Saatlarla kompüter qarşısında oturmaq və ondan uzun müddət istifadə etmək müxtəlif xəstəliklərə yol aça bilər.
Lent.az bununla bağlı Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasının ortopediya və travmatologiya mütəxəssisi professor Mehmet Fethi Ceylanın gənclər üçün məsləhətlərini təqdim edir.
M.F.Ceylan kompüterdən uzun müddət istifadə edilməsinin gənclərin və yeniyetmələrin əzələləri, gözləri və s. üçün çox təhlükəli olduğunu söyləyir. O, gənclərə idman və üzgüçülüklə məşğul olmaqla əzələ strukturlarını gücləndirməyi tövsiyə edib: “Çağdaş dövrümüzdə rəqəmsal cihazlarla həddindən artıq vaxt keçiririk. Təbii ki, bu cihazlara uzun müddət vaxt sərf ediriksə və oturaq tərzdə, hərəkətsiz qalırıqsa, sağlam duruş sərgiləməli, arada fasilə verməli, idman hərəkətləri etməliyik. Bütün bunları etməsək, saatlarla önə əyilmiş vəziyyətdə qalsaq, təbii ki, nəticədə bunun mənfi təsirləri olacaq. Saatlarla kompüter qarşısında dərs oxumağa məcbur qalan gənci düşünərkən onun onurğa sütununun, əlbəttə ki, bir müddət sonra əyildiyinin şahidi olacağıq. Bunun qarşısını almaq üçün isə dərslər arasında fasilə verilməli, bel əzələlərini gücləndirmək üçün məşqlər edilməlidir”.
Professor gənclərə iş zamanı normal vəziyyətdə oturmağın vacibliyinə toxunub: “İşləyərkən oturduğumuz stul hündür və ya masamız alçaq olarsa, istər-istəməz əyilmək məcburiyyətində qalacağıq və bu əyilmiş vəziyyətdə uzun müddət qalmaq belimizə uyğun gəlməyəcək. Uzunmüddətli iş üçün masamızı qaldıra bilərik, oturacağımızın rahatlığı belimizi yaxşılaşdırmağa kömək olacaq və onurğanın dik vəziyyətdə olmasını təmin etməklə bu vəziyyətdə işləmək müsbət təsir edəcək”.