“KİV haqqında” qanunun 60-cı maddəsinə edilmiş dəyişikliklə bağlı debat keçirildi
19 fevral 2010 11:30 (UTC +04:00)

“KİV haqqında” qanunun 60-cı maddəsinə edilmiş dəyişikliklə bağlı debat keçirildi

Vüsalə Mahirqızı : “Əgər şəxsin narazılığı olarsa, məhkəməyə müraciət etsin, məhkəmə jurnalistin hazırladığı materialın, çəkdiyi video və foto çəkilişlərin ictimai xarakter daşıdığı, yoxsa şəxsi həyata müdaxilə olduğu barədə qərar verər”

İqbal Ağazadə: “Bu dəyişiklik jurnalistlərin fəaliyyətinə ciddi problemlər yaradacaq, çünki dəyişiklikdə qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə KİV tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”

Milli Məclisin son iclasında “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər edilib. “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 60-cı maddəsinə edilmiş dəyişikliyə görə, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu gün Azərbaycan Media Mərkəzi və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 60-cı maddəsinə edilmiş dəyişiklə bağlı APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı və millət vəkili İqbal Ağazadə arasında debat keçirildi.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Vüsalə Mahirqızı “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna edilmiş son dəyişikliyin məhdudlaşdırıcı xarakter daşıdığını söyləyib.

Vüsalə Mahirqızı qeyd edib ki, əslində hazırda xüsusi diqqət çəkən və geniş müzakirələrə yol asan məsələ ötən ilin martında referendumda qəbul edilmiş Konstitusiyaya əlavə və dəyişikliklərdə yer alıb. Ancaq həmin vaxt bu məsələyə diqqət yönəldilməyib: “Mən o vaxt buna etiraz etmişəm, bunun KİV üçün problemlər yaradacağını söyləmişdik. Amma mən indi olan etirazı başa düşmürəm, artıq Konstitusiyaya dəyişiklik referendumla qəbul olunub, xalq buna səsə verib. İndi sadəcə olaraq əsas qanunda, yəni Konstitusiyada əksini tapan düzəliş “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda və digər qanunlarda əksini tapır. İndi bunun belə olmaması daha anormal olardı, nəinki qanunlara həmin dəyişikliyin edilməsi. Amma bütün hallarda bu, bizim işimizə maneə yaradacaq”.

Bununla belə, APA İnformasiya Agentliyinin direktoru xatırladıb ki, Konstitusiyada məlumat azadlığı (50-ci maddə), fikir və söz azadlığı ilə bağlı müddəalar, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda jurnalistin müstəqil təhqiqat aparmaq hüququ əksini tapıb. Eyni zamanda KİV öz fəaliyyətində ictimai marağı əsas götürür: “Buna görə də hesab edirəm ki, jurnalistlər Konstitusiya və “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda qeyd olunan müddəaları əsas götürərək, ictimai maraq kəsb edən məlumatları toplamaq üçün müstəqil təhqiqat apara, video və foto çəkilişləri həyata keçirə bilər. Əgər həmin halda şəxsin narazılığı olarsa, məhkəməyə müraciət etsin. Məhkəmə də jurnalistin hazırladığı materialın, çəkdiyi video və foto çəkilişlərin ictimai xarakter daşıdığı, yoxsa şəxsi həyata müdaxilə olduğu barədə qərar verər”.


Millət vəkili İqbal Ağazadə isə deyib ki, qanunvericiliyə son dəyişiklik jurnalistin foto, video çəkilişlər aparmasını, şəxsin razılığı olmadan onun haqqında material hazırlanmasını birmənalı istisna edir və buna yol verən jurnalist hüquqi məsuliyyət daşıyır: “Buna görə də bu dəyişiklik birmənalı olaraq jurnalistlər üçün problem yaradacaq. Hətta bir nəfərin başqa birini döydüyü ilə qarşılaşsaq, jurnalist foto və video çəkiliş apararsa, döyən şəxsi jurnalisti məhkəməyə də verə bilər. Bu, Konstitusiyada məlumat və ifadə azadlığı ilə bağlı maddələrlə ziddiyyət təşkil edir. Ancaq keçən ilin martında elə həmin Konstitusiyanın 32-ci maddəsinə dəyişiklik edilib və indi “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna edilən dəyişiklik Konstitusiyada əksini tapıb. Yəni Konstitusiyanın özündə ziddiyyət var. Ona görə də praktikada “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna edilən dəyişiklik jurnalistlərin fəaliyyətinə ciddi problemlər yaradacaq. Çünki həmin dəyişiklikdə birmənalı olaraq qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Əgər bu dəyişiklikdə yalnız şəxsi həyata müdaxilənin yolverilməzliyi qeyd olunsaydı, bu, problem yaratmaz və anlaşıqlı qarşılanardı”.

Vüsalə Mahirqızı isə vurğulayıb ki, ən neqativ qanun belə jurnalistə və ümumiyyətlə şəxsə qarşı zorakılığı istisna edir: “Bu vaxta qədər video və foto çəkilişlərə görə jurnalistlər zorakılıqla üzləşməyiblər? Söhbət ilk növbədə demokratik düşüncə tərzindən gedir. Təki bütün məsələlər məhkəmədə çözülsün. Məhkəmə jurnalistin şəxsin həyatına müdaxilə etdiyi, yoxsa jurnalistin hərəkətinin motivinin ictimai maraqla bağlı olduğu barədə qərar versin”.

Eyni zamanda V. Mahirqızı deyib ki, məsələyə sadə adamların hüquqları baxımından da yanaşılmasının tərəfdarıdır: “Məsələn, ötən il televiziyalardan biri bir oteldən Yeni il çəkilişini yayımlamışdı. Həmin çəkilişdə ödənişini etməklə oteldə Yeni ili qarşılayan və heç bir xüsusi ictimai əhəmiyyəti olmayan adamlardan biri ailəsi üçün arzuolunmaz şəxslə bir yerdə görüntülənmişdi. O ailədə ciddi faciə yaşadı. Axı medianın insan haqlarını bu cür pozmağa da ixtiyarı yoxdu. Və ya ictimai əhəmiyyəti olan şahzadə Diananın ölüm səbəbi məhz paparasilərdən qaçması oldu. O zaman həmin insanların haqqı məsələsi də var axı”.

Debat iştirakçıları jurnalistlərin və ekspertlərin də suallarını cavablandırıblar.
# 1089

Oxşar yazılar