İlham Əliyev: “İqtisadiyyatımız son beş ildə 2,6 dəfə artıb”
23 fevral 2009 16:30 (UTC +04:00)

İlham Əliyev: “İqtisadiyyatımız son beş ildə 2,6 dəfə artıb”

APA-nın xəbərinə görə, prezident bildirib ki, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub. Son beş ildə əsasən qeyri-neft sektorunun inkişafının qarşıya məqsəd qoyulduğunu bildirən dövlət başçısı buna müəyyən qədər nail olunduğunu qeyd edib. O, Azərbaycan iqtisadiyyatını neft, qaz amilindən asılılığının azaldılması istiqamətində böyük işlər görüldüyünü, regionların inkişafına diqqət ayrıldığını, sahibkarlığa böyük dəstək verildiyini bildirib. İ.Əliyev son beş ildə Dövlət Proqramının icrası ilə bağlı statistik rəqəmləri də açıqlayaraq deyib ki, Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, sənaye istehsalı 2,5 dəfə yüksəlib, adambaşına düşən gəlir 5,5 min dollar təşkil edib, ölkədə 766 min iş yeri açılıb ki, onların 547 mini daimidir, yoxsulluğun səviyyəsi 49%-dən 13,2%-ə düşüb, büdcə xərcləri 12 dəfə artıb, valyuta ehtiyatları 18 mlrd. dollar həddini keçib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, bu proqram o sahəni əhatə etməsin. İ.Əliyev Azərbaycanın texniki imkanlarının gücləndiyini, böyük tikinti layihələrinin daxili imkanlar hesabına aparıldığını, bu işlərin görülməsi üçün ortaya ciddi siyasi iradə qoyulduğunu, maliyyə nizam-intizamının yaradıldığını bildirib. Prezident dünyada hökm sürən maliyyə böhranının Azərbaycanda az hiss olunduğunu qeyd edərək deyib ki, bunu daha da azaltmalıyıq.

Dünyada neft və qazla zəngin ölkələrdə təbəqələşmənin sürətlə getdiyini, iş yerlərinin az olduğunu bildirən dövlət başçısı Azərbaycanda bunun tam əksinin göründüyünü deyib. O bildirib ki, Azərbaycan neft ehtiyatlarından istifadə ilə bağlı tam düzgün yol seçib. İ.Əliyev qeyd edib ki, iqtisadiyyatın real sektoruna vəsait qoyulur, ölkədə neft gəlirləri ədalətli bölünür, bu sahədə şəffaflıq təmin olunur. Prezident şəffaflığın daha da gücləndirilməsi üçün müəyyən işlərin görüldüyünü də nəzərə çatdırıb.

O qeyd edib ki, son 17 ildə iqtisadiyyatda özəl sektorun payı 85%-ə çatıb. Ölkədə son beş ildə minimum əmək haqqının 8,3 dəfə, minimum pensiyanın 4 dəfə artdığını xatırladan dövlət başçısı bu müddətdə 1600 məktəb, yüzlərlə tibb ocağı, 8 müalicə-diaqnostika mərkəzinin tikildiyini, 8 müalicə-diaqnostika mərkəzinin tikilməkdə olduğunu, 10-dan çox olimpiya idman kompleksinin inşa olunduğunu, mədəniyyət ocaqlarının təmir edildiyini vurğulayıb. Beş il əvvəl Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağına söz verdiklərini xatırladan İlham Əliyev deyib ki, artıq ölkədə çadır şəhərciyi yoxdur. O, həmçinin Azərbaycanda 4 aeroportun tikilərək istifadə verildiyini, bunun ölkənin strateji maraqlarına cavab verdiyini bildirib.


Prezident Azərbaycanın tanker donanmasının maksimum təmin edildiyini, bu müddətdə ölkədə taxıl istehsalının 300-400 min ton artdığını bildirib.
Bəzi ölkələrin beynəlxalq təşkilatlara kredit üçün üz tutduqlarını qeyd edən ölkə başçısı bunun müəyyən asılılıq yaratdığını, həmin ölkələrin müstəqil siyasət yürüdə bilmədiklərini deyib. İ.Əliyev son beş ildə əsas prioritetin enerji təhlükəsizliyi ilə bağlı olduğunu qeyd edib və bildirib ki, bu dövrdə Azərbaycanda 9 elektrik stansiyası tikilib ki, onların ümumi gücü 1 000 MVt-dan çoxdur. Ölkə başçısı bu il daha 2 elektrik stansiyasının istifadəyə veriləcəyini, onların gücünün 600 MVt təşkil edəcəyini, daha iki elektrik stansiyasının tikilməkdə olduğunu bildirib.

İlham Əliyev Azərbaycanda qazlaşma prosesinin böyük sürətlə həyata keçirildiyini, hazırda ölkənin 85%-nin tamamilə qazlaşdırıldığını, bu rəqəmin 92-93%-ə çatdırılmasının qarşıya məqsəd qoyulduğunu söyləyib. Ölkə başçısı 8 rayona, o cümlədən Naxçıvana qaz verildiyini də qeyd edib.

Prezident yekunda bildirib ki, regionların sosial-iqtisadi inkişafı layihəsi qarşıdakı beş ildə də davam etdiriləcək.
Daha sonra konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731

Oxşar yazılar