Darçınlı çay:  Onu rasionunuza daxil etməyin 7 SƏBƏBİ
07 aprel 2025 13:30 (UTC +04:00)

Darçınlı çay: Onu rasionunuza daxil etməyin 7 SƏBƏBİ

Darçınlı çay – sadə, amma sağlamlığa xeyirli bir ləzzətdir.

Darçın təkcə ətirli bir ədviyyat deyil, həm də qədim xalq təbabətində istifadə olunan vasitələrdən biridir. Müasir tədqiqatlar göstərir ki, darçın əsasında hazırlanan çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər, baxmayaraq ki, bəzi təsirlərin elmi sübutlara ehtiyacı hələ də qalır.

Lent.az bu 7 səbəbi sizə təqdim edir:

1. Qanda şəkəri tənzimləyir
Darçınlı çay, qanda qlükoza səviyyəsini insulina bənzər şəkildə azalda bilər. Xüsusilə prediyabet və ya 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalı ola bilər. Bəzi araşdırmalarda gündə 1–2 çay qaşığı darçın qəbul edən şəxslərdə şəkər səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.

2. Aybaşı ağrılarını azaldır
Bir çox qadın ağrılı menstruasiyadan əziyyət çəkir. Təbii darçınlı çay ağrıkəsicilərə yumşaq bir alternativ ola bilər: aparılan bir tədqiqatda belə çay içən yeniyetmə qızların ağrılarının azaldığı qeyd olunub.

3. Güclü aybaşı qanaxmalarını azaldır
Əgər siz həddindən artıq menstruasiya qanaxmasından əziyyət çəkirsinizsə, darçınlı çay faydalı ola bilər. Menoragiya (çox qanaxma) diaqnozu qoyulan qadınlar arasında aparılan bir araşdırma göstərib ki, gündəlik az dozada darçın qəbul etmək qan itkisini nəzərəçarpacaq dərəcədə azaldıb.

4. Ürəkbulanmanı yüngülləşdirir
Darçının ətri və isti dadı ürəkbulanma və qusma hallarını yumşalda bilər. Kimyaterapiya alan bəzi xəstələrdə darçın yağı ətrinin inhalasiyası simptomların şiddətini azaltmışdır. Darçınlı çayın bu baxımdan təsiri ilə bağlı məlumatlar məhduddur, amma o, ümumi rahatlıq hissi yarada bilər.

5. Qan təzyiqini normallaşdırır
Darçınlı çayla bağlı konkret araşdırmalar az olsa da, darçının özü elmi olaraq sistolik və diastolik təzyiqi saldığı sübut olunub. Bu təsir, sağlam həyat tərzi ilə birlikdə, yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalı ola bilər.

6. Çəki itirməyə kömək edir
Bəzi tədqiqatlar göstərir ki, darçınlı çayın müntəzəm istifadəsi bədən çəkisini, bel çevrəsini və bədən kütlə indeksini azaltmağa kömək edə bilər. Bu təsir darçının maddələr mübadiləsinə və iştahaya təsiri ilə əlaqələndirilir.

7. Antioksidantlar və iltihab əleyhinə maddələrlə zəngindir
Darçınlı çay, sərbəst radikallarla və iltihabla mübarizə aparan maddələrlə zəngindir. Bu, onu xroniki xəstəliklərin profilaktikasında faydalı içkiyə çevirir.

Darçınlı çay necə hazırlanır?
Sadə üsul:
60 qram darçın çubuğunu 1 litr suda otaq temperaturunda 24 saat dəmləyin, sonra qaynadın və süzün. Alternativ olaraq, darçın çubuqlarını 15 dəqiqə qaynadın və ya 1–2 çay qaşığı üyüdülmüş darçına qaynar su əlavə edib dəmlədikdən sonra süzə bilərsiniz.

Vacib Qeyd: Darçının çox miqdarda qəbul edilməsi allergiya və həzm problemləri kimi yan təsirlərə səbəb ola bilər. Eyni zamanda bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Xüsusilə hamiləlik, südvermə dövründə və ya müntəzəm dərman qəbul edən şəxslər bu çayı daimi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar