İƏT Xarici İşlər Nazirləri Şurasına sədrlik Azərbaycana keçdi
15 oktyabr 2012 15:55 (UTC +04:00)

İƏT Xarici İşlər Nazirləri Şurasına sədrlik Azərbaycana keçdi

APA məlumatına görə, tədbirin açılış mərasimində iştirak edən Türkiyənin xarici işlər naziri, İƏT XİN Şurasının hazırkı sədri Əhməd Davudoğlu sədrliyin Türkiyədən Azərbaycana keçməsini alqışlayıb. O bildirib ki, Türkiyə sədrlik təcrübəsini Azərbaycanla yaxından bölüşəcək. Sədrliyi qəbul edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT-ə sədrlik dövründə qurumun fəaliyyətinin əsas prioritetləri barədə məlumat verib. Bu prioritetlər arasında nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit sahəsində dialoqun genişləndirilməsi də var. Nazir Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesinə dəstəyi davam etdirəcəyini bildirib. İƏT məkanında həlli uzadılmış münaqişələrin hələ də mövcud olduğunu xatırladan Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə və mövcud sərhədlərinə hörmətlə yanaşmaq çərçivəsində nizamlanmalıdır və bunun başqa alternativ yoxdur. O, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İƏT ölkələrinə təşəkkür edib.

Qeyd edək ki, iclasda 10 ölkənin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis olunub. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan təşkilata qoşulub.

Sabah isə Bakıda İƏT ölkələri dövlət və hökumət başçılarının XII zirvə toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar