Türkiyə siyasətçiləri Rusiya-Ermənistan hərbi sazişi barədə - SORĞU
23 avqust 2010 13:32 (UTC +04:00)

Türkiyə siyasətçiləri Rusiya-Ermənistan hərbi sazişi barədə - SORĞU

NATO da daxil olmaqla, Qərb öz qurumları vasitəsilə Azərbaycan, Ermənistan və Gürcüstanı öz təhlükəsizlik sisteminə inteqrasiya etmək istəyir. Çünki Qafqaz Orta Asiyaya açılan pəncərə olduğuna görə Qərb üçün önəmlidir. Lakin Rusiyanın 2008-ci ildəki müharibədən sonra Gürcüstanda yaratdığı vəziyyət, Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın Rusiya ilə olan hərbi əməkdaşlığı NATO-nun bu məqsədə çatmasını çətinləşdirir”.



Bunu APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin NATO qrupunun rəhbəri, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Vahid Ərdəm deyib.


V.Ərdəm Rusiyanın bu siyasətinə baxmayaraq, NATO-nun Cənubi Qafqaz ölkələri ilə münasibətlərini davam etdirdiyini söyləyib: “Bunun nə ilə nəticələnəcəyini bilmək mümkün deyil. Rusiyanın Ermənistanı yenidən silahlandırması Qərbin xoşuna gəlmir. Qərb dünyasının bu bölgə ilə əlaqəsini kəsməsindən söhbət gedə bilməz. Bu işin axırının hara gedəcəyini indidən deyə bilmərik. İndi Rusiya vəziyyətə daha çox hakim kimi görünür. Mən Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istədiyini zənn etmirəm. Bunu arzu edən kimi görünsə də, inanmaq çətindir. Çünki Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistanın və Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirəcək. Rusiya əlindən gəldiyi qədər bunu çətinləşdirir”.


Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının millət vəkili, Türkiyənin NATO-dakı keçmiş səfiri Onur Öymən isə Rusiyanın Ermənistanla imzaladığı yeni hərbi sazişə Türkiyə mediasının diqqət göstərməməsini heyrətlə qarşıladığını vurğulayıb: “Məsələyə daha geniş çərçivədə baxmaq lazımdır. Fevralda Rusiya Abxaziya ilə də hərbi saziş imzaladı. Orda da hava və dəniz bazalarını 49 illiyə icarəyə götürdülər. Ermənistanla imzalanmış yeni hərbi saziş Rusiyanın uzun müddətə Qafqaza yerləşmə niyyətini ortaya qoyur. Biz bu bölgəni silahlı münaqişələrdən uzaqda tutmaq istəyərkən meydana yeni güc balansı çıxır. Gümrü bazasının icarə müddətini uzadan ermənilər böyük ehtimalla Rusiyadan güclü siyasi dəstək də alıb. Rusiya ermənilərin Qarabağın işğalını davam etdirməsinə göz yummağa davam edəcək. Mən Azərbaycanda bu proseslərə necə reaksiya verildiyindən xəbərdar deyiləm, ancaq Türkiyənin cərəyan edən proseslərə bu qədər laqeyd qalması düşündürücüdür. Bir tərəfdən Türkiyə ilə Rusiya arasında ticarət əlaqələri genişlənir, Türkiyə öz ərazisində atom stansiyasının tikintisini Rusiyaya həvalə edir, ancaq digər tərəfdən Rusiya regionda Türkiyəni son dərəcə narahat edən addımlar atmaqdan çəkinmir. Bunlar önəmli şeylər olsa da, Türkiyə buna etiraz etmir”.


O. Öymən bildirib ki, NATO hər hansı təlimlə bağlı Türkiyəyə əmr verə bilməz: “Əgər Türkiyə etiraz etsə, Ermənistandakı təlim həyata keçirilməz. Çünki NATO-da qərarlar yekdilliklə qəbul edilir. Əgər NATO-nun Türkiyə vasitəsilə Ermənistana hərbi material göndərməsi gündəlikdədirsə, deməli Türkiyə buna razılıq verib. Yunanıstan icazə vermədiyinə görə NATO-nun Egey dənizində planlaşdırdığı hərbi təlimi ləğv etdiyi vaxtlar olub. İndiki vaxtda NATO-nun Ermənistanda təlim keçirməsi heç də məqsədəuyğun deyil. Türkiyə etiraz etsə, bu təlim təxirə salına və ya ləğv edilə bilər. Əgər mətbuatda yazılanlar doğrudursa, deməli Türkiyə Ermənistandakı təlimə etiraz etməyib. Təəssüf ki, indi Türkiyə hər kəsə baş əyən bir siyasət izləyir. “Qonşularla sıfır problem” siyasəti bölgədə yeni problemlərin yaranmasına səbəb oldu”.


Milliyyətçi Hərəkat Partiyasının millət vəkili, TBMM Xarici əlaqələr komissiyasının üzvü Tunca Toskay da AKP hökumətinin Ermənistan siyasətinin reallıqlara uyğun olmadığını deyib:



“Ermənistan heç vaxt bizə münasibətdə səmimi olmayıb. Rusiyanın Ermənistan siyasətinin heç vaxt dəyişməyəcəyi də məlum idi. Bu səbəblə Türkiyənin siyasətinin müsbət nəticəsi olmadı. Hamının gördüyü kimi, Türkiyə ilə qardaş Azərbaycan dövləti arasında qısamüddətli də olsa bəzi umu-küsülər yaşandı. Azərbaycanın Türkiyəyə olan etimadının sarsılması iki ölkənin mənafeyi baxımından da doğru deyildi. Bunun neqativ nəticələrini yavaş-yavaş görürük. Türkiyə ilə Azərbaycan arasındakı etimadsızlıq
atmosferinin qəti şəkildə aradan qaldırılması lazımdır. Hər iki dövlətin liderləri tez-tez görüşməlidir. Xarici işlər nazirliklərimiz ölkələrimiz arasındakı münasibətləri maksimum səviyyəyə çıxarmaq üçün intensiv şəkildə çalışmalıdır. Ölkələrimiz arasındakı münasibətlər sağlam təməl üzərində inkişaf etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar