Niyə?
18 avqust 2010 16:22 (UTC +04:00)

Niyə?


Mətbuatdakı son mübahisələri, müzakirələri izləyirəm. Ciddi təəssüf keçirirəm. Biz yenidən 2005-ci ilə qayıdırıq. Ötən illər, bu qədər kartların açılması heç nəyi dəyişməyib. Yenə məktublaşmalar, yenə “detektivlər”, adsız, mənbəsiz xəbərlər, sonra da onların adsız-ünvansız təkzibləri, yeni qəhrəmanlar, çoxdan itmiş sifətlərin yenidən peyda olması... Hər şey 5 il əvvəlki kimidi. Yenə də bu beş il ərzində hökumət kuluarlarına yaxınlaşmaq istəyi alınmayanların müxalifətçilik damarı tutub. Hər şey davam edir...

Amma heç nədə ardıcıl olmadan...

Mübarizə - ideallar, prinsiplər, fəlsəfələr üzərindən aparılanda dəyər qazanır. İdeallar uğrunda aparılmayan və qurulmayan mübarizənin tərəfdar tapma imkanı məhdud olduğu kimi, tarixdə qalma şansı da yoxdu.

İnsan qruplarını, hətta kütlələri müvəqqəti də olsa, həyəcana gətirmək, çığırtı ilə diqqət çəkmək mümkündür; ancaq sağlam ideallardan və toplumun ehtiyacı olan fəlsəfələrdən bəslənməyən hisslərin ömrü uzun olmaz. Ola bilməz! Sadəcə parladın, qışqırdın və söndün!

Nazım Hikmət Türkiyədən qaçıb Moskvaya sığındığı andan öldüyü günə qədər sosialist düşüncələrindən geri addım atmadı. O özünün “Politbüro”dakılardan “daha səmimi və ardıcıl bir kommunist” olduğunu görəndən sonra kommunistləri tənqid edirdi, amma “Politbüro”dakı nöqsanlar Nazimin sosialist düşüncə tərzinə sədaqətindən heç vaxt vaz keçməsinə səbəb olmadı.

Yaxın tarixdə Türkiyədə ultra-solçu təşkilat üzvlərinin həbsxana şərtlərini bəyənməyərək ölüm aclığına başlamaları və təşkilatın 176 üzvünün öz idealları yolunda ölməsi nümunəsi də var.

Müasir Azərbaycanda isə fərqli nümunələr var. Bizdə vaxtilə qurulmasında iştirak etdiyi və sayəsində adı ortalıqda dolaşan siyasi quruma ad qoşanlar tapılır. Amma beləsi elə həmin partiyanın üzvü kimi həbsdə yatsaydı və bu qurumun ideallarına çöldəkilərdən daha çox sədaqətli olduğunu desəydi, onu daha səmimi qəbul eləmək olardı. Bir neçə ildə bir neçə siyasi dünyagörüşünü təqdir eləyib, sonra politologiya dərsi keçməyi, köhnə, vaxtı keçmiş rus politoloqlarından və nəzəriyyəçilərdən misallar gətirməyin “dəhşət savadlı adam görüntüsündən” başqa nəyəsə hesablandığını təxmin eləmək çətindi.

Jurnalistlik fəaliyyətinin hansısa mərhələsində sözünün çəp gəldiyi bir partiya liderini məhkəməyə verib “evini əlindən almaqla” təhdid edənlərin illər sonra onu “Rəsulzadə-Elçibəy yolunun sadiq davamçısı” adlandırmasının adını tapmaq olmur. Əgər söhbət demokratiyaya və insan haqlarına sayğıdan gedirsə, məhkəməyə şikayət ərizəsi verər-verməz “Filankəs evini satıb məhkəmənin kəsdiyi cəzanı mənə ödəyəcək” - tipli təhdidlərin nə demokratiya, nə də insan haqlarına sayğı ilə əlaqəsi ola bilər. Adamdan soruşmazlarmı ki, sən hələ məhkəmə başlamadan onun hökmünü hardan bilirsən? Məni bağışlasınlar, burada söhbət insan haqlarına sayğıdan yox, qoçu qaydalarından və mənəm-mənəmlikdən gedə bilər.

“Düşündüklərinin heç birini qəbul etmirəm. Ancaq düşündüklərinin hamısını olduğu kimi deyə bilməyin üçün əlimdən gələn hər şeyi etməyə hazıram”( Volter).

Mən kimsənin həbsdə qalmasından yana deyiləm. Həbsdə olan adamdan isterik bəyanat da, hay-küy içində yazdığı iki səhifənin içində ikicə cümləlik əfv diləyini də (elə bildiyim qədər, əfv ərizəsi iki cümlə olur) gözləmək olar. Amma gərək bunun özünü də ardıcıl edəsən...

Hacı Məmmədov adlı qatilin Elmar Hüseynovu keçmiş iqtisadi inkişaf nazirinin sifarişi ilə qətlə yetirdiyini söyləməsindən sonra həmin naziri “qətl sifarişçisi” elan edib, üstündən 4-5 ay keçəndən sonra başqasını yox, məhz həmin keçmiş naziri az qala ölkənin “xilaskarı” qılafına bürümək, demokratiya və insan haqlarını bir tərəfə qoyaq, hansı məntiqə və riyazi ölçüyə sığır? Hansı məntiq sahibi islamçı, avtoritar və demokrat dünyagörüşünə sahib üç fərqli siyasətçini eyni anda təqdir edə bilər? Dünyanın hansı prinsipial insan haqları müdafiəçisi və demokratiya mücahidinin, “vicdan və fikir” adamının bir-birinə 180 dərəcə zidd olan bu cür ziqzaqları ilə tanışsınız?

Sistemə nə ad qoyursunuz, qoyun. Əgər sistemi bütövlükdə hədəfə almısınızsa, o zaman onun məhkəmələrindən əfv diləməyin. Həm bütövlükdə sistemi hədəfinizə alma iddianız olacaq, həm də həbs qəti-imkan tədbirinin tarixini geriyə çəkə bilmək üçün məhkəmədə dəridən-qabıqdan çıxacaqsınız!

İnkarçı mövqedə dayanmağın da bir ardıcıllığı olmalıdı: Onda inkar etdiyinizin ianəsini qəbul etməyin, verdiyi fəxri ada sahib durub öyünməyin. Nazirinə, baş prokuroruna müraciət etməyin, heç bir ədalət və uduş gözləmədiyiniz seçkidə uğur qazanmaq üçün can atmayın, pul xərcləməyin!

Bir də oynadıldığını bilə-bilə oynamağın bircə adı var axı. Onu mən yazmasam da olar, hamı bilir onsuz da!

***

Demokratiya və insan haqlarından referans verərkən Tvardovskinin yerinə Sabiri örnək alaq:

Kim ki, insanı sevər, aşiqi-hürriyyət odur
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Məncə, mübahisələri ideallar və prinsiplər üzərindən aparmalıyıq. Ölkəsini qəzetdən, internetdən, televiziyadan izləyən oxucunun, tamaşaçının gözləntilərini puça çıxarmağa heç kimsənin haqqı yoxdu. Mübahisə və müzakirələri ideyalar və prinsiplər üzərində aparmayanda tədavülə gündəlik demaqogiyaların girməsi qaçılmaz olacaq.

Yorğun demokratlar, mandat müddəti bitmiş deputatlar, media həyatı sona yetmiş qəzetçilər söyüş meydanı axtaracaqlar, alternativ olan fikrə dözüm göstərə bilməyəcəklər. Öz gözündə tiri görməyənlər, başqa gözündə tük gəzəcəklər. Amma heç vaxt o suallara cavab verməyəcəklər ki, onlar niyə gündə bir fikrə qulluq edirlər? Niyə həbsxanada oturub hər kəsin bostanına daş atmaq olar, söyüş söymək, təhqir, qarğış yağdırmaq olar, hətta bunu xüsusi mərdlik və cəsarət nümunəsi kimi də təqdim eləmək lazımdı, amma bu təhqir və qarğışlara cavab vermək olmaz və bu cavablar namərdlik kimi qiymətləndirilməlidir? Niyə həbsdən Azərbaycan Konstitusiya Qanununu təhqir eləmək xarici qurumların sifarişi sayılmır, amma Ana Yasanın aşağılanmasına qarşı çıxmaq hökumətin sifarişi hesab olunur? Niyə evi, mülkü əlindən getmiş, 15 ildir ki, vətəndaşlığı olmadan yaşayan Azərbaycan qaçqınlarının illər əvvəl Avropa Məhkəməsinə etdiyi şikayətə baxılmır, amma onların faciəsinin səbəbkarına “cənab prezident” deyə müraciət eləyənin şikayəti ilə bağlı dərhal hökm çıxarılır?

Və... Hamını bir dəfə, bəzilərini həmişə aldatmaq olar, amma hamını həmişə aldatmaq olmaz! Bunu da Avraam Linkoln deyib, ABŞ demokratiyasının parlaq nümayəndələrindən biri...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar