Hərbi şirkətlər Əfqanıstan və İraqdan məmnundurlar
21 may 2010 10:30 (UTC +04:00)

Hərbi şirkətlər Əfqanıstan və İraqdan məmnundurlar

Qlobal böhran silah sənayesinə düşərli olub

Ötən il dünyada baş vermiş qlobal maliyyə və iqtisadi böhran iqtisadiyyatın müxtəlif sahələrinə ağır zərərlər vurmasına baxmayaraq müdafiə sənayesinə təsir göstərməyib. Əksinə baş verən böhranlar fonunda hərbi məmulatlar istehsal edən şirkətlərdə canlanma yaranıb və gəlirlərin artımı müşahidə olunub.

Lent.az-ın əməkdaşı ötən həftə İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən SOFEX müdafiə sərgisində iştirak edən şirkətlərin fəaliyyətinə qlobal böhranın təsirlərini öyrənib. Araşdırmalar zamanı məlum olub ki, xüsusi ilə Əfqanıstan və İraqdakı hərbi əməliyyatların davam etməsi 2008-2009-cu illərdə hərbi şirkətlərə “krizisi unutdurub”.

Sərgiyə qatılan ABŞ-ın ən aparıcı rabitə avadanlıqlarının istehsalçısı olan «Harris» korporasiyası ötən bir ildə 50-dən artıq böyük kontraktlara imza atıb. Şirkət rəsmi açıqlama verməsə də 2009-cu ildə bağlanmış müqavilələrin və bu müqavilələrin dəyəri əvvəlki illərdəkindən çox olduğunu bildiriblər. Şirkətin imzaladığı əsas müqavilələr xarici ölkələrlə taktiki radiostansiyaların alqı-satqısını əhatə edib. “Harris”in müştəriləri arasında yenə də əsas yeri ABŞ Silahlı Qüvvələri tutub və alınan əsas avadanlıqlar Əfqanıstan və İraqdakı qüvvələr üçün tədarük olunub. «Harris» şirkəti may ayının ilk günlərində Əfqanıstandakı NATO qüvvələri ilə «Falcon®» taktiki radiostansiyalarının alqı-satqısına dair 11 milyon dollar, Əfqanıstandakı ABŞ ordusunda istifadə edilən minaya davamlı texnikalarda istifadə edilən rabitə sistemlərin alqı-satqısına dair 139 milyon dollar dəyərində iki müqavilə imzalayıb.

Məşhur raket istehsalçısı, «Patriot»ları ilə dünyada tanınan «Raytheon» şirkəti də krizisi uğurla dəf edib. Əsasən ərəb ölkələrindən, Tayvan və ABŞ ordusundan sifarişlərini alan şirkət hətta böyük maliyyə tutumuna baxmayaraq yeni silah modellərini yaratmağı davam etdirib və testləri uğurla yekunlaşdırıb. Təkcə may ayının ilk ongünlüyündə «Ratheon»un aldığı sifarişlərin ümumi dəyəri 150 mln. Dollardan çox olub.

Atıcı silahların məşhur istehsalçılarından olan Almaniyanın «Heckler and Koch» və ABŞ-ın «Colt Defense» şirkətləri isə böhranı unudub hərbi əməliyyat meydanlarına baş vurublar. Nəticədə hər iki şirkət ABŞ ordusundan və digər silahlanmaya meyilli ölkələrdən aldıqları sifarişlər əsasında qazanmağa nail olub. Bu şirkətlər ötən il istehsalda heç bir geriləmənin olmadığını və konkret rəqəm göstərmədən şirkətin kifayət qədər mənfəət əldə etdiyini deyirlər.

Böhrandan bir az əziyyət çəkən «Boeinq» şirkətindən fərqli olaraq dünyanın hərbi sənayesinin «dev şirkətləri» sayılan «Northrop Grumman», «Sikorsky», «Lockheed Martin», «General Dynamics», İngiltərənin «Typhoon International», İtaliyanın «Selex Galileo», Fransanın «Eurocopter» şirkətləri vəziyyətlərindən hələ ki məmnundurlar. Bu şirkətlər böhran dövründə Əfqanıstan, İraq əməliyyatları, eləcə də yeni ölkələrdən yeni texnikalar və modernizasiya sifarişləri hesabına genişləndiklərini də etiraf edirlər.

Yeri gəlmişkən, Əfqanıstan və İraqın adı çəkiləndə hərbi sərgidə iştirak edən şirkətlərin «üzü gülür». Pulu müharibələrdən çıxan hərbi şirkətlərin rəhbərlərinin üzlərindən müharibənin hələ bir neçə il davam etməsini istədikləri duyulur.

Məsələn, «BAE Systems»in vitse-prezidenti Dennis Morris Əfqanıstan bazarında da müəyyən paya malik olmalarına baxmayaraq təmsil etdiyi şirkətin əsasən imkanı daha böyük, pulu çox olan olan ərəb ölkələri ilə alış-veriş qurmağa üstünlük verir. May ayının ilk 10 günündə dəyəri 103 mln. dollardan çox olan 5 müqavilə imzalayan «BAE Systems», bu günlərdə Tayvanla «Patriot» raketlərinin satışına dair 5,5 mln. dollar dəyərində daha bir müqavilə imzalamağı planlaşdırır.

Əfqanıstan müharibəsi ABŞ şirkətləri arasında deyəsən ən çox minaya davamlı nəqliyyat vasitələrinin (MRAP) əsas istehsalçılarından olan «Force Protection»a düşüb. Şirkətin stendində yer alan məlumatlara görə, 2009-cu ilin müvafiq dövründə 184 milyon dollar təşkil edib. Cari ilin birinci rübündə 134,8 mln. dollar dəyərində satış həyata keçirilib. Şirkətin baş direktoru Maykl Mudinin sözlərinə görə, bundan əlavə olaraq, mayın 5-də ABŞ ordusu ilə 60 ədəd Bufallo minaya davamlı maşının alqı-satqısına dair müqavilə də bağlayıblar. Hansı ki bu maşınlar da Əfqanıstanda Baqram və Qəndaharda istifadə olunacaq.

Hərbi nəqliyyat vasitələrinin istehsalçısı olan «Oshkosh Defense»də Əfqanıstandan məmnundur. Şirkət bu ölkədə döyüşən ABŞ ordusu üçün müxtəlif markalı nəqliyyat vasitələrinin tədarükünü həyata keçirir. Əfqanıstanda taliblərin NATO və ABŞ qoşunlarına təchizat daşıyan maşın karvanlarına tez-tez basqınları da şirkətin maşınlarına təlabatı artırır.

Maliyyə böhranından ağır zərərlərə üzləşən Rusiya müəssisələri də ötən il silah satışının həcmini azaltmayıb. Əksinə «Rosoboroneksport» xarici sərgilərə qatılmaqla yeni müştərilər cəlb edib, həmçinin Qazaxıstan, Hindistan, Şimali Afrika ölkələri və İranala müqavilələr imzalayıb. Əvvəlki müqavilələr üzrə 2009-cu ildə 7,4 mlrd. dollarlıq silah və hərbi texnika ixrac edən Rusiya ixracatını 10% artırıb. Həmçinin 15 mlrd. dollar dəyərində xarici sifarişçilərlə 15 milyard dollar dəyərində müqavilələr bağlayıb.

Böhran Türkiyənin müdafiə şirkətlərinin də fəaliyyətini dayandırmayıb. MKE şirkətinin rəhbəri Ünal Önsipahioğlunun sözlərinə görə, bu cür böhranlar hərbi sənayeni daha da fəallaşdırır. Müxtəlif regionlarda hərbi əməliyyatların mövcudluğu və silahlanma yarışları hərbi şirkətlər üçün gözəl bazar yaratmış olur.

Türkiənin ASELSAN şirkəti də ötən il həm yerli, həm də xarici sifarişləri olan bu şirkət böhrandan nəinki zərərsiz, hətta mənfəətlə çıxıb. Türkiyə Müdafiə Sənayesi Katibliyinin açıqladığı rəqəmə görə, ötən il Türkiyənin müdafiə sənayesi 650 mln. dollarlıq məhsul və xidmət ixracatını gerçəkləşdirib ki, bu da 2009-cu illə müqayisədə 12,8% çoxdur. Katiblik 2011-ci ildə bu rəqəmi 1 mlrd. dollardan artıq olacağını proqnozlaşdırır.

Zirehli texnikaların, aviasiya və dəniz sistemlərinin Afrika qitəsində ən böyük istehsalçısı olan Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti də böhrandan yan keçib. Şirkətin biznesin inkişafı departamentinin rəhbəri Mayls Çembersin sözlərinə görə, ötən dövrdə şirkət Hindistan, Azərbaycan, İordaniya və digər Cənub Şərqi Asiya ölkələrindən sifarişlər alıb və ya müştərək istehsal layihələrinə başlayıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də böhrana baxmayaraq silahlanma sahəsində fəaliyyətini davam etdirib. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, ölkənin müharibə şəraitində olması və mühafiə sənayesinin inkişafı ötən iki ildə diqqət mərkəzində olub. Nazirlik Azərbaycan Silahlı Qüvvələrinin sifarişlərini yerinə yetirməklə, bağlanmış müqavilələr çərçivəsində gərəkli silah və sursatı təhvil verib.

Rəşad Süleymanov
# 385

Oxşar yazılar