Danılmaz faktdır ki, süni intellekt bütün sahələrdə olduğu kimi tibb sahəsində də inqilabi dəyişikliklər yaradır. Dünya ölkələrində süni intellektdən artıq diaqnostika, müalicə, tibbi əməliyyatların aparılması, fərdi müalicə planları və digər səhiyyə xidmətlərində geniş istifadə olunur.
Məsələn, bu gün tibbi sahəsində süni intellekt diaqnoz qoyma prosesini sürətləndirir və daha dəqiq edir. ABŞ təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkədə "Watson Health" (IBM) adlı süni intellekt proqramı xərçəng diaqnostikası üçün xəstənin tibbi tarixçəsini və klinik məlumatları analiz edərək fərdi müalicə planları təklif edir. Ölkədə geniş istifadə olunan "Google Health" adlı süni intellektin dəstəyi ilə işləyən alqoritm, süd vəzi xərçəngini rentgen şəkillərində həkimlərdən daha dəqiq aşkarlaya bilir.
Böyük Britaniya təcrübəsi də maraq doğurur. Belə ki, ölkədə "Babylon Health" adlı Süni intellekti ilə çalışan mobil tətbiq xəstələrin simptomlarını analiz edir və uğurlu ilkin diaqnoz təqdim edə bilir.
Hazırda dünyada tibbi sahəsində süni intellekt tibbi məlumatları analiz edərək fərdi yanaşmalar da təklif edə bilir.
Məsələn, Çində "Ping An Good Doctor" adlı süni intellekt dəstəkli onlayn platforma xəstələrə fərdi müalicə məsləhətləri təqdim edir.
Hindistan isə xəstəxanalar genetik məlumatları analiz edərək süni intellekt vasitəsilə fərdi onkoloji müalicələr təyin edir.
Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən bir sıra xəstəxanalarda cərrahi əməliyyatlar zamanı süni intellektdən istifadə hallarının da artma halları müşahidə olunur.
Bu sahədə dünya üzrə məşhur "Da Vinci Robotu"nun adını qeyd etməmək olmaz. Bu robot cərrahiyyə əməliyyatlarında həkimlərin dəstəyinə çevrilib. Robot mikroskopik kəsiklər etməklə minimal invaziv əməliyyatlar həyata keçirir.
Bundan başqa, Yaponiyada süni intellekt dəstəyi ilə işləyən cərrahi robotlar xüsusilə neyrocərrahiyyədə yüksək dəqiqliyi təmin edir.
Dünya ölkələrində tibbi görüntülərin analizi zamanı da süni intellektdən faydalanılır. Belə ki, süni intellekt tibbi görüntüləri (rentgen, MRT, KT) analiz edir və erkən mərhələdə xəstəlikləri aşkarlayır.
Məsələn, Almaniyada süni intellekt ilə işləyən proqramlar MRT və KT şəkillərindən şişləri erkən mərhələdə aşkarlayır. Kanadada da süni intellekt dəstəkli proqramlar rentgenlərdə ağciyər xəstəliklərini yüksək dəqiqliklə təyin edir.
Bu gün tibb sahəsində xəstə baxımında da süni intellekt xəstəxana sistemlərini optimallaşdırır və xəstələrə dəstək verir. Süni intellekt sistemi xəstəxanalarda xəstələrin yataq ehtiyacını planlaşdırır və resursları idarə edir. ABŞ-da süni intellekt dəstəkli virtual köməkçilər xəstələrə dərman qəbulu və həkim məsləhətləri ilə bağlı kömək edir.
Hazırda yeni dərmanların kəşfi və tibbi elmi tədqiqat işlərində də süni intellektin böyük faydaları var. Onun vasitəsilə dərmanların daha sürətli və səmərəli kəşfini təmin etmək artıq əlçatan olubdur. Məsələn, İsraildə "Insilico Medicine" şirkəti süni intelleltdən istifadə edərək yeni dərman molekullarını təyin edir. Böyük Britaniyada isə süni intellekt son zamanların qorxulu kabusu çevrilmiş "COVID-19" üçün effektiv dərmanların təyinində tədqiqat aparır.
Yeri gəlmişkən, qeyd edək ki, pandemiya ilə mübarizədə də süni intellektin faydaları danılmazdır. Mədələn, Cənubi Koreyada süni intellekt pandemiya dövründə "COVID-19" testlərinin nəticələrini qısa müddətdə analiz edib yayılma dinamikasını proqnozlaşdırırdı. Sinqapurda isə həmin dövrdə suni intellekt ilə işləyən sistemlər sosial məsafə qaydalarına nəzarət etmək üçün istifadə olunurdu.
Süni intellekt həmçinin xəstələrin reabilitasiya prosesini dəstəkləyir və psixoloji yardım belə göstərə bilir. Numunə üçün deyək ki, Norveçdə reabilitasiya prosesində robot köməkçilər və süni intellekt xəstələrin məşqlərini təhlil edir və inkişaf təklif edir. ABŞ-da isə süni intellekt ilə işləyən tətbiqlər (məsələn, "Woebot") psixoloji dəstək verir və xəstələri izləyir.
Tibb sahəsində süni intellekt ilə gələcək perspektivlər də dəqiqliklə araşdırıla bilir. Məsələn, hazırda dünya ölkələrində suni intellekt dəstəkli proqramların köməyindən istifadə etməklə genetik xəstəliklərin qarşısının alınması üçün genetik məlumatlar analiz olunur.
Bir sözlə, müasir dövrdə süni intellekt tibbin gələcəyində əvəzolunmaz bir alətə çevrilir. Onun tətbiqi həm xəstəliklərin erkən aşkarlanmasını, həm də müalicənin effektivliyini artırır.
Maraqlıdır ki, bugün süni intellektdən həmçinin təcili tibbi yardım xidmətinin fəaliyyətində də uğurla istifadə olunur. Məsələn, Danimarkada təcili yardım zamanı süni intellektin səs analizindən diaqnoz qoymaq təcrübəsi təqdirəlayiqdir. Belə ki, ölkə paytaxtı Kopenhagendə Təcili Yardım Xidməti süni intellekt sistemi ilŕ təcili tibbi yardım çağırışları zamanı xəstənin səsini analiz edir. Bu sistem xüsusilə ürək dayanması hallarında istifadə olunur. Süni intellekt xəstənin danışığını və nəfəs almasını təhlil edərək tibbi operatora vəziyyətin ciddiliyini bildirir. Sistem insan səhvini azaltmaq və daha tez reaksiya vermək üçün yaradılmışdır. Məsələn, "təşviş nəfəsi" kimi tanınan qeyri-adi səs nümunələri analiz edilərək xəstəyə CPR (ürək masajı) ehtiyacı olub-olmadığı dərhal müəyyənləşdirilir.
Norveçdə süni intellekt sistemləri təcili yardım çağırışlarını analiz edir, xəstənin vəziyyətinə əsasən çağırışların prioritetini müəyyən edir. Bu, resursların daha effektiv idarə olunmasına kömək edir.
ABŞ-ım New York şəhərində süni intellekt operatorlara xəstənin telefon danışığı əsasında infarkt, insult və ya digər həyati təhlükəli vəziyyətləri müəyyənləşdirməkdə kömək edir.
Bundan başqa, dünya təcrübəsində "Ambulans Marşrutlarının Optimallaşdırılması" məqsədilə süni intellektdən istifadə daha maraq doğurur. Sinqapurda süni intellektlə işləyən "GPS" sistemləri ən sürətli marşrutu təyin edir, tıxaclardan qaçaraq vaxt qazanır.
Almaniyada isə süni intellekt əsasında işləyən sistemlər ambulanslara başqa təcili yardım maşınları ilə koordinasiyalı hərəkət etmək imkanı yaradır.
Dünyada tibb sahəsində "dronlar vasitəsilə təcili yardım xidməti" son dövrlərdə böyük rezonansa səbəb olmuşdur. Məsələn, İsveçdə dronlar süni intellekt tərəfindən idarə edilərək, ürək dayanması hallarında "CPR" dəstləri və defibrilyatorları hadisə yerinə ambulansdan daha tez çatdırır.
Kanadada isə dronlar uzaq yerlərdə dərman və qan ehtiyatlarını çatdırmaq üçün istifadə olunur. "Xəstə monitorinqi və proqnozlaşdırma" sahəsində də süni intellekt uğurla tətbiq edilir. Məsələn, İsraildə süni intellekt cihazları xəstə monitorinqi üçün təcili yardım maşınlarında istifadə olunur. Bu cihazlar xəstənin həyati əlamətlərini analiz edərək, xəstəxanaya çatmadan tibbi personalı vəziyyətlə bağlı məlumatlandırır. Hindistanda isə ambulanslarda süni intellekt sistemi xəstənin məlumatlarını analiz edərək həkimlərə ilkin diaqnoz və müalicə tövsiyələri göndərir.
Maraqlıdır ki, İtaliyada "COVID-19" pandemiyası zamanı təcili yardım maşınlarında süni intellekt sistemləri xəstələrin oksigen səviyyəsini analiz edirdi.
Dediklərimizi yekunlaşdırsaq, deyə bilərik ki, süni intellektin tibb sahəsində tətbiqi gün keçdikcə artmaqdadır və ondan faydalanma yalnız operativliyi təmin etmir, həm də insan səhvlərini minimuma endirərək həyat qurtarma potensialını artırır.