"Bütün prosesdə biz həmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımda demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu ölkələr bütün proses boyunca son olaylara qədər vahid bir mövqedən çıxış edirdi, bitərəf idi. Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstərmirdilər".
APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Aparıcının “Fransa Prezidenti Makronu üzr istəməyə dəvət etdiniz” replikasına cavab olaraq dövlətimizin başçısı deyib: “Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir. Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu?”
Prezident İlham Əliyev qeyd edib ki, ona görə də “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.