Soyuq hava təkcə immunitet sistemini deyil, həm də eşitmə sağlamlığına mənfi təsir göstərə bilər.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütəxəssislərin fikrincə, aşağı temperatur qulaqda qan dövranını azaldaraq müvəqqəti eşitmə itkisinə səbəb ola bilər. Qış aylarında qulağınızın sağlamlığını qorumaq üçün sadə addımlar atmaq böyük fərq yarada bilər.
Qış aylarında havaların soyuq keçməsi tənəffüs orqanlarının xəstəliklərinə səbəb olmaqla yanaşı, eşitmə sağlamlığına da zərər verə bilər. Mütəxəssislərin fikrincə, aşağı temperatur qulaqda qan dövranını azaldaraq müvəqqəti eşitmə itkisinə səbəb ola bilər. Qulaq infeksiyaları və təzyiq dəyişiklikləri xüsusilə qış mövsümündə eşitmə problemlərini tətikləyən mühüm amillərdəndir.
QIŞ AYLARINDA QULAQ SAĞLAMLIĞINIZA DİQQƏT EDİN
Qış aylarının gəlişi ilə xəstəlik riski artsa da, mütəxəssislər soyuq havanın eşitmə qabiliyyətinə də zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər. Patient Claim Line rəhbəri Elison Flaerti deyir ki, soyuq hava qulaqdakı qan damarlarını daraldır, qan axını azaldır, bu da müvəqqəti eşitmə itkisinə səbəb ola bilər.
Məlumata görə, qış aylarında zəifləmiş immunitet səbəbiylə meydana gələn qulaq infeksiyaları da eşitmə itkisinin ümumi səbəbidir. Qulaq ağrısı, dəridə pullanma, qulaqdan axıntı, eşitmədə çətinlik və yüksək hərarət kimi əlamətlər müşahidə olunarsa, əczaçılardan dəstək alına bilər, lakin bir neçə gün ərzində əlamətlər yaxşılaşmazsa, həkimə müraciət etmək tövsiyə olunur.
HANSI ƏLAMƏTLƏRƏ DİQQƏT VERMƏLİSİNİZ?
Soyuq hava səbəbindən eşitmə itkisinə səbəb ola biləcək üç əsas amil var:
1. Qan dövranının azalması: Soyuq hava daxili qulaqdakı qan damarlarını sıxaraq müvəqqəti eşitmə itkisinə səbəb ola bilər. Qulaqları papaq və ya qulaqlıq ilə qorumaq bu vəziyyətin qarşısını almaq üçün təsirli bir üsuldur.
2. Təzyiq dəyişiklikləri: Qış aylarında hava təzyiqinin düşməsi və ya təyyarə səfərləri qulaqlarda dolğunluq hissi yarada bilər. Saqqız çeynəmək, əsnəmək və ya udmaq qulaqların açılmasına kömək edə bilər.
3. Qulaq kiri yığılması: Soyuq hava bədəndə daha çox qulaq kiri əmələ gəlməsinə səbəb ola bilər. Bu, müvəqqəti eşitmə itkisinə səbəb olan qulaq kanalını bağlaya bilər. Daimi təmizlik bunun qarşısını almağa kömək edə bilər.