Qışda daha çox aldığımız və istifadə etdiyimiz vitaminli kivi sağlamlığımıza əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Dietoloqlar bu meyvəni xüsusilə arıqlamaq istəyənlərin rasionuna daxil etməyi tövsiyə edir. Lakin kivi ilə bağlı bəzi nüansları bilmək vacibdir.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, səhərlər kivi yemək immun sistemini gücləndirir və özünüzü daha yaxşı hiss etməyə kömək edir.
Bu meyvə həm də sürətli enerji və nəmləndirmə mənbəyidir. Günə başlamaq və ya səhər idmanından sonra ideal seçimdir.
Kivinin tərkibi zəngin liflərlə doludur və bu, həzm sisteminin sağlam fəaliyyətini dəstəkləyir. Meyvədə aktenidin adlı ferment də var. O, heyvani zülalların və qlütenin parçalanmasına kömək edə bilər ki, bu da həzm problemlərində faydalıdır.
Araşdırmalar göstərir ki, yatmazdan əvvəl iki kivi yemək yuxuya daha tez getməyə, gecə oyanmalarının azalmasına və ümumi yuxu müddətinin artmasına səbəb ola bilər. Bu təsir meyvənin tərkibindəki serotonin və antioksidantlarla izah olunur.
Serotonin yuxunu tənzimləyən neyromediyatordur. Buna görə də yuxudan təxminən bir saat əvvəl kivi yemək yuxunun keyfiyyətini artıra bilər.
Kivinin digər faydaları
Kivi ən dietik məhsullardan biri hesab olunur və orqanizmin sağlam fəaliyyəti üçün lazım olan bir çox maddələrlə zəngindir. O, immuniteti dəstəkləyir, soyuqdəymə və mövsümi xəstəliklərə qarşı profilaktik təsir göstərir və həm böyüklər, həm də uşaqlar üçün faydalıdır.
Kivinin tərkibi vitamin və minerallarla da boldur: B1, B2, PP, B6, B12, A, E, K1, D, beta-karotin, lif, maqnezium, kalium, kalsium, flavonoidlər, pektinlər, enzimlər, fosfor, manqan, dəmir, sink və müxtəlif meyvə və üzvi turşular.
Kivinin uzun müddət şirəli və dadlı qalmasını istəyirsinizsə, onu təzə və vitaminli saxlamağın bir neçə sadə sirri var. Bu barədə daha geniş məlumatı növbəti xəbərimizdə oxuya bilərsiniz.