Tibbi reabilitasiya hansı xəstəliklərə tətbiq edilməlidir? - HƏKİM AÇIQLADI
27 dekabr 2022 11:55 (UTC +04:00)

Tibbi reabilitasiya hansı xəstəliklərə tətbiq edilməlidir? - HƏKİM AÇIQLADI

Tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra, travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tam itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompeks tətbiq olunmasıdır.

Müalicədən metodundan fərqli olaraq reabilitasiya patoloji prosesin kəskin fazası dövründə aparılmır. Reabilitasiya istənilən yaşda insanları müxtəlif səbəblərin yaratdığı psixi, hərəki və nitq qüsurlarının əlillik dərəcəsinə gətirib çıxarmasından mühafizə və müalicə edərək onları cəmiyyətə geri qazandırır.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova tibbi reabilitasi ya barədə sualları cavablandırıb.

- Sədaqət həkim, tibbi reabilitasiya nədir və hansı xəstəliklərdən sonra həyata keçirilməsi tövsiyə olunur?

- Tibbi reabilitasiya xəstələrin müxtəlif xəstəliklərdən sonra itirilmiş funksiyalarının maksimal bərpasına yönəlmiş kompleks müalicə və profilaktika tədbirləridir. Bu gün tibbi reabilitasiya pasiyentin xəstəxanadan evə yazıldıqdan sonra tövsiyyə olunan hansısa idman hərəkəti və ya fizioterapiya kursundan ibarət deyil, müxtəlif ixtisas həkimlərinin – fizioterapevt, masajçı, əmək terapevti, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə aparılan tədbirlər kompleksidir.

O, bir çox nevroloji, neyrocərrahi, travmatoloji, artroloji xəstəliklərin, xüsusən də neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə itirilmiş funksiya və vərdişlərin bərpasında çox mühüm əhəmiyyət kəsb edir. Reabilitasiya həmçinin xəstənin əzələ güçünün bərpasına, təkrar xəstələnmə və fəsadların qaşısının alınmasına yönəlir.

- Tibbi reabilitasiya zamanı hansı metodlardan istifadə olunur?

- Müasir dövrdə tibbi reabilitasiyanın istifadə sahəsi çox genişdir və çox xəstəlikləri əhatə edir: insult, kəllə-beyin travması, onurğa beyni xəstəliyi və travma, dağınıq skleroz, Parkinson xəstəliyi, periferik sinir sistemi xəstəliyi və zədələnmələr, serebral iflic, revmatik xəstəlik, idman travma və yaralanmaları, neyrocərrahi, artroloji və kardioloji əməliyyatlardan sonrakı vəziyyətlər, skolioz və s. Qeyd etmək lazımdır ki, son illərdə əl reabilitasiyası, amputasiya sonrakı reabilitasiya, xroniki ağrı sindromunun reabilitasiyası kimi istiqamətlər də inkişaf edib.

Reabilitasiyada mühüm rol fiziki məşqlərə məxsusdur. Belə ki, insult, travma, neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə çox zamanı hərəki pozuntular müşahidə olunur. Xəstələrdə nitq pozuntuları olduqda onların reabilitasiyaı ilə loqoped məşğul olur. Bu zaman xəstə sanki yenidən danışmağı öyrənir. Yaxud pasiyentin xəstəlik nəticəsində itirilmiş əmək qabiliyyətinin bərpasına və ya yenisinin əldə olunmasına əmək terapevti kömək edir. Nəticədə məhz kompleks reabilitasiya tədbirlərinin aparılması şəxsin sağalmasına səbəb olur. Reabilitasiya müalicəsinin uğuru həm düzgün qoyulmuş diaqnozdan, həm də reabilitasiya tədbirlərinin optimal seçilməsindən, düzgün və vaxtında yerinə yetirilməsindən asılı olur.

Tibbi reabilitasiyanın əsas metod və alətlərinə fiziki məşqlər, kineziterapiya, masaj, fizioterevtik üsullar, manual terapiya, müxtəlif elektrostimulyasiya üsulları, krioterapiya, iynəbatırma üsulları, sosial, psixoloji və logopedik yardım, robotiv texnika və müxtəlif virtual proqramlar kimi üsullar daxildir.

İstənilən reabilitasiyanın əsas tərkib hissəsini itirilmiş hərəki funksiyaların bərpasına, əzələlərin stimulyasiyasına, toxuma və orqanlarda reparativ proseslərin, qan dövranının sürətlənməsinə təkan verən fizioterapiya üsulları təşkil edir. Düzgün seçilmiş reabilitasiya kompleksi xəstələrin daha erkən bərpasına, həyat keyfiyyətinin yüksəlməsinə və əlilliyin azalmasına kömək edir.

- Müalicə ilə reabilitasiya arasında fərq nədən ibarətdir?

- Geniş aspektdən yanaşdıqda həm müalicə, həm də reabilitasiya xəstəlik və travmaların nəticələrinin aradan qaldırılmasına, xəstələrin əməyə və cəmiyyətə qaytarılmasına yönəldilmiş bir-birinə bənzər vəzifələri icra edirlər. Bir çox hallarda reabilitasiyaya müalicənin və ya bərpa müalicəsinin davamı, yaxud da müalicəni, profilaktikanı və dispanserizasiyanı əhatə edən bir proses kimi baxılır.

Buna baxmayaraq, tibbi reabilitasiya yalnız özünə məxsus olan xüsusiyyətlərə malikdir ki, o da bu iki məfhumu bir-birindən fərqləndirməyə imkan verir. Yadda saxlamaq lazımdır ki, müalicə xəstəliklə mübarizəyə, xəstəliyin səbəblərinə və xəstəliyin mahiyyətinin aradan qaldırılmasına yönəlir. Reabilitasiya isə hər şeydən əvvəl orqanizmin müdafiə mexanizmlərinin mobilizasiyasına yönəlmiş olur.

Müalicə həmişə xəstəliyin əlamətlərinə istiqamətləndiyi halda reabilitasiya xəstəliyin qalıqlarına və onların aradan qaldırılmasına yönəlmiş olur. Müalicə - orqanizmin bugünkü vəziyyətinə yönəlmiş tədbirdir, reabilitasiya isə daha çox şəxsiyyətə və gələcəyə ünvanlanan tədbirlər kompleksidir.

Reabilitasiyada daima xəstəliyin proqnozu, reabilitasion potensial, əmək proqnozu müəyyənləşdirilir. Müalicə isə konkret olaraq xəstəliyin ləğv olunmasına və kompensasiyaya yönəlir. Müalicə xəstənin iştirakı olmadan aparılan və müəyyən mənada passiv metod olduğu halda reabilitasiya prosesində xəstənin aktiv iştirakı tələb olunur.

Müalicə və reabilitasiya müxtəlif istiqamətli proqnozlara əsaslanır. Belə ki, müalicə xəstəlik və onun sindromlarına (əlamətlərinə) əsaslandığı halda reabilitasiya funksional diaqnoza dayanır.

- Müasir tibbdə reabilitasiyanın əhəmiyyəti nədən ibarətdir?

- ÜST-nin təbirincə, reabilitasiya sağlamlıq imkanları məhdud insanların optimal həyat və əmək imkanları əldə etmək üçün sosial, tibbi, pedaqoji və professional tədbirlərin kombinə və koordinə olunmuş istifadəsidir. Geniş anlamda reabilitasiya insanların həyat keyfiyyətinə böyük təsir göstərə bilir, insanların dolğun həyata qaytarılmasına xidmət edir. Xəstə insan sadəcə olaraq mövcud olmamalı, insanlıq ləyaqətini itirmədən tam keyfiyyətli həyat yaşamalıdır.

Sağlamlıq imkanları məhdud insanların hərəki sferada əldə etdikləri ən kiçik bərpa onlar tərəfindən uğur kimi qəbul edilir. Reabilitasiya özünün rəngarəng metodları ilə həmişə insan şəxsiyyətinə dayanır, insanın xəstəliklə pozulmuş funksiyalarının və onun sosial əlaqələrinin bərpasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Fidan İlqar

Oxşar yazılar