Ramazan süfrələrinin əsas neməti olan XURMANIN FAYDALARI
08 aprel 2022 21:20 (UTC +04:00)

Ramazan süfrələrinin əsas neməti olan XURMANIN FAYDALARI

Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kaloridir. Bu, meyvənin növündən asılı olaraq dəyişir.

Lent.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, meyvənin yalnız Ramazan ayında deyil, mütəmadi və norma daxilində istehlakı tövsiyə olunur.

Xurma seçərkən ilk olaraq onun xarici görünüşünə diqqət edilməlidir. Xurma bütöv olmalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Məhsulun keyfiyyət və təhlükəsizliyinə onun saxlanma şəraiti və temperaturu bilavasitə təsir edir.

Tərkibində A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və mikroblardan təmizlənməsini təmin edir.

Xurmanın tərkibində dəmir mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan təzyiqinə qarşı faydalıdır.

Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Bu zənginlik nəticəsində toxluq hissi yaradan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir.

Uyğun şərait yaradıldıqda xurma xarab olmadan uzun müddət saxlanıla bilər. Məhsul isti və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə saxlanmalıdır. Buna görə də soyuducuda 0-10° C-də hava keçirməyən, qapaqlı qablarda saxlamaq ən ideal üsuldur.

Soyuq temperaturda zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından 10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması kifayətdir. İstehlakdan əvvəl isə xurmanın mütləq yaxşı yuyulması tövsiyə olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Sevinc Fərid

Oxşar yazılar