Tənhalıq təhlükəli xəstəliklərin  inkişafına səbəb olur
18 fevral 2026 19:07 (UTC +04:00)

Tənhalıq təhlükəli xəstəliklərin inkişafına səbəb olur

0

Araşdırma göstərib ki, sosial əlaqələrin çatışmazlığı ürək-damar xəstəlikləri üçün ənənəvi risk faktorları qədər təhlükəli ola bilər. Tənhalıq və sosial izolyasiya infarkt və insult daxil olmaqla ürək-damar xəstəliklərinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Lent.az xarici mediaya istinadən bildirir ki, Amerika Ürək Assosiasiyasının məlumatına görə, özünü tənha hiss edən və ya sosial izolyasiya vəziyyətində olan şəxslərdə ürək tutması və insult riski təxminən 30 faiz yüksəlir.

Alimlərin fikrincə, yaş artdıqca bu problem daha da dərinləşir. Əsas səbəblər arasında yaxınların itirilməsi, təqaüdə çıxmaq və ünsiyyət çevrəsinin daralması göstərilir.

Tədqiqatçıların sözlərinə görə, tənhalıq təkcə psixoloji məsələ deyil, həm də birbaşa fiziki sağlamlığa təsir edir. Beyin qan dövranının qəfil pozulması ilə xarakterizə olunan insult ən təhlükəli və ölümcül xəstəliklərdən biri sayılır. Yeni məlumatlar isə risk faktorlarının yalnız tibbi səbəblərlə məhdudlaşmadığını ortaya qoyur.

Mütəxəssislər qeyd edirlər ki, tənhalığa qarşı həssaslıq yalnız yaşlılarda müşahidə edilmir. Harvard Universitetinin araşdırmalarına əsasən, xüsusilə 18–22 yaş aralığında olan gənclər bu risk qrupuna daxildir. Bu hal canlı ünsiyyətin azalması, internet və sosial şəbəkələrdə vaxtın artması ilə əlaqələndirilir.

Ekspertlər diqqətə çatdırırlar ki, tənhalıq və sosial izolyasiya eyni anlayış deyil. İnsan az sayda sosial əlaqəyə malik olsa da özünü tənha hiss etməyə bilər, yaxud əksinə ətrafı ilə aktiv ünsiyyətdə olsa belə emosional uzaqlıq yaşaya bilər.

Alimlər hər iki vəziyyətin ürək-damar xəstəlikləri üçün tamhüquqlu risk faktoru kimi qiymətləndirilməsini və profilaktika tədbirlərində, eləcə də ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsində nəzərə alınmasını tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar