Bu gün Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutub.
APA-nın xəbərinə görə, filmin baş prodüseri Orxan Mərdan bildirib ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq:
"Gördüyünüz film iki ilə yaxın investisiya saxlayıb. Pandemiya və digər səbəblərdən dolayı çəkilişlər ləngiyirdi.
Bu film bizim yeni bir dönəm üçün istehsal etdiyimiz filmdir, alternativ, fərqli bir janrdır.
Sizin dünya kinosunda gördüyünüz insana fərqli duyğular yaşadan bir filmdir. Ümidvaram ki, film zaldan çıxanların hamısına fərqli duyğular yaşadacaq".
Baş rolun ifaçısı Taleh Yüzbəyov filmin çəkiliş prosesi haqqında danışıb. O qeyd edib ki, filmdən gözləntiləri böyükdür: "Bu günü çoxdandır ki, gözləyirdim. Bu gün mənim üçün çox özəl gündür. Bu gün mənim həyatımda yeni bir mərhələ başlayır ki, arzularıma doğru getdiyim yolda ikinci fəsildəyəm. Mən artıq ilk dəfə kitab oxuyanda beynimdə ilk filmimi çəkmişdim. Sonralar “YouTube” videoları çəkəndə bu arzu artıq bir məqsədə dönmüşdü və mən bu gün sizin qarşınızdayam".
Filmin informasiya dəstəkçiləri arasında APA İnformasiya Agentliyi də var.
Qeyd edək ki, film dekabrın 23-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.