Metyu Brayza sonuncu brifinqini keçirdi
12 avqust 2009 12:15 (UTC +04:00)

Metyu Brayza sonuncu brifinqini keçirdi

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza vida brifinqi keçirib.

APA-nın xəbərinə görə, M.Brayza ABŞ dövlət katibinin müşaviri və ATƏT-in Minsk Qrupunun həmsədri vəzifələrində regiona sonuncu səfərinin olduğunu deyib. O, ABŞ dövlət katibinin köməkçisinin Qafqaz və Cənubi Avropa üzrə müavini postunda onu Tina Kaidanovun əvəzləyəcəyini açıqlayıb: “O, çox təcrübəli bir diplomatdır”.
M.Brayza ondan sonra ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin kim olacağı və “həmsədrin dəyişməsi münaqişənin həlli prosesinə təsir edə bilərmi” suallarına cavab olaraq bunları deyib: “Mən bilmirəm ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kim olacaq. Amma münaqişənin həlli prosesi Minsk Qrupu çərçivəsində çox yaxşı bir məqamdadır. İndi Minsk Qrupunun aktivliyinə görə Azərbaycan və Ermənistan prezidentləri razılaşmaya çox yaxındırlar. Düşünmürəm ki, yeni həmsədrin gəlməsi prosesə mənfi təsir edə bilər. İnanıram ki, yeni həmsədr bu sahədə çox təcrübəli bir şəxs olacaq. Azərbaycan Barak Obama administrasiyası, ABŞ üçün çox vacib, strateji bir ölkədir”.
M.Brayza bu dəfəki səfərində həm Dağlıq Qarabağ problemi, həm təhlükəsizlik, həm də enerji məsələləri barədə Azərbaycan prezidenti ilə müzakirələr apardığını deyib.
O, Azərbaycanda keçirdiyi görüşlərdə insan haqları, həmçinin həbsdə olan Adnan Hacızadə və Emin Milli ilə də bağlı fikir mübadiləsi apardığını da qeyd edib.
M.Brayza ABŞ-ın Azərbaycandakı səfiri təyin olunacağı barədə sualları da cavablandırıb: “Bu vəzifəyə kimin təyin olunacağını prezident həll edir. Amma mən yenə də təkrar edirəm ki, hansısa bir Cənubi Qafqaz ölkəsində qalıb işləmək istərdim”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar