Nərimanovu “çubuqlayan” dahi, “gecikmiş” teleqram, bəy oğlunun qətli... – Şəhid ziyalı
05 iyun 2020 10:00 (UTC +04:00)

Nərimanovu “çubuqlayan” dahi, “gecikmiş” teleqram, bəy oğlunun qətli... – Şəhid ziyalı

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız 57 yaşında qətlə yetirilmiş, məzarı də bəlli olmayan maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlidir.

 

1920-ci il iyunun 5-də qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilib, hökm yerindəcə icra edilib. Yubatmadan. Birdən hansısa bir qüvvə bu qətlə mane olar, o həyatını davam etdirər, ziyası xalqını yatırtmağa mane olar deyə...

 

Haqqında araşdırma aparanda qarşıma belə bir cümlə çıxdı “Firidun bəy Köçərli ən sevgili abidələrimizdən biridir” – təəccübləndim, cümləni təkrar oxuyanda gördüm ki, abidə deyil, “ədiblərimizdən biridir”. Amma mahiyyət elə eynidi. Firidun bəy Köçərli kimi şəxsiyyətlərin abidəsi onlara dəyər verə bilənlərin qəlbindədir - ən sevgili abidə kimi.

 

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada Köçərli məhəlləsində bəyzadə  ailəsində dünyaya gəlib. Sonradan bu məhəllənin adını özünə soyad götürür.

 

Ulu babası Məhəmməd Şuşaya Qarabağın Cavanşir mahalından köçüb. Atası Əhməd Ağa Şuşa bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində əkin sahəsi və tut bağı vardı. Qışı ailəlikcə Əyricə kəndində keçirərmişlər. Əhməd Ağa fars dilini yaxşı bildiyindən qış uzunu klassikanı mütaliə edər, ailəsi üçün danışarmış. Atasının Firdovsinin “Şahnamə”sindən əzbər bildiyi hissələri tez-tez deməsi Firidun bəyin xoş uşaqlıq xatirələri olub.  

 

Məskəni qışda Əyricə olsa da, yazı-yayı Şuşada keçib. Atası onu Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur ki, şeirə-sənətə, fars dilini öyrənməyə həvəs yaratsın.

 

Dörd illik mədrəsə təhsilindən sonra Firidun 1976-cı ildə Şuşada rus məktəbinə daxil olur. 1878-ci ildə Qori Müəllimlər seminariyasının müəllimi Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir. Onunla söhbətdən sonra gənc Firidun bəydə Qori seminariyasında təhsil alıb, müəllim olmaq marağı yaranır. Onunla birgə təhsil almaq üçün Qoriyə gedir.

 

Seminariyada sinifdənxaric təlim-tərbiyəyə üstünlük verilirdi. Tələbələr Tiflisin mədəni həyatında yaxından iştirak edir, tez-tez teatra gedirdilər.

Firidun bəy seminariyada altı il təhsil alır. Bu illər onun bir müəllim kimi hərtərəfli yetişməsində yaxşı bünövrə olur.

 

1885-ci ildə Firidun bəy Köçərli qədim İrəvan şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır.  

 

1885-1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxət tədris edib.

 

Gimnaziyada işlədiyi müddətdə Firidun bəy həm də tərcüməçilik edib.

Puşkinin, Lermontovun əsərlərini Azərbaycan dilinə tərcümə edirdi.

 

Pedaqoji sahədə dəfələrlə mükafatlandırılıb. Ona “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilib.

 

1895-ci ildə onun “Tatar komediyaları” adlı məqaləsi Tiflisdə “Novoe obozrenie” qəzetində çap olunur. Elə həmin il ədib Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. Bununla da onun elmi-pedaqoji, ədəbi-ictimai fəaliyyəti daha da genişlənir. Müxtəlif mətbu orqanlarda tərcümələri, elmi-metodiki yazıları çap olunur.

 

Qoridə işlədiyinin ikinci ili, 1897-ci ildə Qazax mahalının Salahlı kəndində  Badisəba xanımla tanış olur. Seminariya üçün gənclər arasında söhbət aparanda qızın ona baxan heyran baxışlarına biganə qala bilməyən Firidun bəy Vəkilovlar nəslindən olan bu qızla evlənir.

Özündən 18 yaş kiçik olan Badisəba ilə Firidun bəyin münasibətləri zərin zərgərə verilməsi misalına bənzəyir. Həyat yoldaşının qələm, maarif əhli olduğunu dərinliyinə qədər anlayan Badisəba xanım onun ədəbi fəaliyyətlə məşğul olması üçün bütün şəraiti yaradır. Bir ömür boyu övladı da olmayan qadın özünü həyat yoldaşına fəda edir.

Onlar həm də əqidə və məslək yoldaşı olurlar. Badisəba xanım da Firidun bəy kimi meylini yalnız oxutmağa, maarifləndirməyə, Azərbaycan övladlarının bilikli-savadlı olması üçün çalışmağa salır.

Hətta Firidun bəyin ölümündən sonra onun əsərlərinin çapı edilməsi üçün Badisəba xanım mücadilə aparıb. 1925-ci ildə Firidun bəyin “Azərbaycan ədəbiyyatı” kitabını repressiyadan qoruyub, sonradan çap üçün “Azərnəşr”ə verib.

 

Firidun bəy 1910-cu ildən Qori seminariyasında Azərbaycan şöbəsində dərs deyir. 1917-ci ildə şöbənin inspektoru təyin olunur. Həmin vaxt çarizm süquta uğramışdı və ölkədə hərc-mərclik baş alıb gedirdi. Uzaqgörən ədib bu vəziyyətdən və seminariyada təhsilin, nəzarətin zəifləməsindən gəldiyi qənaəti Azərbaycan  Maarif Nazirliyinə bildirir. Nazirlik icazə verir, amma köməklik göstərə bilmir. Nəticədə Firidun bəy öz gücünə, vəsaiti hesabına yerli ziyalıların “qorxma-qorxma” dəstəyi ilə Qori seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürür. 1918-ci il sentyabr ayının 17-də Qazax Azərbaycan Müəllimlər Seminariyasında çalınan ilk zəng millətin övladlarını təhsilə səsləyir.

Firidun bəy özü seminariyada həm pedaqoqikadan dərs deyir, həm də onun direktoru idi. Bununla fəaliyyətini bitmiş hesab etmirdi.  

Bütün missiyası əhalinin savadlandırılması yönündə idi. Gecə məktəbləri açır, savadsız təbəqəni kurslara cəlb edir, məktəblər, bağçalar açmaq üçün təşəbbüsçü olur, özfəaliyyət dərnəkləri yaradırdı.

Xalq ədəbiyyatı nümunələrini toplayıb qələmə almaq isə onun missiyasının digər istiqamətlərindən biri idi.

 

Hələ 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” adlı əsər yazmışdı. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdi.

 

1886-cı ildə kiçik səhnəciklərdən ibarət ilk teatr tamaşasına quruluş vermişdi.

1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxıb.

M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap etdirib.

 

“Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində, 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına Firudin Köçərlinin kitabları da vardı.

 

1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir.

 

1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından sevincək jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetinə verir.

 

“İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyni adlı məqaləni “Znaniye” qəzetində çap etdirir.

 

Azərbaycan ədəbiyyatını yalnız bir yerə toplamadı, yalnız çap etdirmədi, onu həm də ilk dəfə təhlil edib, elmiliyini üzə çıxartdı. “Mirzə Fətəli Axundov” adlı kitabı da buna misaldır. Firidun bəy ədəbiyyat tarixini yaradan şəxsdir.

 

Ədəbiyyatımızda çox yüksək dəyərləndirilən 1912-ci ildə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çıxıb. İndi də uşaqlar üçün maraqlı mənbədir.

 

Abbas Səhhət və Abdulla Şaiqlə Firidun bəy Köçərli dost, məsləkdaş olublar. Bununla belə, o dahilərin belə şeiriyyəti Firidun bəyin tənqid hədəfindən yayına bilməyib.

 

Abbas Səhhətin Firidun bəy Köçərlinin ona yazdığı tənqid dolu məktubuna cavabı arxivdə əlimizə keçdi. Məktub özü ortada yoxdur, ancaq cavab hər mətləbi əxz edir:

 

Yazmısan tazə nə şeylər?- deyə sordun məndən,

Ruhumun tarına mizrabzən oldun, qardaş.

Sabir ilə belə məktubu çox aldıq səndən,

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş.

Bir zaman Nasehü Tərrah ilə, Sabir, bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.

O pərişan yuxudan sən bizi bidar etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin. 

 

Böyük etirafdır, böyük ədib sarıdan. Deyir ki, Sabirlə hər ikimiz nə yazdıqsa, səbəbkarı sən oldun. Nəzərə alanda ki M.Ə.Sabirlə A. Səhhət Azərbaycan klassik ədəbiyyatının nəhəng simalarıdır, o zaman görün onları tənqid edən Firidun bəy Köçərli hansı zirvədədir.

 

Onun tənqidinə tuş gələn Nəriman Nərimanov yazır: “Düz 20 il bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı tənqid etdi. “Yaramaz bir şey” adlandırıb, yazanını, yəni məni “çubuqladı”. Onu oxuyan deyərdi “Nadanlığı”ı yazan bir də əlinə qələm götürməz. Fəqət onun “çubuqlaması” “Nadir Şah”ın yaranmasına səbəb oldu”.

 

Firidun bəy Azərbaycanın istiqlalı hərəkatında da ön sıralarda görünür.

 

Müsavat partiyasının Qazax bölməsinin rəhbəri idi.

 

Azərbaycan dilinin havadarlarından olan ədib bütün əsərlərini ana türkcəsinə yazıb. Deyirdi: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz. Ana dili millətin mənəvi diriliyidir. Həyatın mayəsi, mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır”.

 

Ən başlıcası, müəllim idi Firidun bəy Köçərli - öyrədən. Araşdırmaçısı Bəkir Nəbiyev də bu xüsusda deyir: “Ən əsas müəllim idi, maarifçiliklə bağlı gördüyü bütün işlər də müəllimlik məsləyindən irəli gəlir”.

 

Həyatı boyu öyrətdi, məsləyi bu idi. Cümhuriyyət quranların əksəriyyətinin əsli-nəcabəti bəyzadə idi, oxumuş, yaxşı təhsil görmüş şəxsiyyətlərdi. Məsləklərinə heç biri xəyanət etmədi, repressiya qurğusundan sıyrılıb sağ qalanları bir ömür boyu bu missiyanı yerinə yetirdi, qətlə yetirilənlərin isə mərd ölümləri ilə dərs verdilər.

 

Firidun bəy Köçərli 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilir. Qələm tutan müəllim əlləri İstiqlal bəyannaməsini imzalayır.

 

1920-ci ildə rus-sovet qoşunları Azərbaycanı işğal etdikdən sonra bolşevik hökuməti onun da qətlinə fərman verdi.

Azərbaycanda bütün düşünən başlar, danışan dillər repressiya maşının kəsən tərəfindən keçirildi.

1920-ci ildə Firidun bəy Köçərli də "xalqa xəyanətdə", "milli nifaq salmaqda”,   "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsi olmaqda ittiham edildi.

Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılır. 1920-ci il iyunun 5-də qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilib, hökm yerindəcə icra edilib. Yubatmadan. Birdən hansısa bir qüvvə bu qətlə mane olar, o həyatını davam etdirər, ziyası xalqını yatırtmağa mane olar deyə...

 

***

 

Gəncə üsyanından sonra həbs edilənlərin bəziləri Nəriman Nərimanovun sayəsində azad edilir. Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatdırılıb. O, Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərib. Teleqram onu qətlə yetirəcək adamın əlinə çatan kimi Firidun bəyi güllələyir və yanındakı ikinci adama - “biz onu güllələyəndən sonra Nərimanovun göstərişindən xəbərdar olduq” - deyir.

 

Tarixçi-araşdırmaçı Firdovsiyyə xanım Əhmədova yazır ki, Köçərlinin qətli Nərimanovu çox mütəəssir edib. 1920-ci ildə Gəncədə olarkən dərin istintaq keçirilməsinə göstəriş verib: “Firidun Köçərli Azərbaycan mədəniyyətinin parlaq fiqurudur, adı bizim ölkəmizdən kənarlarda da geniş tanınıb, biz onun qətli vəziyyəti barədə dəqiq məlumat almağa borcluyuq”.

 

Güllələnmə haqqında çıxarılmış qərar:

 

"Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək, zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

 

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

 

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

 

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.”

 

Ölümündən sonra - 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi, 1926-cı ildə isə II hissəsi çap edilib. Badisəba xanımın sayəsində.

 

Abdulla Şaiqin xatirələrində: “1914-cü ildə mən Gürcüstanda Mangilisi yaylağında istirahət edəndə Firidun bəy Köçərli özünün “Azərbaycan ədəbiyyatı” əsərinin sonuncu, III cildindən XX əsr ədəbiyyatımıza həsr edilmiş bəzi fəsilləri mənə oxudu”.

 

Çox təəssüf ki, XX əsr Azərbaycan ədəbiyyatından həsr edilən III cild günümüzə gəlib çıxmayıb, məhv edilib. Firidun bəyin özü kimi irsini də yer üzündən silmək istəyiblər.

 

İllər sonra onun irsinin araşdırılması qadağası götürülür və ilk dəfə 1957-ci ildə akademik Bəkir Nəbiyev Firidun bəyin irsini araşdırmağa başlayır. O, arxiv materialları toplayaraq, Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək, 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

 

Azərbaycanın 57 yaşında qətlə yetirilmiş, məzarı də bəlli olmayan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin haqqını yalnız 150 illik yubileyini 2013-cü ildə təntənəli qeyd etməklə, bir də  uşaq kitabxanasına adını verməklə ödəməyə çalışmışıq.  

 

P.S. Arxiv materiallarının tapılmasında köməyə görə M.F. Axundov adına Milli Kitabxananın əməkdaşlarına təşəkkür edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40843
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar