Son tədqiqatlar göstərir ki, uzun müddət oturmaq kimi ayaqda durmaq da ürək sağlamlığı üçün risk yarada bilər.
Lent.az xəbər verir ki, bununla bağlı Sidney Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.
“International Journal of Epidemiology” jurnalında dərc olunan araşdırma, oturma və ayaq üstə durmağın ürək-damar sağlamlığına təsirlərini analiz edib. Tədqiqatda, Böyük Britaniyanın “Biobank”ından 83 min nəfərin məlumatları təhlil olunub. İştirakçıların gündəlik oturma və ayaq üstə durma müddətləri akselerometr vasitəsilə izlənilib. Həmçinin işemik ürək xəstəlikləri, ürək çatışmazlığı, ortostatik qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərinin yaranma ehtimalları araşdırılıb. Nəticələr göstərib ki, uzun müddət ayaqda durmaq ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil və hətta bəzi hallarda qan dövranı problemləri riskini artırır.
İki saatdan sonra risk artır. Tədqiqatın aparıcı müəllifi, Sidney Universitetinin tədqiqatçısı Metyu Əhmədi bildirib ki, uzun müddət ayaq üstə durmaq ayaqlarda qan yığılmasına səbəb olur: “İki saatdan çox ayaqda qaldıqda hər əlavə 30 dəqiqə üçün qan dövranı problemləri, məsələn, varikoz damarları və dərin damar trombozu riski 11 faiz artır. M.Əhmədi hərəkət dövrlərini əvəzləyərək ürək-damar sağlamlığını optimallaşdırmağı tövsiyə edir.
Uzun müddət oturmaq da risklidir. Tədqiqat, həmçinin uzun müddət oturmanın ürək-damar xəstəlikləri riskini artırdığını təsdiqləyib. Gündə 10 saatdan çox oturduqda ürək-damar xəstəlikləri riski hər əlavə saat üçün 15 faiz artır.
Sağlamlıq üçün hərəkət vacibdir. Damar cərrahı Kristofer Yi də oturma və ayaq üstə durmanın zərərlərindən qaçmaq üçün hərəkət etməyin vacibliyini vurğulayıb. O, ayaq üstə durmaqla bərabər hərəkət etməyi tövsiyə edir.
Bu tədqiqat, oturmaq və ayaq üstə durmaqla əlaqəli sağlamlıq risklərini azaltmaq üçün mütəmadi olaraq hərəkət etməyin və aktiv həyat tərzini qorumağın əhəmiyyətini bir daha təsdiqləyir.