Bolqarıstan Azərbaycanın təcrübəsindən faydalanacaq  - FOTO
29 oktyabr 2012 18:15 (UTC +04:00)

Bolqarıstan Azərbaycanın təcrübəsindən faydalanacaq - FOTO

0
Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları və elektron ədliyyənin tətbiqi maraq doğurur


Bolqarıstanın ədliyyə naziri Diana Kovaçevanın dəvəti ilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 22-24 oktyabr tarixlərində bu ölkədə səfərdə olub.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ədliyyə nazirləri arasında keçirilmiş görüşdə Fikrət Məmmədov Azərbaycanda aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarının, hakimlərin seçim prosesinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini söyləyib, elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumatlar verib.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Diana Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını bildirib. Fikrət Məmmədov səfər zamanı Bolqarıstanın baş naziri Boyko Borisov tərəfindən qəbul olunub. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən Boyko Borisov dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini dilə gətirib. O, ölkəsinin Avropada Azərbaycanın etibarlı dostu olduğunu bildirib. Görüşdə əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Fikrət Məmmədov Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçevlə də görüşüb. Azərbaycanla əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən Tsetska Tsaçev parlamentlərarası əməkdaşlıq səviyyəsini və dostluq qruplarının səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Sonra Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Rəmzi Osmanla işgüzar görüş keçirilib, ölkələrimiz arasında dərin tarixə malik olan əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəmənin sədri Lazar Qruyev, Baş Prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilib. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi və etik davranışı müzakirə olunub. Eyni zamanda Azərbaycanda dövlət başçımızın siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradılması diqqət çatdırılıb, beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Səfər zamanı Bolqarıstanın ən böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə də baş çəkilib. Səmimi və dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron ədliyyənin tətbiqinə böyük maraq göstərilib. Eyni zamanda həmsöhbətlərin diqqəti Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.


Bolqarıstanın regionları ilə tanışlıq məqsədilə Qabrovo vilayətinə səfər edilib, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələr ilə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılıb. Nümayəndə heyətimiz Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanış olub. Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar