<b>"Başa düşdüm ki, onlar ayaqqabılarımı çıxartdırıb rəqs etdirəcəklər" - <span style="color:red;">TANINMIŞ TELEAPARICI </b>
29 iyun 2018 14:14 (UTC +04:00)

"Başa düşdüm ki, onlar ayaqqabılarımı çıxartdırıb rəqs etdirəcəklər" - TANINMIŞ TELEAPARICI

 

 

Vüsalə Məmmədova. “Özsüt”də bloqer və teleaparıcı Turanə Hüseynli ilə Qızqıza

Bu gün teleməkanın ən populyar verilişlərindən olan “Oralar”ın siması olsa da, biz söhbətə “Müasir Azərbaycan Gənci”nin sevə-sevə izlədiyi proqramdan başlayırıq:

 

- Efirdən şöhrətin pik nöqtəsində getdiniz...

 

- Artıq özümü Tutu kimi görmür, efirdən oynayaraq “Salam gənclər!” demək istəmirdim. Sanki içimdə bir pillə boy atmışdım. MAG-ın aparıcısı olduğum dönəmdə bir günə 3-4 veriliş çəkirdik, həyat çox dinamik idi. Düşünün, MAG-da ölkənin ən bacarıqlı, uğurlu simalarını bəzən bir gündə tanımaq imkanımız olurdu. Demək olar ki, hər gün yeni insanlarla tanış olurdum. Məhz buna görə də efirdən uzaqlaşandan sonra bir müddət depressiyaya düşdüm... (Gülür) Maraqlıdır ki, bu gün də məni yolda MAG Tutu deyə çağırırlar. Mənsə böyümək, Tutudan Turanəyə keçmək üçün MAG-dan getmişdim...

 

- Tutu adı MAG-a qədər var idi?

 

- Yox. Efir üçün ad seçməliydik. “MZ Production”nın rəhbəri Üzlüfət xanım dedi ki, Fariz, Xəyalə və Turanə efir üçün çox uzun addır. Nə Farizi Fafa edə bilərik, nə də Xəyaləni Xaxa. Sənin adını qısaltmalayıq... O dönəmlərdə Tutu adına elə öyrəşmişdim ki, kimsə mənə Turanə deyəndə narahat olurdum ki, “incimisiz məndən?”

 

- Televiziya fəaliyyətinə başlamaq üçün “MZ Production” çox yaxşı start nöqtəsidir. Orada Üzlüfət Qasımova var...

 

- Həqiqətən də! Bizə yanaşma çox peşəkar idi... İndi baxıram bloqerlərə, iki gün tanınan kimi ohh! Çünki onlara yol göstərən yoxdur. Üzlüfət xanım isə bizi çox yaxşı idarə edirdi, özümüzdən, çərçivələrimizdən çıxmırdıq. Biz qısa zamanda çox məşhur olduq. Hamı deyirdi ki, dövlət televiziyasının efirində şortiklə, gözlüklə, buruq saçlarla efirə çıxan üç gənc var... Çox adam deyirdi ki, elə bilirəm kanalı səhv qoymuşam...

 

- Təəssüf ki, o üç gəncdən indi efirdə yalnız siz varsız...

 

- Xəyalə dövlət işində çalışır, çavuşdur. Fariz isə musiqi ilə məşğuldur. Axı onun muğam təhsili var idi. Bir sözlə, o üç gəncin üçü də indi öz sevdiyi işi görür...

 

- Mən Farizi yenidən efirdə görməyi çox istəyirəm.

 

- Mən də! Onu efirə çox yaraşdırıram.

 

- Bildiyim qədərincə sizi də bir-birinizə çox yaraşdırırlar...

 

- (Gülür) Düşünün, indi də Farizin bir fotosessiyası olanda mənə göndərib nəsə soruşurlar. Deyirəm, özündən soruşun... Bizi bir-birimizə çox yaraşdırırdılar, bəzi adamlar indiyə qədər də bizi evləndirib qurtara bilmir... (Gülür)

 

- Evləndirəcəklər?

 

- Yox, biz ancaq dostuq.

 

- Teleməkanda çox az rastlanan gözəl xanımlardansız. Üstəlik, gözəllik tək göstəriciniz deyil, həm də çox bacarıqlısınız. Yəni bu potensialla başqa kanala da keçə bilərdiniz... Siz isə sakitliyə çəkildiniz...

 

- Biz MAG-da olanda digər televiziyalardan çox təklif gəlirdi. İşdən ayrıldıqdan sonra düz dörd il efirdə olmadım. Yenə də təkliflər gəlirdi. Mən saf-saf bütün görüşlərə gedir, ölkənin ən populyar prodakşnlarında olurdum, lakin söhbətimiz alınmırdı. Onların istədiyi məni efirə qadın kimi çıxartmaq idi – bəzənim, düzənim...

 

- Bir sözlə, digərlərinə oxşatmağa çalışırdılar...

 

- Bəli. Bir dəfə çox məşhur bir prodakşnın rəhbəri ən populyar kanalda, reytinqli bir saatda bir çal-çağırlı verilişin aparıcısı olmağı təklif etdi. MAG-da o üstünlük var idi ki, qonaqlar xüsusi seçilir, bayağı, beldən aşağı zarafat edən kimsə efirə çağırılmırdı. Mən də bu formatı çox sevirdim.

 

- O format olmasa siz başqa cür formalaşacaqdınız...

 

- Eynən! Müsahib o qədər keyfiyyətli insan olurdu ki, sən artıq özünü müəyyən bir yerdə hiss edirdin. Bu, çox yaxşı bir ağırlıq idi, ondan sonra aşağı düşə bilmir, bunu özünə sığışdırmırsan. Təkliflərə baxıb başa düşdüm ki, mən efir xatirinə musiqisini dinləmədiyim, həyat tərzini bəyənmədiyim adamın üzünə gülə bilmərəm. Təki efidə olum, məşhurlaşım, toya çağırsınlar, pul qazanım, maşın alım xatirinə efirdə kimin üzünə gəldi gülə bilmərəm. O prodakşnın rəhbəri ilə danışanda başa düşdüm ki, onlar verilişlərində mənə indi dəb olduğu kimi, ayaqqabılarımı çıxartdırıb rəqs etdirəcəklər. Düşünürəm ki, sən hansı mühitdə çalışırsansa bir müddətdən sonra o sənin ruhuna çökür, bu mütləqdir.

 

- MAG-da o yaş dövrünüz idi ki, yeni formalaşırdınız. Üzlüfət Qasımova “MZ Production”da öz çalışdığı dövrlərin “Space” televiziyasının kiçik modelini yaradıb. “MZ Production” sanki bir labaratoriyadadır.

 

- Doğrudur! Buna görə də mən bayağı efirlərə çıxa bilməzdim. Həmin vaxt Almaniyada bir təcrübə proqramına müraciət etmişdim, cavab gözləyirdim. Prodakşn rəhbərinə dedim ki, təhsilim üçün bu çox vacibdir, söz verərəm, cavab müsbət gələr və sizi pis vəziyyətdə qoymuş olaram. Qayıtdı ki, “qızım, sənin təhsilin heç kəsə lazım deyil! Gəl, çıx efirə, məşhur ol, pulunu qazan. Məşhur olub qabağa gedəcəksən, nəyinə lazımdır təhsil?!” Çox xətrimə dəydi, təhsil heç kimə lazım deyil? Doğrudan da, vəziyyət elədir ki, bu saat heç kimə efirdə təhsil lazım deyil. Heç kim məndən soruşmayıb təhsilin nədir...

 

- Təhsiliniz nədir?

 

- Biologiyanı bitirmişəm...

 

- Bir də “MZ”ni...

 

- Bəli!

 

- Və efirdən bloqa!

 

- “Əlfəcin” layihəsi mənim arzum idi. Bu layihəni Gənclər Fondunun müsabiqəsinə təqdim etdim. Youtube kanalı açıb, oradan yayımladım. Cəmi altı veriliş çəkdik, çünki bahalı layihə idi, sonra sponsor tapmadıq. “Əlfəcin” ilk övladım deyə biləcəyim layihə idi, düşünürəm ki, bir gün onu davam edəcəm.

 

- Bacınız Xəyalə ilə təxminən də eyni vaxtda MAG-dan ayrıldınız. Birlikdə çalışmaq dəvəti almadınız?

 

- Təkliflər çox olurdu. Sadəcə biz bir yerdə yola getmirik. MAG-a gəlməyimiz də belə olub ki, hər ikimizi ayrı-ayrı dəvət ediblər, ofisdə qarşılaşmışıq. “Siz tanışsız” soruşdular, “bacıyıq” dedik... Onda Üzlüfət xanım efirdə bunu deməyin, bir gün uyğun mövzu seçib, açıqlayarsız dedi. Bir yerdə işləyə bilmərik, dalaşarıq, mehriban bacılar deyilik.

 

- O zaman qayıdaq bloqa. “Əlfəcin”in müddəti bitdi və “Turanənin mətbəxi” meydana çıxdı. Mən sizi çox perspektivli gənc kimi sizi izləyirdim, siz “Əlfəcin”lə davam edəndə də bəyənmişdim və birdən-birə Youtube bildiriş göndərdi ki, “Turanənin mətbəxi”. Mən nələr gözləyirdim, siz məni xəyal qırıqlığına uğratdınız...

 

- (Gülür) “Əlfəcin”lə paralel “Özsüt” restoranlar şəbəkəsinin marketinq meneceri kimi çalışır və radioda da işləyirdim. Amma mətbəxlə bağlı heç nə planlamamışdım. Bir rəfiqəm şirniyyat ateleyesi açdı, nə isə çəkiliş eləmək istəsən gələrsən, dedi. Beləcə, dostlarım üçün çox sevdiyim “Brauni” keksini bişirdim. Materiala baxanda gördüm nəsə boşluq var, “şapka” çəkək, loqo lazımdır dedim və bir də baxdım ortaya əməlli başlı məhsul çıxıb... Qısa bir veriliş! Bunu yayımladıq və “bum!” effekti oldu, şirkətlər maraqlandı.

10-15 video çəkdik və dayandıq. Çünki ətrafımda çox neqativ var idi, dostlarım Turanə, mətbəx yaşlı adam işidir, deyirdilər. Sanki yaxşı yemək üçün ən bahalı restorana gedən, sezar salatına 15 manat verən adamlar bunlar deyil. Baxmayaraq ki, izləyicilərdən çox müsbət rəylər alırdım. Youtube kanalımın izləyicilərinin 60 faizi oğlanlar, 40 faizi isə qadınlardır. Oğlanlar “mən xaricdə tək yaşayıram, bunu hazırladım” deyə öz reseptlərini göndərirdilər...

 

- Dostlar mətbəxə girmək üçün çox gənc olduğunuzu deyiblər. Bu yaşda mətbəx məharəti evdə dəfələrlə sınanmışdı?

 

- Qətiyyən! Mən evdə nəsə hazırlamaq istəyəndə anam deyirdi ki, gedib öz mətbəxində hazırlayarsan. O, ər evini nəzərdə tuturdu. Mən də qərara gəldim ki, sıfırdan öz mətbəximi yaradım. Studiya qurdum. Bir şirkətdən təklif gəldi ki, avadanlıqlarla təmin edir. Sonra da başqa bir sponsor gəldi... İndi anam ailə qurmaqla bağlı bir söz deyəndə, deyirəm, “o qədər dedin axırda öz mətbəximi qurdum”. (Gülür) Mətbəx mənim üçün sırf əyləncə yeridir. Bütün reseptləri ilk dəfə kamera qarşısında hazırlayıram. Amma özümü mətbəxə fokuslandırmıram. Sobanın içində xəmir qalxır, şokolad əriyib axır, bu mənim üçün incəsənətdir və mən bunu izləyəndə stress atıram, baxıb sakitləşirəm. Lakin yeməyi daha faydalı hala çevirməyə çalışacam. Hələ də daha faydalı olmaq üçün bloqumun üstündə çalışıram.

 

- Mətbəx pul gətirir?

 

- Gətirir. Ancaq mən başqa sahələrdən də pul qazana bilirəm, marketinq, radio və aparıcılıq. Hərdən tanışlarım deyir ki, nə qədər işlə məşğul olursan. Lakin mən düşünürəm ki, hələ çuxur olub içimə su yığmamışam. Həmişə istəmişəm TV-də böyük bir layihəm və ciddi tamaşaçı auditoriyam olsun. Mən Azərbaycanda hələ də televiziyanın gücünə inanıram.

 

- Və karyeranızda yeni bir cığır açıldı – “Oralar”.

 

- Yenə də hər şey bir göz qırpımında baş verdi. Üç günün içində... Səhər kastinqə dəvət etdilər, axşam zəng etdilər ki, səhər bir də gəlməlisiz. Emosiyalarım.... Ohh! Axırıncı dəfə nə vaxt bu qədər sevindiyimi xatırlamıram. Ondan əvvəlki bir ili çox ağır keçirmişdim. Yayda kafedə rəfiqəmlə oturub hönkürmüşdüm ki, mənim işlərim pis gedir və bunun mütləq bir mükafatı olmalıdır. Bu təklifi o günlərin mükafatı hesab edirəm. Axı mən bacarıram, niyə işlərim pis gedir, deyirdim. 6-7 ay evdən çıxmadım, yeyib ağlayırdım. Pulum olmurdu...

 

- Depressiyadan çıxmağın ən yaxşı yoludur səyahət...

 

- Səyahət etməyi hamı istəyir, üstəlik səyahət proqramının aparıcısı olmaq... Bu, hardasa on il sonra arzulayacağım bir iş idi. Allah üzümə güldü.

 

- Təcrübədə səyahət edərək işləmək var idi? Necədir?

 

- Əladır! İlk təcrübəm idi. Komanda... sadəcə super! Arzum var idi ki, bir gün “Baku Media Center”də işləyəcəm. Aparıcı olaraq necə bir komanda arzulayardımsa elə bir komandadır. Peşəkar və rahat! Özünü həqiqətən aparıcı hiss edirsən. Azər müəllimdən səyahət təcrübəsi öyrənirəm. Uşaqlıqda ona fanatlıq edirdim. İlk verilişdə bütün görüşləri təxirə saldım, evdə hamı qohum toyuna gedib, mən tək oturmuşam TV qarşısında. Azər müəllimin səsi gələndə gözümdən yaş axdı ki, Azər müəllim efirə qayıtdı. Sonra yadıma düşdü ki, bu verilişdə mən də varam. (Gülür) Azər müəllimin səsi uşaqlığımın səsi idi.

 

- Uşaqlığınızın layihəsində yer almaq necə hisdir? Böyüməyinizin fərqinə varmaq? Axı efirdən böyüyüb getmişdiz...

 

- Mənim uşaqlıqda izlədiyim “Oralar” verilişi ilə bu gün aparıcısı olduğum “Oralar” verilişini müqaisə etməməliyik. Bilirsiniz ki, Baku Media Center adın patentini alıb. O ki, qaldı böyüməyə... Azər müəllimin yanında özümü böyük kimi hiss edə bilmirəm.

 

- “Oralar”a qədər səyahətə çox çıxırdınız?

 

- Evə 9-dan gec gəlməyən bir qızı hara göndərəcəklər? (Gülür) Uşaqlıqda rəqslə məşğul idim, onda tək səyahət etmişəm. Amma sonralar “səyahət üçün pul toplamışam” deyəndə anam “ərə gedərsən, ərinlə gedərsən” deyirdi... Amma bu layihəyə müsbət yanaşdılar. Evdən çox rahatlıqla icazə verdilər. Hər halda iki operatorla bir gənc qız getsə bəlkə narazı olardılar. Biz böyük, peşəkar bir komanda səfər edirik. Hamı da bilir ki, istirahətə getmirik, işləyirik...

 

- Səyahət müddətiniz nə qədər çəkir?

 

- Hər ölkədə ən azı bir həftə oluruq. Ancaq işləyirik, dincəlməyə isə Bakıya gəlirik. Çox da dincəlmək deməzdim, Bakıda işlərim çoxdur.

 

- Bir az dedi-qodu edək. Azər müəllim necə yol yoldaşıdır?

 

- Əla! Onun centlmenliyinə, ağlına heyranam. Ona deyirəm ki, Azər müəllim, Allah bizim kişilərə nə qədər centlmenlik paylayıbsa onun böyük yarısını sizə verib, ədalətli bölgü etməyib. Çünki cavan oğlanlara baxıram, adi şeyləri bilmirlər. Stulu çəkmək, qapı açmaq... Bilmirəm, öz yaşıdım olan oğlanlar mənə 16 yaşındaymış kimi gəlir...

 

- Bəs Rüstəm necə yol yoldaşıdır?

 

- Onunla yolda tanış olduq və yaxşı dostlaşdıq. Ailəsinə verdiyi dəyərə görə ona xüsusi hörmətim var. Kişinin ailəsinə münasibəti gözümdə onun dəyər ölçüsünü artırır. Rüstəm xanımından və övladından danışanda gözləri parlayır. Elə kişilər var ki, evli olduqlarını gizlədirlər...

 

- Üstəlik də səyahətdə olanda özlərini “subay rejiminə” alma vərdişləri...

 

- İkrah doğurur! Qadınlar da bunu qəbul edir... Dəhşətə gəlirəm, bu qədərmi çarəsizdirlər? “Uşaqlarımın atasıdır!” O qadınlar özlərini kəşf etməyib, ayaqları üzərində dayanmayıb, möhtacdırlar, əla baxırlar. Mənə “kamera qarşısında olma, səni saxlayacam” deyəndə əsəbiləşirəm. Axı sən niyə məni təmin etməlisən? Mən bu gün 5 manat qazanıramsa, bilirəm ki, onu özümə xərcləyə biləcəm, sabah 10 manatım varsa, arzularımı ona görə quracam. Əslində qadınlar kişilərdən çox güclüdürlər. Dostlarım da bilir, mən hesabımı həmişə özüm ödəyirəm. Bu azadlığın öz xoşbəxtliyi var.

 

- Məncə, iqtisadi azadlığın verdiyi xoşbəxtliyi bütün qadınlar dadmalıdır!

 

- Məncə də! Ailənin bərabərlik üzərində qurulmasını istəyirəm. Oturub kişinin gətirəcəyi 5 manatı gözləyim ki, o şokoladlı tortu alacaq?! Asılılıq olmadan yaşamaq istəyirəm. Ortaq həyata varam, amma asılılıq olmadan.

 

- Söhbət qazancdan və tortdan düşmüşkən yenidən “Turanənin mətbəxi”nə qayıdaq. Görüntü belədir ki, mətbəx proqramları nə qədər çox olsa da reklamlarda TV-lər bloqlara uduzur. Həqiqətdə də belədir?

 

- Haqlısız, şirkətlər TV əvəzinə sosial şəbəkəyə reklam verirlər. 100 faiz şirkətdən 50 faizi bu sistemə keçib.

 

- Bloqerlər vergi ödəyir?

 

- Bəli. Şirkət vəsaiti hesabıma köçürür və mən hər ay vergimi ödəyirəm.

 

- Saçların xüsusi bir sirri varmı?

 

- Genetika! Məktəbdə anam saçlarımı hörürdü. 9-10-cu siniflərdə isə arxadan yığırdım. Mən saçlarımın buruq olduğunu 11-ci sinifdə oxuyanda bilmişəm...

 

- Necə?

 

- Məktəbdə bir oğlan dedi ki, sənin qəşəng saçların var, niyə açmırsan? Bundan sonra fərqinə vardım. Axı bizim uşaqlıq dövrümüzdə buruq saç çirkinlik əlaməti sayılırdı. MAG-a buruq saçlarla çıxanda o qədər müsbət rəy alırdım ki... Fəxr edirdim ki, qızlar buruq saçlarını sevməyə başlayıblar...

 

- MAG-da efirə həm də makiyajsız çıxırdınız... Göz oxşayırdınız...

 

- Anam makiyaj edən olmayıb deyə, mən də etməmişəm. Rəfiqəm, tanınmış bloqer Səma Abıyeva ilə gedib xeyli makiyaj vasitəsi almışıq... Düşünün, kremin üzərində 50+ yazılıb, “axı mənim hələ 50 yaşım yoxdur” deyirəm, Səma isə “bu günəşdən necə qoruyur deməkdir” deyir... (Gülür) Yəni o dərəcədə xəbərsiz biriyəm. İndi baxıram ki, makiyaj etmək çox ciddi və bahalı bir işdir. Dərim çox ağdır, hər dəfə bir az solğun görünürsən deyirlər, gedib yenə əlavə nə isə alıram... İndi baxıram ki, artıq xeyli kosmetikam var...

 

- O zaman “Oralar”a qədər kosmetika çantanız yox idi?

 

- Son bir ilə qədər kosmetika çantam olmayıb.

 

- Önümüzə baxanda nə görürsüz? Mətbəx? Qazan qaynayır, sponsorlar, var! Səfər? Çamadan yığılıb, gələn həftə yenə səfərə çıxırsız. İndi planda nə var?

 

- Xoşbəxt olmaq istəyirəm.

 

- Sadaladığım kiçik sevincləri birləşdirəndə xoşbəxtlik alınmır?

 

- Ötən il yanında oturub hönkürdüyüm dostum Vəfaya indi deyirəm ki, hər şey istədiyim kimi gedir. Arzuladığım layihənin içindəyəm, səyahət edirəm, işləyirəm. Naşükürlük etmək istəmirəm, əlimdə olanlara görə, ailəmə, işimə və dostlarıma görə minnətdaram. Amma nəsə boşluq var...

 

- Sevgi?

 

- Bəlkə də... Axı mən sevgi adamıyam...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6619
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar