Yuşşenko: “Səfərin əsas prioriteti Ukrayna-Azərbaycan əməkdaşlığa dair Yol Xəritəsini imzalamaqdır” – MÜSAHİBƏ
09 aprel 2009 19:00 (UTC +04:00)

Yuşşenko: “Səfərin əsas prioriteti Ukrayna-Azərbaycan əməkdaşlığa dair Yol Xəritəsini imzalamaqdır” – MÜSAHİBƏ

Ukrayna prezidenti Viktor Yuşşenkonun APA-ya eksklüziv müsahibəsi

- Ukrayna-Azərbaycan ikitərəfli əməkdaşlığına, o cümlədən enerji təhlükəsizliyi sahəsinə dair məsələlər hansı mərhələdədir?

- Ukrayna ilə Azərbaycan arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı hazırda çox yüksək dinamikaya malikdir. Məsələn, 2008-ci ilin iyununda Azərbaycana işgüzar səfərim zamanı Azərbaycana və Ukrayna prezidentləri tərəfindən iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsinin 2009-cu ilin sonunadək 1 milyard dollara çatdırmaq tapşırığı qoyulub. Bu göstəriciyə vaxtından əvvəl – ötən ilin sonunda nail olunub. Əməkdaşlığımızın başqa sahələrində də əhəmiyyətli perspektivlər mövcuddur. Belə ki, kosmosa telekommunikasiya peyklərinin və digər peyklərin buraxılması perspektivini nəzərə alaraq Azərbaycanda kosmik sənayenin yaradılmasına dair ölkələrimiz arasında əməkdaşlığın əsasları qoyulmaqdadır. Bu gün enerji təhlükəsizliyi sahəsində mühüm perspektivlərdən biri “Odessa-Brodı-Plotsk” neft kəmərinin tikintisinin reallaşdırılması layihəsidir. Texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra bu layihə maraqlı tərəflərə təqdim olunacaq. Bizi həmçinin Xəzər qazının Avropaya, o cümlədən Ukraynaya nəqlinə dair digər bütün real variantlar da maraqlandırır.

Azərbaycan sərmayəsinin Ukrayna iqtisadiyyatına cəlb olunmasına gəldikdə isə ARDNŞ ilə “Ukrnafta” və “Ukrtransstroy” arasında razılaşmalar praktiki olaraq reallaşmaqdadır. Söhbət ilk növbədə Xəzər neftinin Ukraynaya nəqlindən, bizim neft emalı müəssisələrində emalından və neft məhsullarının həm ölkəmizin daxili bazarında, həm də Avropa İttifaqı bazarlarında reallaşmasından gedir.

- Ukraynadakı siyasi situasiya ikitərəfli münasibətlərimizə necə təsir göstərir? “Odessa-Brodı” kəmərinin texniki neftlə doldurulması ideyasının reallaşmamış qalması ilə bu situasiya arasında əlaqə varmı?

- Xoşbəxtlikdən əminliklə deyə bilərəm ki, Ukraynada siyasi situasiya ölkələrimiz arasında ikitərəfli münasibətlərə heç bir formada təsir göstərmir. Ukraynanın xarici siyasəti, xüsusilə milli maraqların təmin olunması kimi məsələlərdə Kommunist Partiyası istisna olmaqla bütün aparıcı siyasi qüvvələr tərəfindən dəstəklənir. “Odessa-Brodı” kəmərinin Xəzərdə hasil olunmuş texnoloji neftlə doldurulmasına gəldikdə isə, təəssüf ki, bu proses bəzi müstəqil olmayan Ukrayna siyasətçilərinin uzaqgörənlik nümayiş etdirməməsinə görə ləngiyir. Lakin biz indi bu məsələyə yenidən baxırıq və mütləq uğur əldə edəcəyik.

- Ümumdünya maliyyə böhranı “Odessa-Brodı-Plotsk-Qdansk” neft kəməri, “Nabucco” qaz kəməri layihələrinin reallaşmasına və vahid enerji tranziti məkanının yaradılmasına təsir göstərə bilərmi? Ötən ilin sonunda Rusiya ilə Ukrayna arasında yaranmış qaz böhranının bu layihələrin reallaşmasına təsiri olubmu?

- Dünya iqtisadiyyatında böhrana baxmayaraq Avropaya enerji resurslarının etibarlı şəkildə çatdırılması məsələsi aktual olaraq qalmaqdadır. Buna görə də qeyd etdiyiniz layihələrin hamısı bizim üçün vacibdir. Düzdür, gizlətmək istəmirəm, bu layihələrə sərmayə yatırılması ilə bağlı müəyyən maliyyə çətinlikləri mövcuddur. Əgər yanvarda Ukrayna ilə Rusiya arasında “qaz münaqişəsi”ni nəzərə alsaq, deyə bilərəm ki, bu hadisə bir daha enerji sferasında qarşılıqlı münasibətlərdə siyasi elementlərdən imtinanın zəruriliyi təsdiqlədi. Yanvarda baş verən situasiyanın səbəbi məhz iqtisadi təzyiq hesabına siyasi dividentlər qazanmaq istəyi idi. Rusiyanın Avropanın böyük bir hissəsi üçün oynadığı “vahid mənbə” sxeminin özünün doğrultmadığı bir daha təsdiqləndi. Baltik-Qara dəniz-Xəzər vahid enerji məkanının yaradılması, “Odessa-Brodı-Plotsk” neft kəməri layihəsinin reallaşması və enerji nəqlinin alternativ mənbələrdən gerçəkləşdirilməsinə dair Ukraynanın təklifləri məhz bu baxımdan son dərəcə aktualdır.

- Nəqliyyat sahəsində birgə layihələrinin reallaşdırılması istiqamətində hansı konkret addımlar atılacaq?

- Nəqliyyat sahəsində Ukraynanın Azərbaycanla əməkdaşlığı ikitərəfli hökumətlərarası sazişlərlə, həmçinin TRACEKA, GUAM, QDİƏT çərçivəsində çoxtərəfli sazişlərlə tənzimlənir. Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığa dair bir neçə perspektiv layihə mövcuddur. Onlardan biri “Vikinq” (Klaypeda-İliçevsk) dəmiryolu konteyner daşımaları marşrutunu Bakıyadək, perspektivdə isə Türkmənbaşıyadək uzadılmasıdır. Həmçinin fiber-optik kabel vasitəsilə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Gürcüstan və Ukrayna ilə birləşdirəcək kommunikasiya dəhlizinin reallaşmasına dair layihə də mövcuddur. GUAM çərçivəsində çoxtərəfli səviyyədə Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə irəli sürdüyü ideya nəzərdən keçirilir. Bu ideya mövcud olan “Vikinq” konteyner daşımaları marşrutunun “Poti-Bakı-Aktau-Almatı” layihəsi ilə birləşdirilməsini nəzərdə tutur ki, bu da Asiyadan Avropaya və geri istiqamətdə yüklərin daşınması prosesini asanlaşdıra bilər. Xatırladım ki, Azərbaycan GUAM-ın nəqliyyat məsələləri komitəsinə sədrlik edir və bu da bizə qeyd olunan sahədə ölkənizin maraqlarını tam nəzərə almağa imkan verir.

- Ukraynanın MDB ölkələri ilə qurduğu hərbi-texniki sahədə əməkdaşlığında Azərbaycan ikinci yeri tutur. Hərbi-sənaye sahəsində də bu cür əməkdaşlıq mümkündür?

- Doğurdan da, uzun illər ərzində Ukraynadan hərbi məhsulların idxal həcminə görə Azərbaycan Rusiyadan sonra ikinci yeri tutub. Ölkəmizin həyata keçirdiyi ixracın əsas xüsusiyyəti geniş spektrli hərbi məhsulların kiçik həcmlərlə ixracının həyata keçirilməsidir. Sözsüz ki, ölkələrimizin hərbi-texniki sahədə olduğu kimi, hərbi sənaye sahəsində irimiqyaslı layihələr reallaşdırması üçün potensialı mövcuddur. Buna görə də biz hərbi-texniki əməkdaşlığa dair Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının yaradılmasını planlaşdırırıq. Bakıya səfərim zamanı buna dair müvafiq sənəd imzalanacaq.

Ukrayna Azərbaycandakı tərəfdaşları ilə hərbi texnikanın modernləşdirilməsi və təmiri sahəsində konstruktiv əməkdaşlığa hazırdır. Bu kontekstdə ilk növbədə zirehli tank və aviasiya texnikası, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket kompleksləri nəzərdə tutulur.

Əlavə etmək istəyirəm ki, əməkdaşlığımızın perspektivlərindən biri yeni hərbi texnika və silah nümunələrinin elmi-texniki hazırlanması və istehsalı ola bilər. Biz həmçinin hərbi texnika və silahların təmirinə dair yeni texnologiyaların tətbiqində və bu prosesin modernləşməsində əməkdaşlığa hazırıq. Ukrayna Azərbaycana kiçik döyüş gəmiləri və köməkçi gəmilərinin istehsalı üçün özünün gəmiqayırma bazasını yaratmağa texniki və texnoloji yardım təklif edə bilər. Biz Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssislərin hazırlıq keçməsi üçün öz imkanlarımızı təklif edirik.

Deyə bilərəm ki, bu gün ölkələrimizin hərbi-texniki və hərbi sənaye sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da inkişafı üçün hər cür şərait var. Hər iki tərəfin bu arzusu var, buna görə də işi davam etdirəcəyik.

- GUAM-ın perspektivlərini necə görürsünüz, Moldova qurumu tərk edərsə, GUAM fəaliyyətini davam etdirəcəkmi?

- Bildiyiniz kimi, bu yaxınlarda GUAM rəsmi olaraq mükəmməl beynəlxalq təşkilata – Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata – GUAM-a çevrilib. Kiyevdə GUAM Katibliyinin ofisi açılıb və fəaliyyət göstərir. Bu gün GUAM diqqətini ümumi əməkdaşlığını prioritet istiqamətlərinə, iştirakçı ölkələrini nəqliyyat potensialının birləşməsinə, qarşılıqlı ticarət şərtlərinin yaxşılaşdırılmasına yönəlib. Bu, ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi üçün əla stimuldur. Xatırladım ki, GUAM-a daxil olmaq kimi, bu qurumda fəaliyyətini dayandırmaq da hər bir ölkənin öz səlahiyyətinə daxil olan məsələdir. Ümidvaram ki, Moldovada vəziyyət tezliklə stabilləşəcək və başa çatmış parlament seçkiləri ölkə rəhbərliyinə xarici siyasət münasibətlərinin prioritetlərini müəyyənləşdirməyə imkan verəcək. Və bütün bunlara baxmayaraq əminəm ki, GUAM ildən ilə təcrübə toplayaraq və nüfuzunu artıraraq inkişafda davam edəcək.

- Ukrayna “Şərq Tərəfdşlığı” təşəbbüsündən nə gözləyir?

- Ukrayna “Şərq Tərəfdaşlığı” təşəbbüsünü alqışlayır və dəstəkləyir. Biz bu addımı Avropa İttifaqının öz qonşuları ilə münasibətləri möhkəmləndirməyin zəruriliyinin anlamasına dair bir mesaj kimi qəbul edirik. Sözsüz ki, biz qeyd olunan təşəbbüsün reallaşmasında maraqlıyıq və bu proqramda iştiraka hazırıq. Lakin yalnız bizim milli maraqlara cavab verəcək və Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinə yardım edəcək səviyyədə. Biz, məsələn, Avropa İttifaqı standartlarına uyğun şəkildə Ukrayna sərhədlərinin inteqrasiya olunmuş idarəetmə sisteminin yaradılmasında maraqlıyıq. Bizim üçün Avropa İttifaqı ilə viza rejiminin liberallaşması çox vacibdir. Biz “Şərq Tərəfdaşlığı”na Ukraynanın energetika bazarının Avropa bazarına inteqrasiyasının vacib aləti kimi baxırıq. Lakin müəyyən ehtiyatlılığım da mövcuddur. Ukraynanın nöqteyi-nəzərindən bu – “Şərq Tərəfdaşlığı” təşəbbüsündə tərəfdaş-ölkələrin Avropa İttifaqına üzvlük perspektivlərinin dəqiq öz əksini tapmamasıdır. Fikrimizcə, bu faktor Avropa İttifaqının Şərqi Avropadakı tərəfdaşlarına münasibətdə siyasətinin gücləndirilməsi imkanlarını şübhə altına almış olur. Avropa İttifaqının 2009-cu il martın 19-20-də qəbul olunan Bəyannaməsində də söhbət bundan gedir.

Bizim nöqteyi-nəzərimizə görə, “Şərq Tərəfdaşlığı” ideoloji layihə deyil, praktiki konsepsiya olmalıdır. Bu təşəbbüs son nəticədə Ukraynanın Avropa İttifaqında üzvlük perspektivini dəyişdirməlidir. Buna görə də Ukrayna “Şərq Tərəfdaşlığı” çoxtərəfli dialoqunda aktiv iştirak etmək niyyətindədir və təşəbbüsə daxil olan digər ölkələrlə aktiv siyasi təmasları dəstəkləyir. Lakin bir daha qeyd edirəm – milli maraqlarımızı nəzərə almaqla.

- Azərbaycana səfər proqramınıza nələr daxildir və Prezidentlər Şurasının ilk toplantısının gündəliyinə hansı məsələlər daxil edilib?

- Bu səfərin əsas prioriteti 2009-2010-cu illərdə Ukrayna-Azərbaycan əməkdaşlığının Yol Xəritəsinin imzalanmasıdır. Bizim planlarımıza həmçinin kosmosun dinc məqsədlər üçün birgə tədqiqi və istifadəsinə, regionlararası əlaqələrin inkişafına dair sənədləri rəsmi təsdiqi daxildir. İkinci mühüm amil – iqtisadi əməkdaşlığın inkişafının stimullaşdırılmasıdır. Ukrayna və Azərbaycanın həm energetika, həm də nəqliyyat sahəsində bir-birinə təklif edəcək imkanları var. Biz həmçinin birgə elmi tədqiqatlar aparmaq məsələlərini, həm də qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etməyə hazırlaşırıq.
# 1055

Oxşar yazılar