Eynək seçimi necə olmalıdır?  -  MÜSAHİBƏ
05 iyul 2021 15:39 (UTC +04:00)

Eynək seçimi necə olmalıdır? - MÜSAHİBƏ

Oftalmoloq Aynurə Əliyevə insanları maraqlandıran əsas suallara aydınlıq gətirib.

Lent.az onunla müsahibəni təqdim edir.

- Göz damlasını necə və neçə damcı damlatmaq lazımdır?

- Azca başı arxaya əyib, alt göz qapağını çəkərək qapağın iç tərəfinə konyuktiva kisəsinə - görünən selikli qişa yarığına damlatmaq lazımdır. Böyüklərə bir damcı, kiçiklərə isə iki damcı kifayət edir, çünki artıq damladılan damcılar kənardan axacaq. Hamilələr isə dərman damladıldıqdan sonra iki dəqiqə ərzində yaş kanalını burun tərəfdən basıb saxlamalıdırlar.

- Eynəklər gözləri tənbəlləşdirirmi?

- Düzgün təyin olunmuş eynəklər yüksək görmə təmin etməklə gözlərə düşən görmə gərginliyini azaldır, onların yorulmasının qarşısını alır.

- Hansı eynəklərin istifadə edilməsi məsləhətlidir?

- Çərçivə üzə uyğun ölçüdə olmalıdır, eynəklərin fokus mərkəzi isə göz bəbəyinin önündə olmalıdır. Uzaqgörmə üçün seçilən eynəklər enli çərçivəli olmalı, yaxın görmə üçün isə ensiz olmalıdırlar. Bundan başqa günəşdən qoruyan eynəklərsə, o qədər enli olmalıdır ki, gözün bütün səthini, qaşları da əhatə etmiş olsun. Bundan başqa günəşdən qoruyan eynəklərin şüşələrinin “UV” faktoru yüksək (minimum -400) olmalıdır.

- Eynək istifadəsindən sonra gözlər zəifləyə bilərmi?

- Eynək istifadə olunmayanda görmənin zəifləməsi hissinin səbəbi yüksək görmə itiliyinin eynəksiz gözlərin gördüyü aşağı görmə itiliyinə keçməsidir. Yəni, eynəkli yüksək görmə ilə təmin olunmuş beyin öz zəif görməsini, eynəksiz hala keçəndə görmənin pisləşməsi kimi qəbul edir.

- Hansı tezliklə gözlər müayinə olunmalıdır?

- Kəskin və xroniki göz patologiyası olmayan şəxslər 40-45 yaşından sonra hər il bir dəfə, ailə üzvlərində göz xəstəliyi olan risk qrupuna daxil olan şəxslər isə ildə bir dəfə oftalmoloji müayinədə olmalıdırlar. Hamilələr ilk və son trimestrdə, qlaukomadan əziyyət çəkənlər üç aydan bir, eynək istifadə edən 18 yaşına kimi uşaqlar, şəkərli diabet, arterial hipertenziyadan əziyyət çəkənlər isə altı aydan bir müayinə olunmalıdırlar.

- Görməni artırmaq üçün nələr etmək olar?

- Qida rasionunuzu vitaminlə, meyvə və tərəvəzlərlə zənginləşdirsəniz gözləri təşkil edən toxuma hüceyrələrinin qidalanmasını təmin etmiş olacaqsınız. Görmə itiliyinə isə eynək korreksiyası ilə, göz gimnastikası ilə təsir etmək olar.

- Göz əməliyyatı üçün hansı fəsil daha uyğundur?

- Təyin olunmuş əməliyyat təcilidirsə, fəsildən asılı olmayaraq müdaxilə icra olunmalıdır. Ümumilikdə isə gözdə tətbiq olunan cərrahi əməliyyatlar fəslə görə planlaşdırılmır. Göz önündə - buynuz qişada icra olunan əməliyyatlar qızmar günəşli fəsillərdə işığa qarşı həssaslıq yaratdığı üçün daha az günəşli keçən aylara təxirə salına bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar