Qış mövsümü yalnız bayram əhval-ruhiyyəsi gətirmir, həm də “donmamaq və xəstələnməmək üçün” saysız-hesabsız məsləhətlər yayılır. Dostlardan eşitdiyimiz və ya sosial şəbəkələrdə oxuduqlarımızın isə hamısı doğru deyil.
Lent.az xarici mediaya istinadla qışla bağlı ən çox yayılan sağlamlıq miflərinin hansının doğru, hansının uydurma olduğunu təqdim edir.
1-ci mif: Alkoqol bədəni isidir
Bir qədəh şərab içdikdə bədəndə isti hiss yarana bilər, amma bu uzun sürmür. Əslində alkoqol bədənin daxili temperaturunu azaldır və hipotermiya riskini artırır. Alkoqol soyuğa qarşı təbii müdafiə reaksiyalarını, məsələn, bədənin titrəməsini zəiflədir. Buna görə də alkoqolla isinmək təhlükəlidir.
2-ci mif: Qrip peyvəndi qripə səbəb olur
Qrip peyvəndi heç vaxt qrip yaratmır. Peyvənddən sonra yüngül əzələ ağrısı, yorğunluq və ya bir az hərarət ola bilər. Bu, immunitetin işə düşməsinin normal göstəricisidir. Əsl qrip isə daha ağır keçir, buna görə peyvəndi təxirə salmaq məsləhət deyil.
3-cü mif: Soyuq hava insanı xəstələndirir
Tez-tez eşidirik ki, yaş saçla çölə çıxmaq və ya nazik geyinmək soyuqdəymə yaradır. Amma xəstəliyə səbəb olan soyuq yox, viruslardır. Sadəcə, soyuq hava bədənin müdafiə sistemini bir qədər zəiflədə bilər və virusların burun boşluğunda çoxalmasını asanlaşdıra bilər. Buna görə isti geyinmək yenə də vacibdir.
4-cü mif: Kərəvizli toyuq bulyonu (şorba) xəstəliyi sağaldır
Toyuq bulyonu soyuqdəymədə klassik “dərman” kimi qəbul edilir. İsti mayelər həqiqətən boğaz ağrısını yüngülləşdirir, seliyi duruldur və bədəni nəmləndirir. Amma şorba xəstəliyi sağaltmır, sadəcə əlamətləri yüngülləşdirir. Yaxşı qidalanmaq və kifayət qədər maye qəbul etmək isə mütləq faydalıdır.
5-ci mif: Soyuqdəymə zamanı idman etmək olmaz
Əgər əlamətlər yüngüldürsə, fiziki aktivlik zərər verməyə bilər. Amma astma, ürək-damar xəstəlikləri və ya nəfəs darlığı kimi problemlər varsa, ehtiyatlı olmaq lazımdır. Şübhə olduqda həkimlə məsləhətləşmək ən doğru addımdır.
6-cı mif: Yaşıl və ya sarı burun axıntısı mütləq antibiotik tələb edir
Burun axıntısının rəngi bakterial infeksiya demək deyil. Yaşıl və sarı selik bədənin infeksiya ilə mübarizə apardığını göstərə bilər, amma bu, həmişə bakteriya mənşəli olmur. Antibiotiklər yalnız həkim qərarı ilə təyin edilməlidir.