bir də Azərbaycanda o qədər də fərq etmədiyim Elnur Aslanovu yenidən kəşf etdim: bu gənc məntiqi, səlis nitqi, səmimiyyəti və intellekti ilə auditoriyanı heyran etməyi bacardı.

Vüsalə Mahirqızının beynəlxalq media təmsilçiliyi və internet media haqda gerçəkliyi ehtiva edən peşəkar çıxışı, Ceyhur Osmanlının insan kapitalıyla bağlı məntiqli dəyərləndirmələri, Fuad Muradov, Fərhad Məmmədov, Hamlet İsaxanlı, Rüfət Abbasov, Orxan Əkbərov və adını çəkmədiyim digər gənclərin baxış və yanaşmaları çox maraqlıydı.

Tale Heydərovun beynəlxalq ictimaiyyətlə işləmək sahəsində təcrübəsini bölüşməsi, ən əsası problemləri səsləndirib, çıxış yollarını göstərməsi diqqətimi çəkdi.

”Şuşada görüşərik”

Qabriella Batanini Azərbaycanın hədəfini çox gözəl ifadə etdi: «Azərbaycan yaxın illərdə xaricdə 5 min gəncin təhsil almasını hədəf olaraq müəyyənləşdirib».

Dövlətin gənclərin təhsilinə, ümumiyyətlə, gəncliyə diqqəti Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın foruma ünvanlanan təbrik məktubu, Gənclər və idman naziri Azad Rəhimovun tədbirdə iştirakı və məruzəsindən də aydınca hiss olunurdu.

“Bu tədbirləri Xankəndidə, Şuşada, Laçında davam etdirəcəyik. Görürsən gəncliyi, görürsən necə nəsil gəlir? Erməni təbliğatı nə olur-olsun, bu gəncliyin qarşısında davam gətirə bilər?”

Bu sözləri millət vəkili Ceyhun Osmanlı tədbirdən aldığı təəssüratı mənimlə bölüşəndə dedi.

Və elə onun timsalında gənclərimizi, tələbələrimizi gördüm. Bu gənclərlə, onların təfəkkürü və intellekti ilə dünyanı fəth etmək olar. Heç kim bədgüman olmasın...

Anar Yusifoğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar