İnsultun qarşısını almaq üçün əsas addımlar – HƏKİM DANIŞIR
28 oktyabr 2024 12:33 (UTC +04:00)

İnsultun qarşısını almaq üçün əsas addımlar – HƏKİM DANIŞIR

“Risk faktorlarının erkən aşkarlanması və nəzarətdə saxlanılması insultun qarşısını almaqda əsas addımlardır”. 

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Mərziyyə Məmmədova deyib.

- Mərziyyə xanım, ilk öncə insultun yaranma səbəbləri haqqında məlumat verərdiniz…

- İnsult – beyin qan dövranının kəskin pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. O, İşemik (damarların tıxanması) və ya hemorragik (beyində qanaxma) xarakter daşıya bilər.
Əsas səbəblərə yüksək qan təzyiqi, ürək xəstəlikləri, ateroskleroz, piylənmə, şəkərli diabet və siqaret çəkmək aiddir. Risk faktorlarına, həmçinin qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və irsi meyillilik daxildir. Beynəlxalq protokollara əsasən, risk faktorlarının erkən aşkarlanması və nəzarətdə saxlanılması insultun qarşısını almaqda əsas addımlardır.
İnsultun simptomları adətən qəflətən yaranır və əksər hallarda təcili tibbi yardıma ehtiyac duyulur. Ən çox rast gəlinən simptomlara üzün asimmetriyası, əl və ya ayaqda zəiflik, nitqdə çətinliklər, görmə problemləri, başgicəllənmə və ya balansın itirilməsi, kəskin baş ağrısı və s. aiddir.

- Doktor, insult keçirən insana ilk yardım necə göstərilməlidir?

- İnsult keçirən şəxsə ilk tibbi yardımın vaxtında göstərilməsi həyati əhəmiyyət daşıyır. Əvvəlcə dərhal təcili yardım çağırılmalıdır. Xəstəni uzanmış vəziyyətdə saxlayıb, başını bir qədər yuxarı qaldırmaq, nəfəs yolunun açıq olduğuna əmin olmaq vacibdir. Qusma halları zamanı xəstə böyrü üstə çevrilməlidir. Xəstəyə dərman vermək və ya hansısa maye içirməkdən çəkinmək lazımdır.

Beynəlxalq protokollara əsasən, erkən tibbi müdaxilə (ilk 4-5 saat ərzində) xəstənin sağ qalma ehtimalını və funksional bərpasını artırır. Lakin bəzi yeni protokollara görə, qızıl pəncərə 9 saata qədər uzadıla bilər. Cərrahi müdaxilə və ya qan durulducu dərmanların istifadəsinə yalnız xəstəxanada qərar verilir.

- İnsultun diaqnozu necə qoyulur?

- İnsultun diaqnozu beynin görüntüləmə metodları ilə qoyulur. İnsultun diaqnozunda kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) iki əsas görüntüləmə metodudur və hər birinin spesifik istifadəsi var. Həmçinin, qan təhlilləri və elektrokardioqrafiya (EKQ) kimi testlər də xəstənin ümumi vəziyyətini qiymətləndirmək üçün istifadə olunur.
Bundan əlavə, Tranzitor işemik atak (TİA) insultdan öncə vəziyyət olaraq beyin qan dövranının müvəqqəti pozulmasıdır (adətən bir saatdan az davam edir). TİA insultun bir göstəricisi kimi qəbul olunur və gələcək insult riski ilə bağlıdır. Tranzitor işemik atak arterial emboliya, arterial stenoz, kardiak səbəblərə və damar anomaliyalarına görə yarana bilər.
Beynəlxalq təlimatlara əsasən, doğru diaqnoz və vaxtında qoyulan müalicə insultun nəticələrini yüngülləşdirmək üçün çox vacibdir. Erkən diaqnoz müalicənin növünü də müəyyən etməyə imkan verir.

- Yüksək qan təzyiqi insult riskini necə artırır?

- Yüksək qan təzyiqi (hipertoniya) insultun əsas risk faktorlarından biridir. Hipertoniya beyin damarlarını zədələyərək onların işemik insult zamanı tıxanmasına və ya hemorragik insult zamanı partlamasına səbəb ola bilər. Hipertoniya nəzarətdə saxlanılmadıqda, insult riski əhəmiyyətli dərəcədə yüksəlir.

Hipertoniya ilə mübarizə insultun qarşısının alınmasında əsas tədbirlərdən biridir. Qan təzyiqinin müntəzəm nəzarətdə saxlanılması və uyğun müalicə ilə insult riski azaldıla bilər. Əlavə olaraq, sağlam həyat tərzi – düzgün qidalanma, fiziki aktivlik və siqaretdən imtina da riskin idarə olunmasına kömək edir.

- İnsultun müalicəsində əməliyyatlar hansı hallarda ehtiyac duyulur?

- İnsult zamanı cərrahi müdaxilə yalnız ağır hallarda və xüsusi şərtlər daxilində tətbiq edilir. Hemorragik insult zamanı beyin qanaması nəticəsində beyində yaranan təzyiqi azaltmaq üçün təcili əməliyyat tələb oluna bilər. İşemik insult hallarında isə bəzi xəstələrdə endovaskulyar üsullar, məsələn, trombektomiya ilə damar tıxanmasının aradan qaldırılması mümkündür.

Beynəlxalq protokollar cərrahi müdaxiləni yalnız zəruri hallarda tövsiyə edir. Cərrahi əməliyyatın vaxtında aparılması xəstənin həyatını qurtara və funksional bərpanı sürətləndirə bilər.
Cərrahlar insult keçirən şəxsdən 16 saat ərzində trombektomiya etməlidir. Bununla belə, bəzi insanlar üçün cərrahlar insult başlandıqdan sonra 24 saat ərzində əməliyyat keçirə bilərlər. Əməliyyat sonrası isə xəstəyə intensiv reabilitasiya tələb olunur.

- İnsultdan sonra nitq problemi yaranırsa, bu necə müalicə olunur?

- İnsult keçirmiş xəstələrdə nitq problemləri, afaziya kimi hallar çox rast gəlinir. Bu pozulmaların müalicəsi nitq terapiyası ilə həyata keçirilir.

Erkən reabilitasiya bərpa prosesini sürətləndirir və xəstənin nitq funksiyalarının yenidən qurulmasına kömək edir. Nitq terapevti tərəfindən fərdi plan əsasında davamlı məşğələlər aparılır. Müalicə müddətində yaxınların dəstəyi də vacibdir. Xəstənin psixoloji vəziyyətini dəstəkləmək və sosial adaptasiyanı təmin etmək nitq bərpasında mühüm rol oynayır. Reabilitasiya prosesi adətən uzunmüddətli olsa da, müntəzəm terapiya xəstənin funksional vəziyyətini yaxşılaşdırır.

- Sonda insult keçirmiş şəxsə qulluq etməyin əsas xüsusiyyətləri haqqında məlumat verərdiniz…

- İnsultdan sonra xəstənin qayğısı fiziki reabilitasiya, psixoloji dəstək, koqnitiv bərpa və tibbi nəzarətə əsaslanır. Fizioterapiya hərəkətliliyin bərpasına kömək edir, nitq terapiyası isə kommunikasiya bacarıqlarının inkişafına yönəlir. Koqnitiv bərpa proqramları xəstənin düşünmə, yaddaş və digər psixoloji funksiyalarını yaxşılaşdırmağa yönəldilib. Xəstənin qidalanma və dərman rejimi də diqqətlə izlənilməlidir. Psixoloji dəstək insult keçirən şəxsin motivasiyasını və sosial adaptasiyasını təmin edir.

Qeyd edilməlidir ki, insultdan 4 ay sonra demensiyanın profilaktikası da aparılmalıdır. Bu məqsədlə koqnitiv reabilitasiya metodları, o cümlədən teletibb, virtual reallıq və “neurofeedback” kimi yeni bərpa üsulları effektiv şəkildə tətbiq oluna bilər. Teletibb xəstələrə uzaqdan tibbi dəstək və konsultasiyalar təqdim edərək onların bərpa prosesini asanlaşdırır. Virtual reallıq, koqnitiv və fiziki funksiyaların bərpasında interaktiv mühitlər yaradır. “Neurofeedback” isə beyin dalğalarını izləyərək koqnitiv funksiyaların inkişafına kömək edir.

Beynəlxalq reabilitasiya protokolları erkən müdaxilənin və intensiv qayğının xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərir. Ailə üzvləri xəstəyə müntəzəm qayğı göstərməli və onu gündəlik fəaliyyətlərdə dəstəkləməlidirlər. Bu proses uzun müddət tələb edir, lakin davamlı reabilitasiya yaxşı nəticələrə gətirib çıxarır.

Ləman SƏRRAF

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar