Küçə ayaqqabılarının alt hissəsində çoxlu sayda mikrob toplanır. Evdə ayaqqabını çıxarmamaq vərdişi allergiya riskini artıra, tənəffüs yollarının qıcıqlanmasına və yaşayış mühitinin çirklənməsinə səbəb ola bilər.
Bu barədə Lent.az xarici mediaya istinadən məlumat verir.
Evdə ayaqqabı ilə gəzmək niyə zərərlidir?
Bir çox insan evdə küçə ayaqqabısı ilə gəzməyə normal yanaşır və bunun fəsadlarını ciddi qəbul etmir. Halbuki mütəxəssislər bildirir ki, ayaqqabının altlığı yüz minlərlə mikrob, həmçinin nəcis izləri, kimyəvi maddələr və allergenlər daşıya bilər. Bu çirkləndiricilər döşəmədə bir neçə gün qala bilər.
2016-cı ildə "PubMed"də dərc olunan araşdırma göstərib ki, ictimai məkanlarda istifadə edilən ayaqqabıların altlığının təxminən 40 faizində toksigen Clostridium difficile bakteriyası aşkarlanıb. Bu bakteriya ishala səbəb ola bilər və xüsusilə antibiotik qəbul etmiş, immun sistemi zəifləmiş insanlarda daha təhlükəlidir.
Bu mikroblar xalçaya və ya döşəməyə keçdikdən sonra, yerdə oturan, sürünən və ya oynayan hər kəs onları əllərinə və paltarlarına asanlıqla keçirə bilər.
Qış aylarında insanlar vaxtlarının çox hissəsini qapalı məkanlarda, isitmə sistemləri işlək vəziyyətdə keçirir. Bu isə mikrobların və allergenlərin havada daha asan yayılması üçün əlverişli mühit yaradır.
İmmuniteti zəif olan yaşlı insanlar ev şəraitində yoluxan infeksiyalara daha tez tutulurlar. Ayaqqabılar yalnız bağırsaq çöpləri deyil, həm də ağır ishal və hətta qan infeksiyaları ilə əlaqəli digər mikroorqanizmləri də daşıya bilər.
Nə etmək lazımdır?
Mütəxəssislər küçə ayaqqabısını qapı ağzında çıxarmağı tövsiyə edirlər. Bu, evdə mikrob səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. Ev daxilində isə başmaq, corab geyinmək və ya ayaqyalın gəzmək daha təhlükəsiz hesab olunur.
Döşəmələrin tikiş yerlərində də bakteriyalar yığıla bilər, xüsusilə də mütəmadi dezinfeksiya aparılmadıqda. Buna görə də çox istifadə olunan sahələrdə döşəmələrin müntəzəm yuyulması, uşaqlar üçün oyun xalçalarının və örtüklərin tez-tez yuyulması evə daxil olmuş mikrobların miqdarını azaltmağa kömək edə bilər.
Mütəxəssislər vurğulayır ki, sadə gigiyena qaydalarına əməl etməklə evdə daha sağlam və təhlükəsiz mühit yaratmaq mümkündür.