Zivər bəy Əhmədbəyovun Bakıdakı heykəli
19 fevral 2021 20:15 (UTC +04:00)

Zivər bəy Əhmədbəyovun Bakıdakı heykəli

Məkkədən gətirilən naxış, intiharla bitən ömür, didərgin düşən nəsil... – ŞƏHİD ZİYALI

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getmir söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

 

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız Azərbaycanın ilk ali təhsilli rəssam-memarı,  Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı, həm də Bakının ilk azərbaycanlı baş memarı olmuş Zivər bəy Əhmədbəyovdur.

***

Qəribə bir əhvalat eşitmişdim - bir nəfəri sağlığında harda olsa onu ildırım vurarmış, sonunda ildırım vurmasından ölür.  Ölümündən sonra belə adamın məzarı tez-tez ildırımın “xəncəri”nə tuş gəlir... Bu fizikadır, amma söhbət açacağım ziyalımızın başına gələnlər isə fizika deyil...tarixdir, milli taleyimizdir.

Ölümündən sonra evindəki bütün əlyazmaları, çertyojları, əşyaları, nəyi vardısa yoxa çıxıb. Gözdən yayınan bir məktubu tapılıb: “Nə qədər ki Bakıda Bağdasarovlar və Roxinlər var bu millətə xoş gün yoxdur. Bu dünyanı aranızdan bir kişi də tərk etdi”.

Bir də dostuna yazdığı məktub var, o barədə az sonra. 

1873-cü ildə Şirvanşahların keçmiş paytaxtı Şamaxının Sarıtorpaq məhəlləsində Gəray bəylə Töhfə xanımın ailəsində bir oğlan uşağı dünyaya gəlir. 9 uşaqlı ailənin sonbeşiyinin adını Zivər qoyurlar. Mənası bəzək, yaraşıq, zinət, süs deməkdir. Məsləyi də adına yaraşır. Gözəl, yaraşıqlı binaların memarı olur, süsləyir, bəzək vurur.

Zivər Bəy Əhmədbəyov

Taleyi isə yurdunun taleyinə bənzəyir. Dəfələrlə hücumlara məruz qalan, abidələri, memarlığı ermənilər tərəfindən dağıdılan, bu azmış kimi təkrar-təkrar zəlzələdən viran qalan Şamaxının taleyinə.

Uşaqlıqdan rəsmə və musiqiyə böyük marağı və qabiliyyəti olan Zivər evdə memarlıqla bağlı çox söhbətlərin şahid olurdu. Şamaxının zəlzələdən sonra quruculuq işlərində əvvəlki memarlığının saxlanılmasından, şəhərin əvvəlki  və indiki vəziyyətindən çox danışılardı. Tez-tez şəhərin memarlıq simasının saxlanılmasında  böyük əməyi olan memar Qasım bəy Hacıbabayevin adını eşidirdi. Bütün bunlar onun memar olmasının əsasını qoydu. Uşaq ağlı, düşüncəsi ilə doğma şəhərinin memarlığının qorunub saxlanmasında yenidən tikilməsində əməyi olmasını istədi.

Taleyin işinə bax ki, 1902-ci ildə Şamaxı zəlzələ nəticəsində yerlə yeksan olanda Zivər bəy Əhmədbəyov  Peterburqda I Nikolay adına Mülki Mühəndislər İnstitutunu bitirib, Bakıya qayıtmışdı. Şamaxının yenidən tikilməsində iştirak etmək qismətinə düşmüşdü. Şamaxının baş memarı olmuşdu. 

VIII əsrin İslam Memarlıq abidələrindən biri olan Cümə Məscidi (743-cü il) Cənubi Qafqazda tikilən ilk məscid olub.

Dəməşqdəki Cümə məscidi ilə eyni olan Şamaxı Cümə Məscidi memarlığı ilə çoxlarını heyran edərdi. Rusiyalı rəssam Qaqarin hələ 1847-ci ildə məscidin rəsmini çəkib. 1902-ci il Şamaxı zəlzələsindən sonra dağılmış, bərpası mümkün olmayan Cümə məscidinin yeni layihəsini hazırlayan Zivər bəy böyük sevgiylə gözəl bir memarlıq nümunəsi yaradıb.

Şamaxı qırğınları zamanı ermənilər qaçıb bu məscidə sığınan müsəlmanları od vurub diri-diri yandırıb, top gülləsi ilə məscidin 4 minarəsini uçurublar, lakin bütövlükdə Cümə məscidi salamat qalıb.

Həmin illər Zivər bəy “Yeni Şirvan” cəmiyyəti yaradıb, Şamaxının bərpası ilə məşğul olurdu. 

 

 

Göyçay məsçidi

Zivər bəy Şamaxıda və Bakıda çoxsaylı yaşayış binalarının memarıdır. Onu o vaxt Azərbaycanda fəaliyyət göstərən həmkarlarından fərqləndirən əsas cəhət Avropa memarlığı ilə Azərbaycan xalq memarlığını birləşdirməsi idi. Bakıda, Şamaxıda sırf Avropa üslubunda binaların, abidələrin inşasının tərəfdarı deyildi. Hər şəhərin, hər ölkənin öz siması var-deyirdi.

Bakıda “Doğum evi” (1910-cu illər), “Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafizəsi İnstitutu, 1914-1916) , Şamaxıda, Göyçayda, Bakıda məscidlərin müəllifidir.

Zivər bəyin şah əsəri Təzə Pir məscididir. 1883-cü ildə Bakı müsəlmanları şəhərdə Qala divarlarının yaxınlığında məscid tikilməsini xahiş edirlər. Qərar verilir, amma həmin yerdə deyil, o vaxt şəhərin kənarı sayılan Yuxarı Dağlı məhəlləsində tikilməsinə. Üstündən zaman keçir, amma iş başlamır. Məlum olur ki, vəsait çatışmır məscidin tikintisinə başlamaq üçün.

Axırda məscidin xərcini xeyriyyəçi Nabat xanım Aşurbəyova atasından və həyat yoldaşından qalma mirasın hesabına öz boynuna götürüb. Zivər bəyin təhsil xərcini də çəkmiş bu xanım bu dəfə onu Şərq ölkələrinə səyahətə göndərir  ki, onların memarlığına baxıb öyrənsin, məscidi şərq memarlığı üslubunda inşa etsin.

Zivər bəy layihəni hazırlayıb verir təsdiqə. Bina əzəmətinə görə şərqin ən möhtəşəm dini abidələrindən biri olmalı idi. Şəhərin hər tərəfindən görünən və günəşin şüaları altında parlayan.

Bakı quberniyasının dini işlər idarəsi təsdiq kağızını verəndə Zivər bəyə xüsusi xəbərdarlıq da edir ki, məscid, ona yaxın ərazidə Azərbaycanın vəsaiti ilə tikilmiş “Qızıl kilsə” deyilən Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır.

Zivər bəy layihədə dəyişiklik etməyə məcbur olur. Özülü 1905-ci ildə qoyulan bina 1914-cü ilə qədər tikilir. Təzəpir məsçidi bu gün də Bakının memarlıq incisidir.

Zivər bəyin daha bir gözəl əl işi Məkkədəki məscidin bəzi elementlərini özündə əks etdirən Əjdərbəy məscididir. Məscid Nabat xanım Aşurbəyovanın oğlu Əjdər bəy Aşurbəyovun vəsaiti ilə inşa edilib.

Əmircan qəsəbəsindəki məscid də Zivər bəy Əhmədbəyovun memarlıq işidir və Şərqin memarlıq incisidir.

Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi diktaturası”ndan azad olunması (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlayıb.

Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən istifadə olunub.

Azərbaycan  Cümhuriyyəti dövründə Zivər bəy Əhmədbəyov Bakının baş memarı vəzifəsində çalışırdı. Bütün cümhuriyyətçilər kimi, özünün, ailəsinin rifahından çox

Azərbaycanı, onun gələcəyini, dövlətçiliyin möhkəmliyini düşünürdü. Bakının, Azərbaycanın varlı-hallı adamlarından biri deyildi. Varı-dövləti özünün memarlıq üslubunda Çəmbərəkənddə  inşa etdirdiyi evi və onun içindəki dünya memarlığına dair kitablar, dünyanın hər yerindən ona hədiyyə edilən, yaxud səyahət etdiyi yerlərdən aldığı kiçik heykəlciklər, qravüralar idi.

 

Zivər bəy Əhmədbəyovun Bakıdakı heykəli

Xanımı Şövkət onun bütün gününü Bakının, Şamaxının daş-divarına həsr etməsilə razılaşmırdı. Bakının baş memarının var-dövləti daha çox və daha başqa nəsnələr olmalıdır - düşünürdü.

1920-ci il bolşevik işğalından sonra Azərbaycanı Şaumyanların idarə etməsinə - xalqa, dövlətçiliyə edilən qəsdlərə dözmürdü. Etiraz edirdi, sovet rejimini qəbul etmirdi. Tez-tez Almaniyaya, Fransaya səfər etməsini bəhanə gətirib, onu təqib edirdilər. Cümhuriyyətçi olduğunu bolşevik hökuməti ona bağışlaya bilməzdi. Bunu anlayırdı Zivər bəy Əhmədbəyov. Bilirdi ki, qarşıda onu ya sürgün, ya güllələnmə gözləyir. Düşmən əlində, ağır ittiham və müddəalarla “xalq düşməni” kimi tarixə düşməkdənsə könüllü ölümü üstün tutdu daha bir bəy balası, daha bir kişi.   

Zivər bəy Əhmədbəyov 1925-ci ildə öz evində intihar edib. Daha doğrusu, buna məcbur edilib. Bəlkə də qətlə yetirilib, intihar kimi təqdim edilib, indi onu kim bilə bilər ki...

Dövr çox qaranlıq idi, işıqları söndürənlər, onun mənbəyinin də məsələsini həll etmişdilər, hələ də o qaranlıqları işıqlandırmaq olmur.      

Onu Çəmbərəkənddə evinin yanındakı məzarlıqda dəfn edirlər. 1931-ci ildə hökumətin qərarına əsasən həmin məzarlıq ləğv olunacaq deyə məzar sahiblərinə məzarlarını köçürməyi məsləhət görürlər. Həmin yerdə park salıb, S.M. Kirovun heykəlini ucaldırlar...

Növbəti dəfə onun dəfn olunduğu yerdə Fəxri Xiyaban salındığı üçün köhnə məzarların üstündən keçirlər. Fəxri xiyabanın sakini olmalı məzar torpağa qarışır, onun üstündə salınan xiyabana kommunist liderləri dəfn edilir...

1967-ci ildə Zivər Bəy Əhmədbəyovun mülkünü  söküb, yerindən yol çəkiblər. Akademik Hüseynov evin sökülməsi barədə sənədin üstündən “bu ev muzey kimidir və qanunla qorunmalıdır” yazıbmış.

Ölümündən sonra xanımı Şövkət varlı bir nəfərə ərə gedib, Azərbaycandan köçür.

Yeganə qızları Firəngizi xalası saxlayıb böyüdüb.

Nəvələri o evdə dünyaya gəlib. Ev söküləndən sonra bakını tərk ediblər.

Zivər bəy Əhmədbəyovun üç nəvəsi olub, Cahangirlə, Fərid dünyalarını dəyişiblər. Ən kiçiyi, indi yeganə nəvəsi Oqtay Əfəndiyev 25 il Moskvada yaşayıb, Moskva ali məktəblərində hüquqdan dərs deyib.

90-cı illərdə qayıdıb Bakıya, hazırda burda  yaşayır. Əvvəl Ali Sovetdə işləyib.   

1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyir.  

Oqtay Əfəndiyevin 81 yaşı var, hüquq elmləri doktorudur.

Ölümündən sonra 2011-ci ildə “Nizami” metrosunun qarşısında Zivər bəyin abidəsi ucaldılıb.

Ölümündən sonra 2011-ci ilə "Nizami" metrosunun qarşısında Zivər bəyin abidəsi ucaldılıb.

Ölümündən sonra evindəki bütün əlyazmaları, çertyojları, əşyaları, nəyi vardısa, yoxa çıxıb. Gözdən yayınan bir bu məktubu tapılıb: “Nə qədər ki Bakıda Bağdasarovlar və Roxinlər var bu millətə xoş gün yoxdur . Bu dünyanı aranızdan bir kişi də tərk etdi”.

Yazının əvvəlində qeyd etmişdik ki, ölümündən sonra mənzilindən daha bir məktub tapılıb. Zivər bəy 1903-cü ildə Peterburqdakı tələbə yoldaşına yazır: “Xalqların tarixi inkişafının göstəricisi olan mühüm faktorlardan biri onların formalaşmış tikinti mədəniyyətinin olmasıdır. Memarlıq abidələrinin acınacaqlı vəziyyətdə saxlanması hər şeydən əvvəl xalqın maddi mədəniyyətini qəsdən məhv etmək deməkdir. Bərpanın tarixi, mənəvi və vətənpərvər mahiyyəti ondan ibarətdir ki, o tarixi əmanətləri qorumağa imkan verir, xalqa əzəmətini xatırladaraq onun öz daimi incəsənətinə yaxın olmasını təmin edir”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13569
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar