Qrip sadə soyuqdəymə deyil. Xüsusilə yaşlı insanlar üçün bu xəstəlik ölümcül ola bilər. Çin və Böyük Britaniyadan olan beynəlxalq tədqiqatçılar qrip virusunun yaşlanan orqanizmə necə ağır zərbə vurduğunu izah edən mexanizmi müəyyən ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın müəlliflərinin sözlərinə görə, burada əsas rolu apolipoprotein D (ApoD) adlı zülal oynayır.
Normal şəraitdə bu zülal lipid mübadiləsində və iltihabi reaksiyaların tənzimlənməsində mühüm rol oynayır. Lakin araşdırma göstərib ki, yaş artdıqca ağciyərlərdə ApoD səviyyəsi kəskin yüksəlir və bu zaman o, immun sisteminin “xaini”nə çevrilir.
Qrip virusu hücum etdikdə, ApoD-nin artıqlığı orqanizmin təbii antiviral müdafiəsini zəiflədir. Nəticədə virus sərbəst şəkildə çoxalır, ağciyər toxumaları zədələnir və xəstəlik ağır keçir.
Mitoxondriyaya zərbə
İnsan donor toxumalarının və siçanlar üzərində aparılan təcrübələrin analizi göstərib ki, ApoD hüceyrələrin “enerji stansiyası” sayılan mitoxondriyaların işini pozur.
Mitoxondriyalar təkcə enerji istehsalında deyil, həm də interferonların sintezində əsas rol oynayır. Interferonlar viruslara qarşı immun müdafiənin əsas elementləridir. Onlar digər hüceyrələrə təhlükə siqnalı göndərir və qoruma mexanizmlərini işə salır. ApoD səviyyəsinin artması mitoxondriyanın fəaliyyətini zəiflədir, interferon istehsalı azalır və immun cavab kəskin şəkildə zəifləyir.
Yaşlanan immuniteti necə qorumaq olar?
Alimlərin fikrincə, bu mexanizm məhz yaşlanmanın niyə qripdən ölüm riskini artırdığını izah edir. Aşkar edilən fakt gələcək dərmanların hazırlanması üçün yeni imkanlar yaradır.
Mütəxəssislər bildirirlər ki, ApoD-nin bloklanması yaşlı xəstələrdə ağırlaşmaları azaltmaq üçün perspektivli müalicə istiqaməti ola bilər. Qlobal əhali sürətlə qocaldığı bir dövrdə belə müdafiə üsullarının inkişafı milyonlarla insanın həyatını və sağlamlığını xilas edə bilər.