<b>Sənubər İsgəndərli: "Ürəyim deyir, get həyətdə kəndirbaz oyna" -</b> <span style="color:red;">QIZQIZA 
25 oktyabr 2015 10:00 (UTC +04:00)

Sənubər İsgəndərli: "Ürəyim deyir, get həyətdə kəndirbaz oyna" - QIZQIZA 

 

Mədəniyyət və İncəsənət Universitetini bitirib, yenicə teatrda işə başlamışdım ki, rəfiqəm, mərhum Xumar Cəfərli qadınlar üçün “Xanım” jurnalını yaratdı. Bir rubrikada gənc aktrisa sevdiyi həmkarları ilə görüşüb, söhbətləşib, yazı hazırlamalı idi. Diktofonsuz -filansız...

 

İlk söhbət üçün Sənubər İsgəndərlini seçdim. Onu sevirdim. Bu sevginin səbəbini isə illər sonra, onun ad günü ərəfəsində Lent.az-ın “Qızqıza”sında açıqlamaq varmış qismətdə:

 

- Siz mənim ilk müsahibim olmusunuz.

 

- Müsahibəmizi xatırlayıram. Amma ilk müsahib olduğumu bilmirdim. Neçənci il idi?

 

- 2000-ci il, fevral...

 

- Ooo, 15 il keçib... 15 ilə Vüsalə yazıçı olub, maşallah! Arada oxuyuram, “Əsir düşərgəsi”ndən çox təsirlənirəm...

 

Məşədi İbad demiş, nahaq “Əsir düşərgəsi”ndən söz saldıq... “Əsir düşərgəsi”ndən sonra xanımları “Qızqıza” söhbətə razı salmaq çətin olurdu. Onu bitirməmiş, “İnternat dramı”na başladım, bundan sonra isə, ümumiyyətlə, xanımlar mənimlə görüşməkdən imtina etdilər. Kimə zəng etsəm, hər iki layihə haqda təəssüratlarını bölüşür, xoş sözlər deyir, söhbətdən isə qaçırdılar. Səbəbini bilirəm, qadınlar illah da müsahibədə qlamur görünməyi sevirlər, girov və valideyn himayəsindən məhrum olan insanların həyat hekayəsini yazan birinə müsahibə vermək onların bu obrazlarını dağıdacaq deyə, ehtiyatlanırlar. Qınamıram, imic illərlə qazanılan nəsnədir.

 

Allahdan, bu dəfəki həmsöhbətimin belə xofu yoxdur. Onu elə buna görə sevirəm.

 

Bilmirəm nə qədər həqiqətdir, xalq artisti Vaqif Əsədovdan eşitmişəm ki, sevimlim Həsənağa Turabov Azərbaycan ədəbiyyatında ən maraqlı kişi obrazlarından biri olan – Molla Abbası (“Dəli yığıncağı” tamaşasında) oynamaqdan imtina edib. Səbəb - əsərdə Molla Abbas qardaşı Fazilə deyir: “Dadaş, әgәr oynamağıma razı deyilsәn, izin ver mayallaq aşım” və mayallaq aşır...

 

Yaşıdları arasında tanıdığım yeganə aktrisadır ki, rol üçün heç bir yasağı yoxdur. Rejissorların arzusudur, plastilindir. İstədiyin formaya düşəcək. “Əsir düşərgəsi”ndən yayınmağa çalışıram:

 

- İlk müsahibim olduğunuza görə demək olar ki, bütün müsahibələrinizi izləyirəm. Həmkarlarım həmişə sizinlə söhbətə gözəlliyinizdən danışmaqla başlayırlar. Bunu sizə qarşı ədalətsizlik hesab edirəm...

 

- (Ah çəkir...) Vüsalə, inan allaha ki, verilişə çağırırlar, mövzunu soruşuram: gözəllik, moda. Soruşuram, axı sənətdən nə vaxt danışacağıq? Onları da başa düşürəm, reytinq məsələsi... Sənətlə maraqlanan yoxdur... Sonra kənardan özümə baxanda deyirəm, “Sənubər, kənardan nə qədər bəsit görünürsən”. Eyni suallara verilən cavablar dəyişmir axı. Axırda nifrət edirəm. Gəlmirəm deyirəm, inciyirlər...

 

- Mən də gözəllikdən danışacam. Amma sizi mənim gözümdə gözəl göstərən cəhətlərinizdən. Yaşadığım dövrdə Azərbaycan teatrında gördüyüm yeganə aktrisalardansınız ki, bir-iki baş rola görə “diqtə etmirsiz”. Məsələn, zamanında biz gənclərə elə xoş idi ki, siz “Ekperimental Tamaşalar Festivalı”na qatılmışdınız... Hətta xalq artistlərindən biri haqqınızda dedi ki, “Sənubər Gertruda oynayan aktrisadır, gərək gedib uşaq-muşağa qoşulmayaydı. Bunu eləməməliydi”.

 

- Deyirdilər, özüm də eşidirdim... (Gülür) Bu gün də ekperimental tamaşalar festivalı keçirilsin, yenə də qatılaram. Tək festival yox, nə eksperimentallar olur-olsun, sevə-sevə iştirak edərəm. Belə şeylər mənə ləzzət edir. Özümü yoxlayıram ki, mən bunu da bacarıram.

 

- Dəyişilmək adamı formada saxlayır. Ülviyyə Könül film çəkəndə siz kastinq direktoru idiniz...

 

- Həm də aktyorlarla iş üzrə rejissor. Orada da sınağım idi. Mənə qəribə gəldi ki, görəsən aktyorlara nəsə izah edə bilərəmmi. Özümdən yaşlı sənətkarlara heç nə demirdim, təklikdə Ülviyyəyə pıçıldayırdım. Rejissor kimi onun qarışmaq ixtiyarı var. Amma cavanlara yaxınlaşıb, astaca deyirdim ki, nəyi necə etmək lazımdır...

 

- Eyni işi “Qaynana” serialında da davam etdirdiniz...

 

- Elə “Qaynana” serialına da “Vəkil hanı?” filmindən sonra dəvət aldım. Filmə baxıb, təklif etdilər ki, aktyorlarla da siz işləyin. Orda da həmən qaydada işləyirdim. Yaşlı sənətkarlarla o məsafəni həmişə saxlayırdım.

 

- Qısası, sizi həmişə hərəkət edən, dəyişən görürəm. Köhnə rollarının kölgəsində nostaljı yaşayan aktrisa deyilsiniz. İlk görüşümüzdən yadımdadır, dediniz ki, filmlər çəkilmir, ona görə kliplər çəkdirib, ürəyimin qurdunu öldürürəm. Sabah filmlər çəkilməyə başlasın və mən bu işi qatlayıb bir kənara qoyacağam. Qoydunuz da...

 

- İstəyirdim, nə iləsə ortaya bir şey çıxardam... Cəhd edirdim...

 

- Bax, o cəhdlər sizi mənim gözümdə gözəl elədi...

 

- Aaahhh! Bax, deməli həqiqətən gözələm! Vüsalə, ilk dəfə məni gözəl olduğuma inandırdın. (Gülür)

 

- Həmkarlarımı maraqlandıran gözəlliyi qorumaq üçün daima mezoterapiya, pilinq edirik. Bu boş dayanmamaq, nəsə etmək cəhdləri də sənətkarı formada saxlayır, gözəl edir.

 

- Bilirsiz, yadıma nəyi saldız... Axı mən rəhmətlik Hüseynağa Atakişiyevlə işləmişəm və onu özümə sənətdə müəllim sayıram.

 

- Onun məktəbi də fəaliyyətinizdə daima özünü göstərir...

 

- Daima! Başqa cür ola da bilməz! Hüseynağa müəllim sözə çox xəsis idi. Bizsə gənc idik, nə oynasaq, ağzına baxardıq ki, görək nə deyəcək... Ömründə heç nə deməzdi. Adam qalırdı çək-çevir edə-edə ki, ay allah, görəsən necə oynadım... Hərdən söhbətlərindən başa düşürdük ki, bu sözü deyəsən mənə atırdı, bu qədər.

 

Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Yelenanı oynayırdım. İlk dəfə mənə dedi ki, proqramı bura gətir. Gətirdim, orda yazdı ki, “Sənubər, sən indi başladın gözəlləşməyə”. Allah, bu mənim üçün dünya idi! Hesab edin ki, elə o günü xalq artisti adını də aldım, əməkdar artist adını da. Çünki sənətkar mənə dedi ki, sən artıq aktrisa kimi formalaşırsan. Görün neçənci illərin sözünü danışıram. Ona qədər bir neçə rol oynamışdım və düşünürdüm ki, nə isə bacarıram. Demə, hələ indi bacarmışam. Həmən “gözəlləşmə” sözündən sonra bir az rahatlaşdım... İndi sizin bənzətmə onu yadıma saldı...

 

- “Yaşlı xanımın gəlişi”ndə o gözəllik özəlliklə diqqətimi çəkdi. Bizim teatrda nadir hallardan biridir ki, heyətdə tək qadın obrazı, baş rol, zəngin xanım və hər çıxışına bir bahalı paltar geyinmir...

 

- Onu mən prinsipial olaraq etmədim. Elə obraz idi ki, dəyişsə də, yeri var idi, əsaslandıra bilərdi. Milyonçu idi, başqa-başqa günlər idi. Təklif də olundu, dedim mən o qadını içimlə dəyişəcəm. Qadın hər çıxışında əynini yox, özünü dəyişəcək. Şükür Allaha, hardasa razı qaldım.

 

- Əla tamaşa idi. Son illər “Azdrama”nın səhnəsində baxdığım tamaşalar içində ikisi yadımda qalıb. “Qatil” və “Yaşlı xanımın gəlişi”. Həm də səhnə üçün uğurlu formanı saxlamağınızı sevirəm. Bunu xüsusi gözəllik adlandırmıram. Səhnədə olan, işinin məsuliyyətini dərk edən aktrisa hər dəqiqə formada olmalıdır. Sənətin inkişaf etdiyi bütün cəmiyyətlərdə aktrisa daima formada olur. Qreta Qarbo deyirdi ki, yeni rol xoşbəxtlik kimidir, hər gün qapını döyə bilər və sən...

 

- ...həmişə onun üçün hazır vəziyyətdə olmalısan! Bilirəm ki, səhnədə mənə plastika lazımdır. Haradansa kəsərəm, amma idman zalından kəsmərəm. O mənə mütləqdir ki, formada qalım. Ağzımı nə üçünsə bağlayaram ki, artıq kilolar olmasın. Çünki səhnədə bu, çox mane olur. Bir ara məndə olmuşdu...

 

- Heç xatırlamıram...

 

- Çox yox, həmişə elə 5-6 kilo ilə dava edirəm. (Gülür) Amma özümü çox narahat hiss edirdim...

 

- Unutmuram, heç bir aktyorun cəsarət etmədiyi bir şeyi etdiniz, gəlib Pantomima teatrında oynadınız...

 

- Pantomima-da da, Yuğ-da da oynamışam. “Kimdir müqəssir?” tamaşasını Hüseynağa müəllimin teatrında da oynamışdım. Ürəyim gedirdi o tamaşa üçün...

 

- Və bütün bunlarla yanaşı, Sənubər İsgəndərli deyəndə yaddaşımda “Şah Edip”dəki icraçı ilə “Burla Xatun”dakı Burla Xatun canlanır. Hər iki tamaşaya təkrar-təkrar baxmışam. Özəlliklə də, “Burla Xatun” mənim üçün bütün yaradıcılığınızın üstündədir.

 

- Hə... Sevdiyim rollarımdan ibarət siyahı hazırlasam, “Şah Edip”lə “Burla Xatun”u başdan yazaram.

 

- Təpədən-dırnağa gözəllik idi. Xatırlayıram, tamaşadan sonra rejissor Vaqif Əsədov dedi ki, “Sənubər böyükdür, çünki heç kim uşaqlara qoşulub o tozlu pərdələrin altına girməzdi...”

 

- Bu gün də girərəm, Vüsalə. “Burla Xatun” kimi tamaşa olsun, tozun da altına girərəm, çirkin də. Mən ömrümdə səhnədə çirkli görünməkdən qorxmamışam.

 

- Bizim aktrisalar “səhnə gözəlliyi sevir” sözünü çox vaxt yanlış anlayırlar. Səhnədə ancaq çirkin görünməkdən qorxmayan aktrisa gözəl görünə bilər.

 

- “21:15 qatarı” tamaşası olanda xəbər edəcəm, ona da baxın. “Yaşlı xanımın gəlişi”ni üç ildir oynayıram. Tamaşaçı da çox gəlirdi “Yaşlı xanımın gəlişi”nə...

 

- Sonra tamaşaçıdan şikayət edirlər. Nəhayət ki, “tarix dərsi” ilə teatrın fərqini ayırmaq lazımdır. Səhnədən nə qədər ədəbiyyat dinləməliyik, mətni teatra çevirmək lazımdır. Tamaşa olarsa, tamaşaçı həmişə tapılacaq. Guya sovet vaxtı 7 milyonun hamısı teatra gəlirdi?

 

- Hər halda, bundan çox gəlirdi...  Amma 9 milyonluq ölkənin beş yüz yerlik tamaşa salonunu dolduracaq tamaşaçısı həmişə var.

 

- Doğru! Həm də əvvəllər tamaşaçının alternativi yox idi.

 

- Düzdür. Bir də əlçatmazlıq və simanı qorumaq! Bunların olmaması aktyoru çox hörmətdən salır. Bədbəxtçilik ondadır ki, bizim sənət asılı sənətdir. Rejissordan, dramaturqdan, direktordan asılısan. Rol verməsələr, özün-özünə rol verə bilməyəcəksən. Bu asılılıqda şərəf və ləyaqəti qoruyub saxlamaq çətin olur. Qürurla gəzməyi bacardın, bir az da istedad varsa, nə olsun sənətin asılıdır, olacaqsan sənətkar! Çox belə misallar çəkə bilərəm. Bu sədd sürüşkəndir, ona görə də çox vaxt simalar itir. Aktyor ikiüzlüyə, minüzlüyə çevrilir. Bir az simasız olur, bir az şəxsiyyətsiz... Olur elələri də... Asılılıq insanı dəyişir. Buna yalvarım, onu razı salım, o birinə xoş gəlim ki, mənə rol versin, ad versin və bir gün görür ki, onun sənəti də artıq hörmətdən düşüb...

 

- Rol verilsə də, tamaşaçı üçün maraqsızdır. Çünki tamaşaçı onun bütün “üzlərini” görüb...

 

- Sovet dövründə bir televiziya kanalı var idi deyə, sənətkara sima saxlamaq çox asan idi. İnanın, o vaxtı bundan da çox biabırçılıqlar olub. İndi bizim üzümüzə vururlar ki, iki xalq artisti dalaşdı... Bəli, xoşagəlməz situasiyadır. Amma bundan betərləri olub. Sadəcə binanın içində qalıb. Kimsə bayıra çıxartmazdı. O vaxt sima saxlamaq asan olub deyə bu gün korifey deyən kimi hamı çalışır dünyasını dəyişənlərin adını çəkməyə. Bu gün yaşayıb yaradanın adını çəkmirlər. Amma vallah, bu gün ləyaqətini qoruya bilən, özünə hörməti itirməyən sənətkar varsa, ona halal olsun!

 

- Axı Sənubər İsgəndərliyə rol verməməyin səbəbi nə ola bilər?

 

- Hər direktorun öz sevimlisi olur. Yeni gələn rejissorlar məni tanımırdı. Başqa ölkələrdən rejissor dəvət edirlər axı, rolu da direktor bölürdü. Elə bütün narazılıqlar da ordan başladı.

 

- Olmaz ki, o tamaşalar bir ay gec qoyulsun, amma rejissor əvvəlcə gəlib teatrın repertuarındakı tamaşalara baxsın, truppanı tanısın? Bizdə guya teatrın səviyyəsini qaldırmaq üçün xaricdən rejissor dəvət edirlər, o da gəlib tanımadığı kollektivlə direktorun rol bölgüsü əsasında tələsik bir tamaşa quraşdırıb gedir. Hətta belə yanaşma olduğu halda adam düşünür ki, bu rejissor heç əmək də sərf eləmir, elə öz ölkəsindəki hansısa bir tamaşasının səhnə həllini bu əsərə töküb, qayıdır. Sonucda, biz yüksək sənət yaratmaq ümidi ilə vəsait xərcləyirik, rejissor isə bu işə “xaltura” kimi baxır... Düzgün yanaşma deyil axı...

 

- Mənim aləmimdə rejissor tamaşa qoymaq istəyirsə, gəlib tamaşalara baxmalı, aktyorları tanımalıdır. Rejissor o adama deyərəm. Yoxsa, bir ay ərzində tələsik tamaşa hazırlayıb çıxır gedir, tamaşanın taleyi artıq ona maraqlı deyil, tamaşa qalır üzü üstə.

 

- Bu eksperiment lazım idi Azərbaycan teatrına?

 

- Dəyişmək lazımdır. Amma köhnəni qəfil silib, yenini quracağam demək düz deyil. Sən köhnənin bazasında yenini qur, lazımsız olan nə varsa, özü sıradan çıxacaq....

 

- Bu sualı başqa aktrisaya vermərəm. Bilirəm ki, deyəcək, mən bütün rollarımı yaratmışam. Sizin obyektivliyinizə güvənirəm. Geriyə baxanda rolların hansı “proval” idi deyirsiniz?

 

- Təbii ki, bu uzun illər ərzində uğursuzluqlar da olub. Onsuz maraqsız olardı. (Gülür) Əgər teatra canlı orqanizm deyiriksə, deməli, onun “xəstə” və “xoşbəxt” anları olur. Məsələn, “Ədirnə fəthi” tamaşamız var idi, kənardan özümə baxıb demişəm ki, “provaldır”...

 

- Tamaşa özü maraqsız idi, darıxırdın.

 

- Özümdən heç xoşum gəlməmişdi, tamaşadan da... Bir də, Bəxtiyar Vahabzadənin bir tamaşası var idi, “Cəzasız günah”. Həkimlərdən idi...

 

- Xatırladım, Ramiz Novruzla oynayırdınız. Darıxdırıcı tamaşa idi. Bir sözlə, pyesin oxunuşu idi, ədəbiyyat idi. İçində teatr elementləri yox idi. Ona görə də darıxırdım. Sizi içində teatr olmayan tamaşada görə bilmirəm.

 

- Ümumilikdə götürəndə isə, mən çox xoşbəxt aktrisayam. Azərbaycanda demək olar ki, ən sevilən, sayılıb seçilən bütün rejissorlarla işləmişəm. Bundan gözəl nə ola bilər?

 

- İndi nə arzulayırsınız, serial, kino, teatr, necə bir iş?

 

- Kino, ya teatr, fərq etməz, amma hadisəyə çevriləcək bir iş istəyirəm. Mənim rolumla olmasa da belə, orada mənim kiçik bir epizodum olsun. Biz bacarırıq, istəyirəm sübutunu verək. Amma ilk öncə can sağlığı istəyirəm! Bilmirəm ömrümə nə qədər qalıb. Belə şeylərə bir az müdrik baxıram. Adamın ağzından vururlar ki, nə danışırsan... Amma nə ömrüm qalıbsa, qoy mənim orada lap cüzi əməyim olsun, amma iş özü dəyərli olsun. Hamı desin ki, bu sənətdə olmağa dəyərdi.

 

- Guya axırda ad gününüzü təbrik edəcəkdim, görün söhbəti hara aparıb çıxartdınız...

 

- (Gülür) Bilirəm, bu dünyadan doyub gedəcəyəm. Hərdən zarafatla deyirəm ki, ölməyə dəyər, dünyaya təzədən cavan gələcəksən. (Gülür) Bunu mütləq deyim, xəstə aktyoru efirdə köməksiz halda göstərməyin çox əleyhinəyəm. Qızıma möhkəm-möhkəm tapşırmışam, nə badə, anan düşdü, bir adamı içəri buraxmırsan. Demişəm! Həyatdır, Allah hamımızı dünyadan ayaqlarımızın üstündə aparsın. Amma ehtiyatı tutmaq lazımdır. Qəti! Olmaz! O aktyor insanın gözündə miskin olur! O vaxt mən Hamlet Qurbanovun kadrlarına baxanda bir ay özümə gələ bilmədim. Nəyə lazım idi onu göstərmək? Gərək ətrafı qoymayaydı. Yaddaşlardakı obrazı dəyişmək olmaz!

 

- Razıyam! Ad günü öncəsi rəqəmlər qorxulu gəlir?

 

- Çooox! Hətta on il öncə o rəqəmi deyəndə elə bilirdim başqa adam haqqında danışıram...

 

- Ruhun yaşı yoxdur!

 

- Yoxdur! Ürəyim deyir, get həyətdə kəndirbaz oyna! (Gülür)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6023
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar