Moskvaya sərt cavab, iş otağında qətl, Şuşa göylərində dolaşan bayatı... – Şəhid ziyalı
16 noyabr 2020 20:15 (UTC +04:00)

Moskvaya sərt cavab, iş otağında qətl, Şuşa göylərində dolaşan bayatı... – Şəhid ziyalı

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. Lent.az-ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız Mikayıl Gözəlovdur. Şuşanın işğalından əvvəl ora rəhbərlik etmiş və iş başında qətlə yetirilmiş, camaatın “Mikayılsız Şuşa - Şuşasız şuşalılar deməkdir” - deyə ağladıqları Mikayıl Gözəlov.

 

90-cı illərdə Şuşa dağlarını bir bayatının əks-sədası götürmüşdü. Yalnız Şuşa əhli deyil, dağlar da bu bayatını deyib ağlayırdı, sanki...

 

Əzizim Şuşa qala

Yolları Şuşa qala

Gözəlov öldü getdi

Çətin ki, Şuşa qala.

 

Qoca Mikayıl oğlu Gözəlov 1910-cu ildə Ağdamın Mərzili kəndində dünyaya gəlib. Mərzili kəndi Azərbaycana çox alimlər, ziyalılar bəxş edib. Təkcə Xudu Məmmədovun adını çəkmək kifayət edər ki, Ağdamın Mərzili kəndinin tariximizdəki yeri bəlli olsun.

 

Qoca Gözəlov da dövrünün tanınmış adamı olub. Dağdan arana, arandan dağa köç edən bir ailənin yetirməsi idi. Günü at belində keçərmiş, bununla belə, oxumağa çox meyli varmış. Təhsil almaq həvəsi ilə Ağcabədiyə Cəlil Məmmədquluzadənin yanına da gedib çıxıb.

1920-ci ildən sonra sovet hökuməti onların əlindən mal-qaralarını alıb. Qocanın qardaşı olanı-olmazı ilə qoşulur kolxoza. Qoca gecə kurslarında təhsil alıb, qulluğa düzəlir.

 

Yavaş-yavaş yenidən özlərinə gəlməyə başlayanda Qocanı müsavatçı adı ilə həbs edirlər. Sonra da müharibə başlayır. Qocanı həbsdən buraxırlar, amma müharibəyə göndərmirlər, savadlı olduğundan çörək zavoduna direktor təyin edirlər.

 

Söhbət açdığımız Mikayıl Gözəlov həmin Qoca Gözəlovun oğludur. 1948-ci il aprelin 5-də Mərzilidə dünyaya gəlib. Ona babasının adını veriblər – Mikayıl.

 

Bir gün Mikayıl böyük qardaşı Rövşənə qoşulub gedir məktəbə. O vaxt Mikayılın beş yaşı vardı, birinci sinfə isə yeddi yaşda gedirdilər. Mikayıl keçib dərsə yeni başlayan birinci sinifdə oturur. Hər gün dərsə gedən Mikayıl bir gün müəllimə deyir ki, niyə hamının adı jurnalda var, mənim yox? Müəllim deyir axı, sənin beş yaşın var, hələ yaşın çatmır. Mikayıl “məndən də hər gün dərs soruşun, bilməsəm, daha məktəbə gəlməyəcəm” – deyir.

 

Hər gün Mikayılın dərslərə yaxşı cavab verdiyini görən müəllim ona “daha sənin də adını jurnala yazıram, amma gərək dərslərini həmişə yaxşı oxuyasan” - deyir.

Elə aşağı siniflərdən məktəbin ictimai işlərində fəal iştirak edirdi. Atası görür ki, oğlunun oxumaq yanğısı və liderlik qabiliyyəti də özününkü qədər güclüdür. 7 illiyi bitirəndən sonra da təhsilini davam etdirməsi üçün onu qonşu Novruzlu kəndindəki 10 illik məktəbə göndərir.

 

Orta məktəbi bitirən Mikayıl 1964-cü ildə indiki Texniki Universitetə qəbul olunub. Tələbə yoldaşları diplom işi üçün bina layihəsi hazırlayanda, Mikayıl bütöv bir mikrorayonun layihəsini hazırlayıb, diplomunu alır.

 

İlk iş yeri də Şuşadakı 92 nömrəli tikinti idarəsi olur. 28 yaşında həmin idarənin rəisi olacaq qədər sevilirdi Şuşada. Öz əməyi, vətənpərvərliyi, səmimiyyəti ilə qazanmışdı o sevgini. Vəzifəyə yox, əhaliyə, onların etimadına güvənirdi.

 

Şuşada küçələr, yollar salır, binalar tikdirir, şəhərin, kəndlərin abadlaşdırılması üçün əmək sərf edirdi. Həm də yalnız Şuşada deyil, Ağdamda, Xocalıda, Qubadlıda, Füzulidə, Kəlbəcərdə onlarla tikinti obyektləri inşa edib.

 

1988-ci ildə Şuşa Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin sədri seçilib. O dövr idi ki, Qarabağda, Şuşada ermənilər fəallaşıb açıq-aydın torpaq iddiası edirdilər. Mütəmadi qətllər, terror törədirdilər.

 

1989-cu ildə Xankəndində DQMV-nin 9 saylı tikinti trestinə rəis müavini təyin edilib. Vilayətdə ermənilərin “Krunk” təşkilatının təxribatçı fəaliyyətinə qarşı mərdliklə mübarizə aparırdı.

 

Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Xankəndindən qovulmuş azərbaycanlılar üçün Şuşa-Xankəndi yolunun sağında salınmış yeni Xankəndi qəsəbəsinin inşası Mikayıl Gözəlovun adı ilə bağlıdır.

 

1991-ci il noyabrın 7-də Şuşanın icra başçısı Vaqif Cəfərov Azərbaycan KP-nin ikinci katibi Polyaniçkoya müavin təyin edilir, Mikayıl Gözəlov isə Şuşa rayon İcra hakimiyyətinin başçısı olur. Həvəslə, enerji ilə doğma Qarabağda quruculuq işlərinə başlayır. Generator gətirdib, Şuşanın işıq təminatını normaya salır. Vilayətdə iş yerlərinin açılmasının, əhalinin güzəranının qeydinə qalmağa başlayır. Əsrin əvvəlləri ilə müqayisədə Şuşada azərbaycanlı əhalinin azalmasına fikir verən yeni başçı araşdırmalarla müəyyən edir ki, bu işdə məkrli erməni siyasəti işləyir. İcra başçısı bəlkə özü də istəmədən, məcburən öz missiyasından tamam fərqli bir missiyanı da həyata keçirməli olur – hərbçi, müdafiəçi funksiyasını. Çünki o dövrdə hələ özümüzün də mahiyyətini, səbəbini dərk etmədiyimiz müharibəni yaşayırdıq. Hələ düşmənin məkrindən, niyyətindən baş aça bilmirdik.

 

Təyinatdan az sonra Qarakənd üzərində ölkənin ziyalılarının yığılıb Qarabağa yol aldıqları vertolyot vurulmuşdu.

 

Mikayıl Gözəlov Şuşanın, Qarabağın komandanına çevrilmişdi. Zamanın tələbi ilə 816 saylı özünümüdafiə taborunu yaradanlardan biri idi. Qala Dərəsi Böyük Qala Dərəsi, Salatın kəndlərinin azad edilməsini o təşkil etmişdi. Şuşanı müdafiə edir, həm ərzaqla, həm də silah-sursatla təmin edirdi.

 

Şuşa camaatı Mikayıl Gözəlovu görmək üçün, ona söz deməyə, problem həll etməyə icra hakimiyyətinin binasına getməyə ehtiyac duymazdı. Rəhbər bütün gün camaatın arasında olardı. Yeni tikdirdiyi yaşayış binasının qarşısında saldırdığı bağda hər iş saatının sonunda öz müavinləri ilə yığışıb, insanlarla ünsiyyət qurar, söhbət edərdi. 

Bütün bunlar ona əhali arasında böyük hörmət, sevgi və güvən yaratmışdı.

Hələ icra başçısı təyin olunmazdan bir neçə ay əvvəli - 1991-ci ilin yazında bir neçə millət vəkili ilə birgə Mikayıl Gözəlovun da olduğu vertolyot Şuşa səmasında vurulur. Mikayıl Gözəlov da yaralanır. Camaatın narahatlığı əbəs deyildi, az müddət sonra Ağdam Şuşa yolunda onun maşını qəzaya uğradılır. Mikayıl Gözəlov dəfələrlə Azərbaycan rəhbərliyinə, Sovet hökumətinə məlumat verirdi ki, Şuşada, Qarabağda vəziyyət yaxşı deyil, bir qərar qəbul edilməlidir. Susqunluqla qarşılaşır, ciddi, real iş görən, söz deyən olmurdu.

 

Şuşa günlərlə sürəkli atəşə tutulur, Moskvadan isə Gözəlova “siz atəş açmayın” - göstərişi verilirdi. Gözəlov, təbii ki, bu əmrə tabe ola bilməzdi, çünki atəş açana cavab atəşi açılmalı idi. Ona görə də özünümüdafiə batalyonunun topçularına atəş əmri verir.

Necə ola bilərdi ki, sənin ailən də daxil olmaqla elin-oban atəşin altında ola, amma sənə özünü qoruma, qoy səni öldürsünlər deyilə və sən də buna əməl edəsən.  

 

1991-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə Jeleznovodskda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilir. Sözdə Qarabağ məsələsini sülh yolu ilə həll etmək məqsədi daşıyan bu görüşdən sonra daha bir görüş Şuşada Gözəlovun kabinetində olur. Rusiya nümayəndə heyətini Jeleznovodskda qərar verilən razılaşmaya əməl edilib-edilmədiyi maraqlandırırdı. Artıq danışıqlardan, aramsız atəşlərdən, gecə-gündüz keçirilən görüşlərdən və onların heç bir anlam daşımadığından boğaza yığılmış Mikayıl Gözəlov əsəblə Rusiya nümayəndə heyətinə “biz əməl edirik, erməni tərəfi isə heç bir bəndə də əməl etmir, ya bir qərara gəlin, ya da Ermənistan qısa müddətdə atəşkəsə əməl etməsə,  Azərbaycan adekvat cavab verəcək” – deyir.  

 

Rusiya nümayəndə heyəti qeyzlənir ki, sən bizə ultimatum verirsən? “Bu bəyanatdır, istəsəniz ultimatum kimi qəbul edərsiniz” - deyə icra başçısı cavab verir.

 

1991-ci ilin dekabrın 11-nə Mikayıl Gözəlovun rəhbərliyi ilə ciddi əməliyyat planlaşdırılır. Şuşanı mühasirəyə düşmək təhlükəsindən qurtaran, bəlkə də o müharibədə yaxşılığa doğru ciddi addım olacaq bir əməliyyat. Əməliyyatdan bir saat əvvəl Mikayıl Gözəlov öz kabinetində güllələnir. Mərkəzi xəstəxanada sürücü işləyən Elbrus İbrahimov qəflətən kabinetə girib hansısa erməni əsilli şuşalının güllələnməsi üçün ondan icazə istəyir. İcra başçısı etiraz edir ki, mən sənə kimisə güllələmək üçün necə icazə verə bilərəm?! Bu sözdən sonra Elbrus İbrahimov silahını çəkib, Mikayıl Gözəlovu güllələyir.

 

Qatil məhkəmədə susur. Sonradan bildirir ki, onun kabinetinə öldürmək məqsədi ilə girməyib, mübahisə ora gətirib çıxarıb. Ona verilən güllələnmə cəzası sonradan qanuna müvafiq olaraq, ömürlük həbslə əvəz edilir.

 

2019-cu ilin yanvarında Elbrus İbrahimov həbsxanada səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişir. Bəlkə də böyük bir sirri özü ilə məzara daşıyır.

 

Mikayıl Gözəlovu doğulduğu Ağdamın Mərzili kəndində dəfn edirlər. Bütün Şuşa onu, onunla birgə Şuşanı ağlayırdı. Az müddət sonra Şuşa arxalarında köhnə sovet ordusu dayanan erməni terrorçuları tərəfindən işğal edilir. 

 

Şuşa ilə bərabər bütün Qarabağ, Mikayıl Gözəlov da daxil olmaqla minlərlə qarabağlının da məzarı işğal olunmuş torpaqlarda...

 

***

 

90-cı illərdə Şuşa dağlarını bir bayatının əks-sədası götürmüşdü.  Yalnız Şuşa əhli deyil, dağlar da bu bayatını deyib ağlayırdı, sanki...

 

Əzizim Şuşa qala

Yolları Şuşa qala

Gözəlov öldü getdi

Çətin ki, Şuşa qala.

 

P.S. Mikayıl Gözəlovun dörd övladı, altı nəvəsi var. Sonuncu nəvə babasının adını daşıyır - Mikayıl Gözəlov.

# 13252
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar