İmmunitet sisteminin  qocalmasının   əsas SƏBƏBİ
30 iyul 2023 19:35 (UTC +04:00)

İmmunitet sisteminin qocalmasının əsas SƏBƏBİ

Cənubi Kaliforniya Universitetinin (ABŞ) alimləri immunitet sisteminin qocalmasının yeni səbəbini aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırma sosial stressin immunitetə güclü mənfi təsir göstərdiyini təsdiqləyib.

Bildiyiniz kimi, yaşlandıqca, immunitet sistemi daha az səmərəli işləyir. İmmunosupressiya kimi tanınan onun qocalması xərçəng və ürək-damar xəstəliklərinə səbəb ola bilər, həmçinin peyvəndlərə reaksiyanı azalda bilər.

Eyni zamanda, eyni pasport yaşında olan insanların immunoloji yaşları fərqli ola bilər. Bu uyğunsuzluğun səbəblərini anlamaq üçün tədqiqatçılar sağlamlıq və təqaüdə çıxmaqla bağlı araşdırmadan əldə edilən məlumatları təhlil ediblər. Bu layihənin məlumat bazasına yaşı 50-dən yuxarı olan insanlar arasında aparılan genişmiqyaslı sorğunun nəticələri daxildir.

İştirakçılardan həyatda hansı stresslərlə üzləşdiklərini təsvir etmələri istənilib. Cavab variantları arasında çətin həyat vəziyyətlərindən yaranan stress (məsələn, işin itirilməsi), ayrı-seçkilik və ədalətsiz rəftar, respondentlərin özlərinin və ya ailə üzvlərinin xəstəlikləri, xroniki stress (məsələn, çətin maliyyə vəziyyəti ilə əlaqədar) var.

Tədqiqatçılar insanlardan qan nümunələri də toplayıblar. Təhlillər ağ qan hüceyrələri də daxil olmaqla müxtəlif immun hüceyrələrinin sayını müəyyən edib.

Layihədə iştirak edən 5744 iştirakçının göstəricilərini öyrəndikdən sonra alimlər müəyyən ediblər ki, yüksək səviyyədə stress keçirən insanların immun sisteminin əvvəllər təmasda olmadığı naməlum patogenlərlə mübarizə aparmaq üçün lazım olan gənc T hüceyrələri daha azdır.

Bundan əlavə, bu cür insanlarda "işğalçılar" ilə mübarizə qabiliyyətini artıq tükənmiş və özləri iltihab əleyhinə zülallar istehsal etməyə başlayan "köhnə" T hüceyrələrinin səviyyəsi artıb. Ümumiyyətlə, onların immun sistemləri daha yaşlı görünüb.

Alimlər belə nəticəyə gəliblər ki, güclü stress immunitet sisteminin fəaliyyətini pozur. Ancaq yaxşı xəbər budur ki, bununla mübarizə apara bilərsiniz. Sağlam həyat tərzi, düzgün qidalanma və fiziki fəaliyyət stresslə bağlı riskləri kompensasiya etməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar