Meyvələrin tərkibində şəkər olduğuna dair narahatlıqlara baxmayaraq, onlar sağlam qidalanmanın vacib hissəsi olaraq qalır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq Paulina Pilarska-Abramçikin sözlərinə görə, meyvələr təkcə təbii şəkər deyil, həm də orqanizm üçün vacib olan lif, vitaminlər və bioloji aktiv maddələrlə zəngindir.
Mütəxəssis qeyd edib ki, çiyələk C və K vitaminləri, eləcə də lif baxımından olduqca zəngindir. Bu giləmeyvə kollagenin sintezini dəstəkləyir, immun sistemini gücləndirir, dərinin elastikliyinə və qan damarlarının sağlamlığına müsbət təsir göstərir. Dietoloqun sözlərinə görə, mövsümündə gündə 1-2 porsiya, yəni təxminən 150-200 qram çiyələk yemək kifayət edir. Lakin yay aylarında çiyələyin bol və dadlı olması səbəbindən bir çox insan bu normanı aşır.
Paulina Pilarska-Abramçik vurğulayıb ki, "ən faydalı meyvə" anlayışı yoxdur. Çünki hər meyvə fərqli vitamin və minerallarla zəngindir. Buna görə də ən düzgün seçim müxtəlif meyvələri növbəli şəkildə qidalanmaya daxil etməkdir.
Mütəxəssisin sözlərinə görə alma tərkibindəki pektin sayəsində bağırsaqların və bağırsaq mikrobiotasının fəaliyyətini dəstəkləyir. Kivi həzmi yaxşılaşdırmağa və bağırsaqların normal fəaliyyətinə kömək edir. Banan yorğunluğun azalmasına və sinir sisteminin normal işləməsinə dəstək verir. Avokado ürək, beyin və hormonal balans üçün faydalıdır. Qaragilə və moruq isə antioksidantlarla zəngin olduğu üçün hüceyrələri qoruyur, eləcə də yaddaşın güclənməsinə kömək edir.
Dietoloq vurğulayıb ki, sağlam qidalanmanın əsas prinsiplərindən biri müxtəlif meyvələrdən ölçülü şəkildə istifadə etməkdir. Bu, orqanizmin ehtiyac duyduğu vitamin, mineral və digər faydalı maddələri daha balanslı şəkildə qəbul etməyə imkan verir.