“Qohumlarım bunu biləndə dəhşətə gəldi” - <span style="color:red;">Tanınmış jurnalistdən ilginc etiraflar
27 noyabr 2017 11:17 (UTC +04:00)

“Qohumlarım bunu biləndə dəhşətə gəldi” - Tanınmış jurnalistdən ilginc etiraflar

 

Layihə: Vüsalə Məmmədova ilə “Özsüt”“Qız-qıza”

 

Yola salmaqda olduğumuz il ikimiz üçün də yeni kitabımızla əlamətdar oldu. Mən üç ilə iki kitab sığdıra bildimsə, o bir həmlədə iki kitabını bağrına basdı. Lent.az üçün “Qız-qıza” söhbət etmək barədə də onun imza günündə razılaşdıq. Reportajlarını maraqla oxuduğum sevimli həmkarım Sevinc Telmanqızından məhz bu resepti soruşacaqdım. Adam bir mövzunu qaçırmır, o haqda həm köşə, həm reportaj, həm müsahibə, həm də status yaza bilir. Özü daima baxımlı, gözəl, evdə də iki övlad! Bütün bunları bir qadının gününə necə sığışdırır, onu öyrənəcəkdim ki, elə üz-üzə oturan kimi məni şoka salmaqda davam etdi:

 

Uşaqları nə yazacağın yox, nə bişirəcəyin maraqlandırır...

 

- Yalandan deməyəcəm ki, “mən seriala baxmıram”, baxıram! Seriala da baxıram, filmə də! Serialsız qadın olmarıq ki! Mağazada hərdən Zamin deyir ki, “bir paltarı al, çıxaq!” Deyirəm, axı o zaman mən qadın olmaram! Bizi qadın edən cəhətlərimizdən biri də budur ki, 2 saat gəzib, 200 paltarı geyinib-çıxardıb, axırda gedib birinci yoxladığımızı alırıq. Belə etməsəm, mən qadın yox, Zamin olaram! Əgər futbola, müharibə filminə baxsam, qadınlıq iksirim yavaş-yavaş axıb gedəcək... Bəs mən nə zaman qadın olacağam!? Dozanı saxlayaraq, seriala da baxmaq olar!

 

- Axı iş rejiminiz həddindən artıq ağırdır – qəzetçisiniz! Bu, qadın üçün arzulanan peşə deyil! 7-24 ayıq olmalısan. Bir tərəfdən ailə, məişət, uşaqlar, onların dərsi...

 

- Eynən!

 

- Bir tərəfdən də sel kimi axan informasiya, səfərlər, facebook statusları, instagram fotoları, “inbox” cavablamaq, gündəmin müsahibəsi, reportaj, köşə... Bütün bunları necə çatdırırsınız, soruşacaqdım ki, sən demə, hələ sırada serial da varmış...

 

- Var, var. (Gülür) Günü 24 saat yaradan bizə qarşı haqsızlıq edib.

 

- Amma vaxtı çox yaxşı idarə edirsiniz...

 

- Çatdırıram və çəkdiyim əziyyətin bəhrəsini görəndə bundan aşırı bir zövq alıram. Günüm 6.30-da başlayır. Uşaqlar yuxudan oyananda artıq mən hazır olmalıyam. Çünki qapıdan içəridəsənsə, anasan! Onları nə yazacağın yox, nə bişirəcəyin maraqlandırır...

 

Övladlar üçün valideynləri ilə qürur duyacaqları hekayələr yaratmaq lazımdır...

 

- Oğuzla bağlı bir hadisəni heç vaxt unutmuram. Bir dəfə xəstələnib, işə getməmişdiniz. O dərsdən gələndə qarşılayıb yemək verəndə “Ana, kaş, sən həmişə xəstə olsan” demişdi...

 

- Hə... (Gülür) Əlimdən gülməkdən başqa bir şey gəlmir. Ağlamaq da istəyirsən ki, uşağın arzusuna bax... Mən ana kimi Oğuza çatmıram. O istəyir ki, mən onu məktəbə aparım, gətirim. Mən də məktəbdən çıxan qələbəliyin arasında öz oğlumu axtarıb tapmaq istəyirəm. Bu əskikliyi mən də yaşayıram. Amma düşünürəm ki, belə də olsa ana olmaq olur. Mən gələcəkdə onlara “sizin üçün saçımı süpürgə elədim, heç yerə getmədim” deməkdənsə, iş səfərlərim, müsahibələrim, tanış olduğum maraqlı insanlar haqqında danışacağam. Diqqətlə dinləyəcəkləri və mənimlə qürur duyacaqları hekayələrim olmalıdır.

 

Qaynananı anlamaq: “Həyat situasiyalarla öyrədir”

 

- Oğuz sevgisi sizə fərqli bir enerji ötürür...

 

- Qızım Selcanı sevirəm, amma oğlumu bir başqa sevirəm. Oğul anası olmaq adamı dəyişir. Məsələn, heç vaxt qaynana ilə problem yaşayan gəlin olmamışam, amma o qadını anlamağa həmişə çətinlik çəkmişəm.

 

- Anlaşılmayan nə idi?

 

- Həddindən artıq oğluna aşiq anadır! Hesab edir ki, onun oğlu dünyanın ən gözəl yazarıdır. İndi mən iki kitab yazmışam, baxıb kənara qoyacaq, üzündə də belə bir ifadə: “Sən, kitab!? Amma mənim oğlum yazsaydı...!” Əgər bu kitab Oğuzdan öncə yazılsaydı, bu münasibətə görə tüstüm təpəmdən çıxardı, indi isə şirin qarşılayıram. Çünki artıq özüm də oğluna aşiq anayam və oğlum dura-dura gəlinim kitab yazsa, xoşuma gəlməz. (Gülür) Yanımda bir rəfiqəm, ya iş yoldaşım qaynanasından gileylənəndə aslana çevrilirəm. İçimdə o qaynananı qoruyan bir ordu olur. Yazıq qızı da qoyuram gələcək gəlinimin yerinə! (Gülür) Həyat bizi insanlar və situasiyalarla öyrədir. Öyrənərək gəlmək çox gözəl bir duyğudur. 10 il əvvəlki kimi düşünsəydim, yaşamağın nə mənası olardı?

 

- 10 il əvvəlki Sevinc necə idi?

 

Uğurlu jurnalist olmağın kədərli sonu

 

- Kimsə mənə müsahibə verməyəndə ciddi stress keçirərdim. İndi isə əksinə, sevinirəm ki, vaxtım özümə qaldı. Açığı, artıq müsahibə götürmək də mənə maraqsız gəlir. 1999-cu ildən mətbuatdayam, ictimai-siyasi sektorun elə adamı yoxdur ki, onunla söhbət etməyim. Müxtəlif rubrikalarım olub – “Mətbəxdə”, “Bağ mövsümü”, “Bacılar”, “Qardaşlar”, “Övladlar”, “Siyasətçinin xanımı”, “Siyasətçinin əri” və s. Artıq hamı ilə danışmışam...

 

- Bizdə yeni simalar yoxdur. Hamı hər şey haqqında danışıb və kimə üz tutacağını, nə soruşacağını müəyyən edə bilmirsən. İkinci problem isə səmimiyyətdir. Müsahiblərimizin uydurduqları hekayələri bəzən cəmiyyətə yanlış mesajlar ötürür. Təbii, Markesin, Folknerin müsahibələri də həqiqətlə tam ayaqlaşmırdı, amma onlar ədəbiyyat dünyasının dahiləri idi və bu gün o müsahibələr qiymətli fikirlər toplusu hesab edilir, cəmiyyətə də faydası var. Onlar ana məqsədi olan uydurmalar idi, bizimkilərin cəfəng danışıqları isə kimlərəsə söz göndərməkdir. Belə mühitdə müsahibə almaq ən arzuolunmaz haldır...

 

- Qeyri-səmimilik müsahibədə ən sevmədiyim məqamdır. Üz-üzə oturanda sən onu inandırırsan və bir mərhələdən sonra ürəyini açıb danışır. Müsahibə bitir və başlayır zənglər. Sevinc xanım, bunu çıxardaq də... Axı belə olmur! İstədiyin cavabı almaq bir jurnalist kimi sənin uğurundur. İnsanların səmimi olmaq problemi var. Hərənin bir qəlibi var – beyinlərində min adam var, o nə fikirləşər, bu nə deyər... Biz jurnalistlərin bir müsahibə, bir də müsahibədən sonrakı ağrılı-acılı dönəmi var. 50 dəfə zəng edəcək ki, bəlkə bunu çıxardasınız... Ay qardaş, mənim özəl həyatım var, 6-dan sonra sənin mənə zəng etmək lüksün olmamalıdır. Mən sənin mətbuat katibin deyiləm...

 

Qüdrətli taksi sürücüsü

 

- Bəzi həmkarlarımızın sayəsində peşəmiz öz nüfuzunu itirib, hamısı ona görədir...

 

- Və onların açdıqları qapılara baxın! Qohumlarım bunu biləndə dəhşətə gəlirdilər ki, Zaminlə Sevinc uşaqlarını bağçaya düzəldə bilmirlər. “Yer yoxdur, çarpayı yoxdur, 2 ildən sonra gəl! Axı 2 ildən sonra mənim uşağım məktəbə gedəcək...

 

- Amma mən Facebookdan Oğuzun bağça şəkillərini xatırlayıram. Bəs necə yer tapdınız?

 

- O vaxt hələ maşınım yox idi, harasa tələsəndə tanış taksi sürücüsünü çağırırdıq. O sürücü adam tapdı, danışdı, hörmət elədik və mən öz-özümə düşündüm ki, bu taksi sürücüsünün nüfuzu məndən də, Zamindən də yüksəkdir. Allah razı olsun, onun sayəsində uşağım bağçaya getdi...

 

- Jurnalist olduğunuzu bilirdilər?

 

- Tanıyırdılar. O qədər belə layihələr etmişik ki, elə bilirdilər yenə layihə işləyirik... Ona görə “hörmət” də qəbul etmirdilər. Amma o “jurnalistlər” lüks həyat yaşayırlar, təhsil idarəsindən tutmuş “JEK”ə qədər hər yerdə də tanışları var. Cəmiyyətə də “jurnalist belə olmalıdır” mesajını verirlər...

 

Bir jurnalistin “Qız-qıza” travması

 

- Mənim qız-qıza sözü ilə bağlı çox ciddi travmam var idi. Uzun müddət sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı yazılar yazdım. Sonra həbsə düşdü, ilk məhkəmədə soruşdu ki...

 

- “Sevinc Telmanqızı kimdir?”

 

- (Gülür) Bəli, sonra da dedi çıxım, səninlə qız-qıza danışacağam. O vaxtdan qız-qıza danışmağa qorxuram (Gülür).

 

- Nəhayət, danışa bildiniz?

 

- Danışdıq. Biz jurnalistlərdə müsahibini hipnoz etmək bacarığı var, istədiyimizi də belə alırıq. Onunla da çox səmimi söhbət etdik, ürəyini tamam açdı və deyəsən sonradan peşman oldu. Diktofonu götürüb oğluna uzatdı ki, “bunu sil”. Oğlu da bütün söhbətimizi sildi... Çox çirkin hadisə idi. Düzdür, sonra redaksiyaya gəldi, müsahibə verdi, amma o travma...

 

- Əməkdaşlıq etdiyim bir saytda onunla müsahibəm yayımlanmışdı. Redaktorun seçdiyi başlıq xoşuna gəlmədiyindən baş direktora zəng edib, müsahibəni saytdan çıxartdırmışdı. Bununla da sayt rəhbərliyi həmin layihəmi bağlamaq qərarına gəldi. Buna görə də təəccüblənmirəm. Söhbətinizi silibsə, deməli, çox qız-qıza danışmısınız...

 

- Həddindən artıq şirin və səmimi danışmışdıq. O, ilk gündən iddia edirdi ki, onu mən tutdurmuşam. Axı Azərbaycanda jurnalist millət vəkilini tutduracaq səviyyəyə qalxmayıb. Oturub-durub deyirdi, oğlum deyir “böyüyəcəm, onun qabağına çıxacam, deyəcəm ki...” Deyirdim oğlunuzu elə nifrətlə, yalanla böyütməyin və cəsarətiniz çatırsa, ona həqiqəti deyin. Yox, əgər oğlunuza yalançı düşmən axtarırsızsa, qoy böyüyüb gəlib çıxsın qarşıma, hind filmlərində olduğu kimi... (Gülür) Çox cılız cəmiyyətdə yaşayırıq... Ona görə də qız-qıza danışmaqdan qorxuram...

 

Mətbuatdan dost qazanmağın çətinliyi

 

- Birdən elə mövzuları gündəmə gətirməli oluruq ki, məsələnin süni yaradıldığını özümüz də bilirik. Bu halda o reportaja özünüzü necə hazırlayıb gedirsiniz?

 

- Biz jurnalistik, məsələyə də elə baxıram. O qədər ağrılı yanaşsam, işin içindən çıxa bilmərəm. Müsahibimə simpatiya duymaq məcburiyyətim yoxdur, ən nifrət etdiyim adamlarla belə üz-üzə oturub müsahibə almışam. Prinsiplərim var – sonra o adamla görüşərəmmi? Yox! Jurnalist var ki, müsahibləri ilə çox yaxşı əlaqə qurub, geniş çevrə yaradırlar. Mümkün deyil axı, sən bu qədər adamla necə dost ola bilərsən? Səmimi deyillər. Mənim arkadaşlıq edəcəyim adamlar kateqoriyası bəllidir və ora eyni vaxtda bir-birindən fərqli olan 50 tip daxil ola bilməz!

 

- Ümumiyyətlə, mətbuat və dost... Bir az həssas məqamdır...

 

- Mətbuatdan dost qazanmaq çox ciddi problemdir. Ola bilər ki, sən həyatının mühüm dönəmini onunla keçirərsən, çiynində ağlayarsan və sonra bir yazı yazarsan. Rəfiqə dediyin adam yazının sənin yox, çalışdığın qəzetin mövqeyi olduğunu unudar və buna görə sənə tövrü dəyişər. Axı buna görə məni silə bilməzsən... Çalışdığın qurumun mövqeyi anlayışı tək bizdə deyil, dünyanın hər yerində var. O günlərdə mətbuat yazmışdı ki, ABŞ prezidentinin korteji yoldan keçərkən velosiped sürən bir qadın Trampa təhqiramiz əl işarəsi edib. Qadın ABŞ-da ciddi müzakirəyə səbəb olan fotonu sosial mediadakı səhifəsindən silmək tələbindən imtina etdikdə işdən qovulub. Bu hadisə demokratik dəyərlərin ən üst səviyyədə qorunduğu Amerikada baş verib. Hər yerdə şirkətin marağı deyilən bir anlayış var. Jurnalist də çalışdığı qurumun maraqlarına xidmət etmək məcburiyyətindədir. Bunu anlamayan dostun varsa, çox çətindir və mən bu çətinliyi yaşadım. Burnum divara dəydi və qərar verdim ki, ən yaxşı rəfiqəm anamdır, bacımdır...

 

Sosial medianın ən qısqanc qadını görüntüsü necə yaranır

 

- Facebook profilinizə baxanda siz çox yaxşı anasınız, peşəkar jurnalistsiniz, amma çox aqressiv, qısqanc qadınsınız...

 

- Oyyy, doğurdan?!

 

- Çox şirin bir statusun ortasında qəfil “sizin yazarınız” atmacasını elə göndərirsiniz ki... Belə, çox qəzəbli...

 

- Kənardan elə görünür?

 

- Bəli, sanki bu mövzuda adamı döyə bilərsiniz...

 

- (Gülür) Çox yanlış təqdimatdır, heç qısqanc deyiləm. Bütün günü işdə olan adamam, qısqanmağa heç vaxtım da yoxdur. (Gülür) Qısqanmaq ciddi nəsnədir. Sadəcə, bir dönəm məni xüsusi qıcıqlandıran tiplər var idi, yəqin bu statuslar onlara göndərmə olub. Qadınlar tanıyıram ki, qısqanclığı iş halına gətiriblər. Ərlərinin profilindəki şəkillərin altında olan “like”ların sayına qədər haqq-hesab aparırlar. Mənim bir elə vaxtım var!? Qısqansam yazımı kim yazacaq, yeməyimi kim bişirəcək? (Gülür)

 

- Bir tanınmış Facebook dostumuz var, gecələr “messenger”dən tarixçə paylaşır – saçı-başı dağınıq, gecə köynəyində, təəccüblə, maraqla baxan narahat, əsəbi qadın şəkli... Eyni formatda şəkil bir neçə gecə təkrar paylaşılandan sonra başa düşdük ki, bu qadın onun həyat yoldaşıdır. Əri yatandan sonra girib onun yazışmalarını oxumaq istəyir. Smartfondan da çox yaxşı başı çıxmır deyə hər dəfə əli dəyir, “iş başında yaxalanmış” selfisini tarixçəyə göndərir...

 

- (Gülür) Onun da həyatı həyat deyil. Qısqanan adam qarşısındakından çox özünə güvənmir. Həm də bir şey deyim, kişini qısqandıqca havalara girir, uçur. Kişi soruşursa “səncə mən yaraşıqlıyam?” Cavab “Mənə görə yaraşıqlısan!” Yəni bizim evdə, kənarda yox! (Gülür) Qadınlar əksər halda kişiyə bir kralmış kimi davranır. Bir müddət sonra kişi həqiqətən özünü kral kürsüsündə hiss edir və qadın da heç vaxt kralın yanında yox, ayağının altında oturur. Bir sözlə, qısqanırıqsa, öz günahımızdır. Amma gerçəkdən mənim qısqanclıq etməyə vaxtım yoxdur, olsa bəlkə də yaparam... (Gülür)

 

Qadının sözü ilə dəyişən kişilər sevilmir

 

-  Zamin Hacı Facebook-da deaktiv olsa da, qəzetdə hər gün yazır. Açıb oxumaq olar, niyə sizə “hücum” edirlər?

 

- Bu, sadəcə, şitlikdir! Ən çox acıqlandığım şey adamı katibə yerinə qoymaqlarıdır – “Zaminə denən filan olsun...” Telefon var, bir zəhmət, özün de!

 

- Zamin bəy özü bu məsələlərə necə yanaşır?

 

- Heç nə, “cool takılır”! (Gülür) Deyir, burda nə var, axı sən dünyagörüşlüsən. Deyirəm, axı dünyagörüşü də mənim sərhədlərimə girənə qədər olur...

 

- Bəlkə özünə deyəndə əməl etmir, sizin təsirinizdən faydalanmaq istəyirlər...

 

- Tanıyanlar bilir, Zamin heç kimin sözü ilə dəyişən deyil. Heç vaxt onu dəyişməyə çalışmamışam, qadın sözü ilə dəyişən kişiləri də sevmirəm. Heç vaxt üzünə deməmişəm, amma onun o “dediyim dedikdi”si hətta mənə xoş gəlir.

 

Həmkar məsləhətləşməsi: Qızımızı ərə vermirik, oğlumuzu evləndirmirik...

 

- Bir-birinizi oxuyursuz?

 

- Mən oxuyuram və Zaminin dəst-xəttini saxlaması çox xoşuma gəlir. Azərbaycanda eyni üslubu illərlə saxlamaq çətindir. Amma onun məni oxuyub-oxumadığını dəqiq deyə bilmərəm. Çünki biz evdə o qədər də bu haqda danışmırıq. Mən məsələyə jurnalist kimi yanaşıram, sevmədiyim adamla da görüşüb müsahibə ala bilərəm. Bunu isə Zaminə çox az hallarda qəbul etdirə bilirəm. O fikirləşir ki, adam filankəsdən müsahibə alar? Deyirəm, sən onun verdiyi mesajlara bax, onun hətta zərərli mesajları belə cəmiyyət üçün informasiyadır. Biz qızımızı ərə vermirik, oğlumuzu evləndirmirik, adamdan sadəcə müsahibə götürürük...

 

- Zamin Hacıdan daima köşə gözləyirəm. Bir də kitab və film tövsiyələri. Amma sizdən fərqli gözləntilərim var. Məsələn, bütün yayı şəhərdə ərəb turistlərin meydan oxuduğu bir vaxtda belə bir reportaj gözləyirdim – Sevinc Telmanqızı çarşabda, yanında da yəqin Məhəmməd Türkmən, amma bilmirəm niyə o, bir ərəb turistin gözü ilə Bakını bizə anladarlar. Mənə belə reportaj söz verməmişdiniz, amma gözləyirdim... Hətta bir neçə dəfə özüm etmək istədim, sonra düşündüm ki, mən həftə sonları işləyirəm, çatdırmayacağam, Sevinc xanım məni qabaqlayacaq...

 

- (Gülür) Nə gözəl ideyadır...

 

- Məni xəyal qırıqlığına uğratdınız, sizi bağışlamayacağam!

 

- Üzr istəyirəm... (Gülür) Proje adına edilə biləcək çox şey etmişəm - taksi sürücüsü də olmuşam, qul bazarında qadın qul kimi də dayanmışam... Bu yay yaxşı ana və yaxşı jurnalist olmaq arasında seçim edib, birinciyə üstünlük verdim, yeni evə köçdük. Açığını deyim, ağlıma gəlmədi bu ideya, gəlsə mütləq edərdim. Jurnalistika belə layihələri sevir. Biz “İçərişəhər” metrosunun qarşısında nəzir qutusu qoymuşduq, brend mağazalarda işləmək üçün getmişdim...

 

- Hamısını maraqla izləmişəm. Materialları fərqli və maraqlı hazırlayırsınız deyə, məhz sizin dilinizdən oxumaq istədim.

 

- Hələ gec deyil, həmən özümə bir çarşab alacağam. (Gülür) Bunu mütləq edəcəyəm!

 

Qadın dili yüyürək olmaz, ən son anda bizi bir araya gətirən səbəbin üzərinə gəlirik – onun yeni kitablarının!

 

- Və nə qənaətə gəldiniz, Sevincin Amerikası yaşanılacaq ölkədir, yoxsa Trampın?

 

- Əslində Amerika yaşanılacaq ölkədir, amma qaydalarını bildiyin sürəcə. Kitabımın biri Avropada, ikincisi isə Amerikada mühacir həyatından bəhs edir. Avropa sənə daima gəlmə olduğunu hiss etdirir. Amerikada isə elə deyil, dili bilirsənsə çox rahat şəkildə özünə yer edəcəksən. Lakin bir məqam var, qanunlar sənin nəfəsini kəsəcək qədər sərtdir. Mesaj budur - azadlığı verirəm, amma mən cızdığım dairənin içindəsən.

 

- Azadlığı verir, bizim daima dəyişik saldığımız özbaşınalığı yox...

 

- Eynən! Başa salır ki, mənim verdiyim qədər azadsan. Özünə azadlıq adası qura bilməzsən. Trampın aqressiyası da ondan qaynaqlanır ki, bura mənim Amerikamdır. Amerika gözəldir, amma o gözəlliklərlə yanaşı sənin ödəmən gərəkən bir bədəl var...

 

- Bütün gözəlliklərin bir bədəli var! Çəkimizi saxlamaq üçün nələrə gedirik...

 

- Eynən! Hələ dərini qorumaq üçün... Çox çətindir, çox!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5100
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar