Təbii balı necə müəyyən etmək olar ? Saxlanma QAYDALARI
07 may 2022 18:13 (UTC +04:00)

Təbii balı necə müəyyən etmək olar ? Saxlanma QAYDALARI

Təbii bal antiseptik, bakterisid, iltihaba qarşı, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri, oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Həmçinin kosmetik məqsədlər üçün baldan geniş istifadə olunur.

Lent.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, temperatur rejimində saxlanılan bal uzun müddət təzəliyini, həmçinin faydalı xüsusiyyətlərini qoruyub saxlaya bilir.

Məhsul fiziki və kimyəvi dəyişikliklərə məruz qalarsa, rənginin tündləşməsi, dad və ətrinin itməsi baş verir. 5 ildən artıq saxlanılarsa, tərkibindəki diastaza fermenti parçalanaraq yox olur. Lakin bu dəyişikliklər balın zərərli olmasına dəlalət etmir. Balın optimal saxlanma temperaturu +5/+10° C arasında tərəddüd edir, otaq  temperaturunda (+20/+30° C)  uzun müddət saxlanması məsləhət görülmür. Mənfi temperatur rejimində (-10/-20° C) balın keyfiyyəti dəyişmir, lakin konsistensiyası sərtləşir.

Saxlanma temperaturu mütəmadi dəyişdirilən balın xarlanması (kristallaşması) baş verir. Sanitar-gigiyenik tələblərə əsasən, normalda 21 %-ə qədər nəmliyi olan bal temperaturu +20° C-dən çox olmayan və nisbi rütubəti 60 %-ə qədər olan otaqda saxlanmalıdır. Nəmliyi qeyd olunan normadan çox olan bal +10° C-dən aşağı temperaturda saxlanmalıdır. Ətrafdakı qoxuları udmaq qabiliyyətinə malik olduğu üçün balın soğan, sarımsaq, balıq və s. kimi kəskin qoxulu qidalarla birgə saxlanması tövsiyə edilmir.

Bal günəş işığından qorunmalıdır. Çünki uzun müddət gün şüasına məruz qalarsa, tərkibindəki ferment, vitamin və digər aktiv maddələrin parçalanması səbəbindən faydalı xüsusiyyətlərini itirir. Həmçinin balın dəmir, sink və mis qablarda saxlanması məsləhət deyil. Bu onun zərərli maddələrlə çirklənməsinə səbəb ola bilər. Məhsulun şüşə, saxsı, çini və ya keramika qablarda saxlanması onun keyfiyyətli  və ətirli qalmasını təmin edir. 

Təzə bal özlü maye şəklində olur. Məlumdur ki, balın tərkibi onun toplandığı coğrafi-iqlim şəraitindən, bitki növündən, həmçinin mövsümdən asılı olaraq dəyişkən ola bilər.  Tərkibində monosaxaridləri çox olan balın qidalılığı yüksək olur. 

HMF balın tərkibindəki əsas şəkərlərdən biri olan fruktozanın parçalanması nəticəsində əmələ gələn komponentdir. Bu komponent balın saxlanması zamanı tədricən, balın qızdırılması zamanı isə çox tez əmələ gəlir. Hidroksimetilfurfural balın yüksək termiki təsirə məruz qaldığını göstərir. Odur ki, xarlanmış balın əridilməsi məqsədilə onun +40/+50° C-dən yuxarı temperaturda qızdırılması yolverilməzdir.

Balın saxtalığının müəyyən edilməsi istehlakçılar üçün xüsusi maraq kəsb edir. Çünki təbii bala müdaxilə etməklə onu saxtalaşdırmaq mümkündür. Eləcə də arıların şəkər tozu, meyvə və ya tərəvəz şirələri ilə yemləndirilməsi ilə alınan bal təbii sayılmır.

Adi şəraitdə bir neçə sadə üsulla balın təbii və ya saxta olması qənaətinə gəlmək olar. Məsələn, balı suda həll edib üzərinə bir damcı yod əlavə etdikdə onun göy rəngə boyanması tərkibinə invert şəkərin (məsələn şəkər tozu) qatıldığını göstərir. Eyni zamanda xalis balın bir çox xüsusiyyətləri mövcuddur. Xalis balın üzərinə qaynar su əlavə etdikdə, saxta baldan fərqli olaraq tez dağılmır və suya tez qarışmır. Həmçinin təbii balla şərbət hazırladıqda bulanıqlıq verir, saxta balla isə əksinə, şəffaf olur. Bundan əlavə, maye şəklində olan balın qaşıqla götürüldükdə nazik sap kimi uzanaraq qırılmaması onun təbiiliyini göstərir. Təbii bala kənar komponentlərin qatılması diastaza ədədinin azalmasına səbəb olur ki, bu da balın saxtalaşdırılması əlamətlərindən biri hesab oluna bilər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Sevinc Fərid

Oxşar yazılar