Qonaq: İqbal Ağazadə
Qarşılayan: Günel Mövlud
Sizə bir şey deyim, gələcəkdə siyasətçi-zad olmaq istəsəniz, işdi-şayəd, hətta beyqəfil partiya yaratmaq fikrinə düşsəniz, çox xahiş eləyirəm, o partiyaya ad seçəndə, diqqətli olun. Xalqı sadəcə seçici, elektorat-zad gözündə görməyin – bunun aktyoru-rejissoru, jurnalisti var, şairi-yazıçısı, yumorçusu var...hətta, lap qadını-kişisi var. Bax, təsəvvür edin ki, jurnalistsiniz. Əks cinsin nümayəndəsi olan bir kəslə rəsmi ilə qeyri-rəsmi ovqatın bir-birinə qarışdığı söhbətə gedirsiniz və o adam da partiya rəhbəridir. Üstəlik, partiyasının da adı “Ümid”dir. Yaxşı deyil axı, şeytan adamı min yola çəkir, adamın ağlına min cür bəd-bəd fikirlər gəlir.
Səmimi qəlbdən deyirəm, mən müsahibəni, yaradıcı söhbəti flirtə çevirməyin əleyhinəyəm, amma “Ümid” məsələsi artıq işləri korlayır...
Nəsə, söhbəti uzatmayım, qonağım millət vəkili, Ümid Partiyasının rəhbəri İqbal Ağazadədir.
Özümü ciddi-ciddi səhər yeməyinə hazırladığım vaxt, İqbal bəy kafedə heç görmədiyim bir tərzdə, qalstuksuz, sərbəst paltarda, üzügülər bir vəziyyətdə göründü. Qucağında da bir dəstə çiçək olsaydı, demək olar ki, “ümid” məsələsi özünü doğrulda da bilərdi. Amma bu “ümid” də o biri “Ümid” kimi, hələ oralı deyildi...
Sifarişlərimizi götürən növbəti yaraşıqlı ofisiantlardan biri artıq qulluğumuzda hazır idi və mən eləcənə səbəbsiz-filansız bir meyvə salatı istədim. Qonağım da meyvə salatı seçdi və soyuq havada isti otaqda əyləşmiş adam rahatlığı ilə dedi ki, ümumiyyətlə, o səhərlər yemək yemir. Meyvə, ya da kəsmiklə keçinir.
- Niyə belə? Sağlam həyat tərzi məsələsidi, yoxsa...
- Yoox, sağlam həyat tərzi məsələsi deyil, nədənsə belə öyrəşmişəm.
- Nə yaxşı ki, sağlamlıq üçün belə elədiyinizi demədiniz. Sizinlə dalaşa bilərdim...
Gülür:
- Niyə? Özünü sevən adamlardan xoşlanmırsız?
- Hə. Məncə insan özünü çox da sevməməlidir. Bu arada sizə bir şey deyim, İqbal bəy, səsinizin nə maraqlı ahəngi var...
Yenə gülümsəyir:
- Hə, bunu o vaxt Aqşin Babayev də mənə demişdi. O vaxtlar Aqşin müəllim Azərbaycan televiziyası və radiosunun rəhbəri idi. Mənə diktor olmağı təklif elədi və mən imtina elədim.
- Niyə?
- Adam gərək özünü öz qəlibində hiss eləsin. Mən özümü orda görmürdüm.
Sonralar, rəhmətlik Telman Adıgözəlov toyların birində dedi ki, mən bilmirəm, Azərbaycan siyasəti nə qazanıb, amma dəqiq bilirəm ki, Azərbaycan səhnəsi bir Otellosunu itirib...
- Otelloluğunuzu bilmirəm, amma məncə, teatrımız o qədər də itirməyib. Çünki siz demək olar ki, elə ordasınız. Siyasət özü də bir teatrdı axı...
- Razıyam. Amma bir fərq var – teatrda sənə hansı rolu verirlərsə, onu da oynamalısan. Uzaqbaşı, sənə verilən epizodik roldan imtina edə bilərsən. Amma siyasətdə sənin öz rolunu seçmək imkanın var.
- Niyə siyasətçilər haqda təsəvvürlər çox pisdir? Niyə onları həmişə saxta, qeyri-səmimi, hətta bəzən əlləri qana batmış insanlar kimi tanıyırlar?
- Əslində, siyasətin özündə siz dediyiniz keyfiyyətlər yoxdur. Yəni siyasətə kimin gəlməyindən asılı olmayaraq, onlar insanlara çox humanist, gözəl dəyərləri təqdim edərək gəlirlər ki, siyasət də elə budur. Amma siyasəti aparan adamların özləri idbarlıq eləyirlərsə, burda günah siyasətin deyil, siyasətçinin özündədir.
- Onda niyə siyasətçilər təsvir elədiyim o qılafa bürünməli olurlar? Onları nə məcbur eləyir belə ifrat ütülü-sığallı, zəhmli, qaraqabaq, ciddi olmağa?
- Siz ciddi nəyə deyirsiniz?
- Yazıçı kimi təsvir edim: adam qalstuksuz oturub danışır, amma elə bir təəssürat var ki, xəyalən o qalstuku hələ də boğazında hiss eləyir...
Gülür:
- Yooox, bu, ciddiliyin tərifi olmadı.
- Mən ciddiliyin tərifini bilmirəm, eləcənə, yazıçı kimi təsvir elədim...
- Axı biz belə adamlar deyilik?! Bizim də öz çevrəmiz var ki, biz orada deyib-gülürük, zarafatlaşırıq, sərbəst oluruq.
- Niyə məsələn, jurnalistlərlə də elə ola bilməzsiniz? Niyə elə fikirləşirsiniz ki, biz mütləq bunları sizin əleyhinizə çevirə bilərik?
- Siz deyən kimi, ictimaiyyətə çox açıq olan siyasətçi tipi varmı?
- Var. Məsələn, Hikmət Hacızadə.
- Hikmət Hacızadə elə ola bilər, çünki o partiya rəhbəri deyil. O ağzından nəsə bir söz qaçırsa, partiya rəhbəri deyə bilər ki, bu Hikmət bəyin fikridi, partiya olaraq bizim mövqeyimiz belə deyil. Amma partiya rəhbərinin özü nəsə danışsa və bu mətbuata çıxsa, partiyanı müdafiə edəcək adam tapılmayacaq... Amma əmin olun ki, siyasətçilərin hamısı heç də sizin təsəvvür elədiyiniz kimi, saxta və qəddar adamlar deyil.
- Ümumiyyətlə, mən düşünürəm ki, siyasətçilərin çoxu heç özü deyil. Hərdən televizorda elə siyasətçilər görürəm və düşünürəm ki, ilahi, bu adam niyə siyasətdədi, axı bundan çox gözəl xarrat olarmış, nə bilim, qəssab olarmış...
- Məni görəndə nə düşünürsünüz? Məndən nə olarmış?
- Sizdən.....heç nə...
Əllərini bir-birinə çırpır:
- Yəni məndən heç adam olmazmış, hə?!
- Yooox, niyə ki... Səsinizin sayəsində radioda diktor ola bilərdiniz.
- Həəə... demək bu da ancaq səsimin sayəsində. Neynək, Ramiz Rövşən demiş, yenə də Allaha şükür!
- İlahi, sizin nəsildə bu nə Ramiz Rövşən sevgisidir?!
- Biz elə nəsil idik dəəə....Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini, Vaqif Cəbrayılzadəni, Musa Yaqubu oxuyurduq. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki Təhminə bizim üçün təzə qadın obrazı idi – bu obraz deyirdi ki, mən ərimlə yaşamaq istəmirəm, sevdiyim adamla yaşamaq istəyirəm. Fəxrəddin Manafovun oynadığı Zaura baxıb, yeni adam tanıyırdıq – adam çantasını çiyninə atıb, qəfildən sevgisinin ardınca Leninqrada gedirdi. Bunlar bizim üçün yenilik idi. Sevgi şeirlərinin təsirində gəzirdik. Müzakirə eləyirdik. Mən həmişə deyirdim ki, Musa Yaqub qadına baxıb yazır. Nüsrət Kəsəmənli mütləq toxunub yazır. Vaqif Cəbrayılzadə göyə qaldırıb yazır. Ramiz Rövşən isə....
- Qəbirə qoyub, yazır...
- Yox e, bu onun sonrakı dövrlərində başladı. Ramiz Rövşən ona ağlayanı axtarır. Özünü böyüdüb, əlçatmaz varlığa çevirib, indi də istəyir ki, o bir deyim var e, qəbirdən boylanıb, görəydim mənə kim ağlayır? – eləcə boylanıb, ona kimin ağlayacağını görsün...
- Belə səmavi şeirlər oxuyan o romantik gəncliyə nə oldu? Niyə hamınız siyasətə gəldiniz və o romantika məhv oldu...
Gözlərini qıyır:
- Yooox, biz elə əvvəlki romantik adamlarıq. Sadəcə, o romantikanı görmək lazımdı...
- Mənimlə səhər yeməyinə siyasətçi kimi gəlmisiniz, o romantikanı necə görə bilərəm?
- Əksinə, mən bura siyasətçi kimi gəlməmişəm. Hətta bu gün qeyri-rəsmi geyinib, gəlmişəm...
- Nə gözəl! Deməli, siz mənə görə qeyri-rəsmi geyinmisiniz?
Gülür:
- Sizə görə yoooox... Ümumiyyətlə, iş günləri olmayanda qeyri-rəsmi geyinirəm.
Səhər yeməyimiz gəldi. Bizsə qonağımın uşaqlığından danışırdıq. Daha doğrusu, o danışırdı və mənə elə gəlirdi ki, ömrümdə detalları bu qədər ümumiləşdirilmiş uşaqlıq xatirələri eşitməmişəm:
- Biz yeddi bacı-qardaşıq. Deyirlər ki, kənddə işin çoxluğu uşağın uşaqlığını əlindən alır, amma bizdə elə deyildi. Atam heç vaxt uşaqlarını iş dalınca göndərməzdi. Hamımızın oxumağının qeydinə qalırdı. Həyət-baca işlərində, kolxoz işində, üzümçülükdə – nə iş olursa olsun, özü eləyərdi, bizi yaxın buraxmazdı ki, siz dərsinizi oxuyun. Ona görə də mən kənd uşağı olsam da, uşaqlığını çox işdə-gücdə keçirmiş adam deyiləm. Hətta mənim mal-qoyun otarmaqdan çox xoşum gəlirdi, amma qoymurdular.
- Siz niyə uşaqlığınızdan da siyasətçi kimi danışırsınız?
- Bilmirəm, bəlkə də danışdıqlarım səmimi görünmür, amma doğrudan da belə olub. Amma bu o demək deyil ki, mən kənd uşağı olmamışam. Mən də uşaqlara qoşulub, toy yerlərinə qaçmışam, maraqla baxmışam. Elatın bir yerə yığılmağını, o qəribə həmrəyliyi hiss eləmişəm.
- O vaxtdan qalan dostlarınız çoxdu?
- O qədər! Mənimi elə dostlarım var ki, onların siyasətə-zada heç bir dəxli yoxdu. Dünyanın ən sadə adamlarıdı. Mənim evimdə, xeyrimdə-şərimdə həmişə olan adamlardı.
- Yeri gəlmişkən, Manaf Ağayev barədə müsahibənizi oxudum. Bir siyasət adamının ümumiyyətlə incəsənət adamı barədə danışmağı maraqlıdı, o ki qaldı Manaf Ağayev ola....
- Bax, “o ki qaldı” məsələsində mən sizinlə razı deyiləm. Manaf repertuarını düzgün seçməyə bilər, yaxşı musiqi təhsili olmaya bilər, amma çox gözəl səsi var. Bir də ki, mən ona sənətçi kimi deyil, daha çox mənə doğma olan, səsi, oxumağı ilə vaxtilə gördüyüm o elat həmrəyliyini mənə xatırladan adam kimi danışmışam...
- Yaxşı eləmisiniz, sizi kim qınayır ki. Demək istəyirdim ki, belə adam barədə müsahibə vermək komplekssizlik göstəricisidir. Hansını ki, biz siyasətçilərdə çox az müşahidə edirik...
Fotoqrafımız gəldi.
Sonra mənim uşaqlığıma keçdik. Hər necə olsa, ikimiz də köçkün idik axı...
Qonağım:
- Kəndiniz yadınızdadı?
- Hə. Hər cığırına qədər.
- Yox. Coğrafi mənada soruşmuram. Ordakı hadisələrdən yadınızda qalan var?
- Demək olar ki, heç nəyi unutmamışam.
- Ağlınıza birinci nə gəlir?
- Tarixi yadımda deyil, amma ya yaz, ya da payız günü idi. Çünki atamın nəfəsinin havada buxarlandığı yadımdadı. Balaca, torpaq həyətimizdə atam samovar qaynadırdı. O gün hamımız səhər ertədən oyanmışdıq.
- Maraqlıdır. Son vaxtlar eyni aqibəti yaşayan insanlardan kənd barədə soruşanda, birinci it səsini xatırladıqlarını deyirlər. Bir yaxın adamım var. O gün deyir ki, neçə vaxtdı, yata bilmirəm. Soruşuram niyə? Deyir, mən bina evində yaşayıram axı, yaxınlıqda bir həyət evi var. Evin iti hər gecə hürür və mənə elə gəlir ki, kənddəyəm, yata bilmirəm. Axırıncı gecə yenə də yata bilmədim: indi də it hürmürdü və mən elə gəlirdi ki, daha kənddə deyiləm....həyatda mənim dözə bilmədiyim, ürəyimi sıxan iki şey var. Bir küləyin əsməyi, bir də yayda kiməsə zəng edib, “hardasan?” soruşanda, həmin adamın “kənddəyəm” deyə cavab verməyi... Çünki mənim gedəcək kəndim yoxdu.
- Kənd kimi gedəcək bir yeriniz də yoxdu?
- Var. Ölkənin hər yerində mənim dostlarım var. Amma onların kəndi mənim deyil. Bu mənada, mənim gedəcək yerim yoxdu.
- Uşaqlığı və gəncliyi Sovet vaxtına düşmüş adam kimi, sonrakı dəyişikliyi necə qəbul elədiniz? Məsələn, mənim sadəcə uşaqlığım o dövrə düşdü, amma qəfildən bütün dəyərlərin dəyişdiyini, köhnə nə varsa, məhv olub, yerinə təzələrin gəldiyini qəbul eləyə bilmirəm. Bəs, siz... bu şou, silikon və şopinq dünyasına alışa bilirsiniz?
- İnsanlar düzəni sevir. Məişət həyatında olsa belə, harmoniyanı sevir. Və qəfildən o düzən, harmoniya dəyişəndə, bunu rahat qəbul edə bilmirlər. Bu bir az konservativ yanaşmadı və bu mənada mən konservativ deyiləm. Əgər düzən dəyişdisə, bundan bəzi narahatlıq yarandısa, bir çox insanın həyatı dəyişdisə, bu, sovet dövründə hər şeyin yaxşı, indi pis olduğu anlamına gəlməz...dövrün tələbi, dövrünün adamı deyilən ifadələr var. Sovet dövründə məmurun, siyasətçinin bəlli bir geyim tərzi vardı. Qalstuklu, kostyumlu...Vəzirov birinci dəfə tribunaya qalstuksuz çıxanda, xalq onu çox pis qəbul elədi. Amma sonra, meydan hadisələrinə, həmin dövrdə Ali Sovetin iclaslarına fikir verin – ora çıxan siyasi liderlərin hamısı ütüsüz, dağınıq paltarlarda idi. O dövr üçün bu, artıq adi idi. Aradan iyirmi il keçdi və siyasətçilər, məmurlar yenə sizin xoşlamadığınız ütülü-sığallı, qalstuklu vəziyyətə düşdülər. Yəni dövr öz tələblərini diqtə eləyir və ona konservativ yanaşmaq lazım deyil.
Kafeyə insanlar gəldi. Amma kim olursa-olsun, söhbət zamanı adətən içimdə olan rahatlıq gəlmədi. Qonağım da bunu hiss eləmişdi. Özünün dediyi kimi, romantik nəsildən idi axı, sıxıldığımı, rahat danışmadığımı necə hiss eləməyə bilərdi. Özü məni vəziyyətdən çıxarmağa çalışdı:
- Siz mənimlə nədən danışmaq istəyirsiniz ki, belə çəkinirsiniz?
Bir az susuram və ağlıma gələn ilk sözü deyirəm:
- Sevgidən...
- Buyurun. Mən sizə sevgidən də rahat danışa bilərəm.
- Sonra deməyəcəksiniz ki, bunu yazmayın, yaxınlarımdan çəkinirəm.
- Yox, o şeyi ki, kiminsə oxumağını istəmərəm, onu heç danışmaram da...
- Məsələn, sizdən soruşsam ki. sevgiliniz varmı, mənə danışacaqsınız?
- “Sevgili” siz nəyə deyirsiniz?
- Görürsünüz, siz o dəqiqə söhbətdən yayınmağa çalışırsınız...
- Qətiyyən. Amma biz sadəcə görüşsəydik, sizinlə çox rahat danışa bilərdim.
Amma bilirəm ki, Günel burdan durub, gedib hər şeyi yazacaq...
- Yəni, biz sadəcə görüşsəydik, mənimlə məhrəm söhbətlər eləyə bilərdiniz...
- Bunun üçün bir yaxınlaşmaq, doğmalaşmaq prosesi keçmək lazımdır və həmin prosesi keçsəydik, təbii ki, hər şeyi danışardım.
- Mən adamlarla çox tez doğmalaşa bilirəm, amma açığı sizinlə doğmalaşmaq istəyim yoxdu.
Çoxmənalı təbəssüm...
- Heç vaxt demə «heç vaxt»...
- Amma sevgi söhbətindən çox ustalıqla yayındınız.
- Yoox. Siz özünüzə nə qədər maraqlı idisə, o qədərini soruşdunuz.
- Düzdü. Çünki mənim öyrənmək istədiyim daha maraqlı şeylər var. Siz heç narkotik istifadə eləmisiniz?
- Əlbəttə.
- Nə vaxt?
- Sovet vaxtı, əsgərlikdə. Bir dəfə, yay günü idi, gəldim “kaptorq”a. Gördüm uşaqlar soyuq süd içir. Mənə də bir krujka verdilər. Çəkdim başıma. Çox xoşuma gəldi. Bir krujka da tökdüm, içdim. Üçüncünü də içmək istəyəndə, uşaqlar qoymadı. İnad elədim, birini də süzdülər. Amma yarıya qədər. Onu da içdim. Bir azdan gördüm ki, dünya başıma fırlanır. Getdim uzandım. Əhvalım o qədər pisləşdi ki, bunu heç cür izah eləyə bilmərəm. Sonradan mənə dedilər ki, kanoplyanı süddə qaynadıblarmış... Narkotik təcrübəm bu qədər.
- Sonra heç vaxt istifadə eləmədiniz?
- Yox. Axı bir yaxşı şey görmədim narkotikdə.
- İçkiylə aranız necədi?
- Əvvəllər yaxşı içirdim. Amma içki məni kefləndirmirdi. Baxırdım ki, insanlar içir, keflənir, əhvalları dəyişir. Amma mənə təsir eləmir. Axırıncı dəfə içəndə dedim, bax, bunu da içirəm, sərxoş olsam, içəcəm. Yox, mənə təsir eləməsə, qurtardım içki ilə. Təsir eləmədi. Ondan bu yana içmirəm. Amma bunun elə bir fərqi yoxdu. Mənim özümü əla hiss eləməyim, kefimin çox yaxşı olması üçün içki lazım deyil. İçmədən də özümü içkili kimi apara bilirəm. Odur ki, sıxılmayın.
- Bilirsiniz, mən əslində çox pis hiss eləyirəm özümü. Açıqlasam xətrinizə dəyməz ki?
- Qətiyyən!
- Adamı səhər yeməyinə çağırırsan, üzdə nəzakətli söhbət eləməyə məcbursan, amma içində o adam barədə ən pis şeyləri düşünürsən...siyasətçi, saxta, maskalı.... Bunları düşünə-düşünə, sizinlə bir masada əyləşməyim özümə də ikiüzlülük kimi gəlir...
- Qətiyyən narahat olmayın! Əgər sizə özümü elə tanıtmışamsa, məni bağışlayın. Əgər yaxşı cəhətlərimi deyil, məhz bunları görmüsünüzsə, deməli bu, mənim günahımdı. Həm də ki, mənə siyasətçi kimi yanaşmayın. Elə bilin ki, mən də sizin bir eloğlunuzam, üstəlik burda bir süfrədə bir qismət çörək kəsirik, düşündüklərinizə və bunları dediyinizə görə sıxılmağa və narahat olmağa dəyməz...
- Guya özümdə elqızılıq var ki, kimisə də eloğlu kimi görüm...amma sözünüzdən kefim açıldı. Axır ki, rahat oldum...yəni bunları bilib inciməməyiniz yaxşı oldu.
Axır ki, kefimiz də iştahamız da açıldı. Söz toxumaq kimi çıxmasın, artıq ümid yeri var idi...
Söhbətimizin qeyri-rəsmi (guya rəsmi hissəsi olur ki...) hissəsində biz gənc yazarlardan, gənc yazarların yaşlı nəsillə çəkişmələrindən, ən gənc ədəbi nəslin keyfiyyətlərindən danışdıq ki, bu söhbətləri də az qala hər qonağımla elədiyimdən yazmağı lüzum bilmirəm. Sadəcə bir şeyi qeyd etməyi vacib bilirəm ki, qonağım eyni nəsildən olduğumuz yazarlar da daxil olmaqla, ən yeni Azərbaycan ədəbiyyatını yaxından izləyən adamdır.
Və söhbətimizin sonu...
- Bağışlayın ki, sizə yaxşı həmsöhbət ola bilmədim.
- Niyə ki?!
- Hər şey ola bilərdi. Mən daha maraqlı müsahib də ola bilərdim. Və yaxud gəlib, bir saat susaraq, üzünüzə baxıb, çıxıb gedə də bilərdim.
- Oooo, ikinci variantda mən çox xoşbəxt olardım – otuz yaşda da üzümə bir saat kiminsə susaraq baxdığına görə )))
Gülür:
- Ruslar belə yerdə deyir: “Çelovek napraşivaetsya komplimentov...”
- Əla olardı. Könlümün bu qırıq vaxtında, komplimentə ciddi ehtiyacım var...
Gülüşürük və eksperiment naminə qəfildən verib, qonağımı çaşdırmaq istədiyim sual dilimin ucundan geri qayıdır:
- Siz mənə ümid verə bilərsiniz? )))
İqbal Ağazadə: “Onlar sizin təsəvvür elədiyiniz kimi saxta və qəddar adamlar deyil...” - SÖHBƏT
9127