Türkiyənin Antalya şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı evdə qalan iki nəfər ölümdən son anda xilas edilib.
Lent.az yerlimediaya istinadən xəbər verir ki, hadisə Muratpaşa rayonunun Üçgen məhəlləsində saat 09:00 radələrində baş verib. Binanın terras mərtəbəsindəki mənzildə başlayan yanğın qısa müddətdə bütün evi bürüyüb. Ətrafdakı sakinlərin məlumatından sonra hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları göndərilib.
Alovların yaxınlaşdığını görən Ramazan Uz və Deniz Yılmaz pəncərədən çıxaraq məhəccərin dəmirindən yapışıblar. İki nəfər beşinci mərtəbədə bu vəziyyətdə yanğınsöndürənlərin gəlməsini gözləyib.
Pilləkənli avtomobillə onlara çatan yanğınsöndürənlər Ramazan Uz və Deniz Yılmazı xüsusi səbətə keçirərək aşağı endiriblər. Xilasetmə zamanı alovların qəfil güclənməsi nəticəsində mənzilin şüşələri partlayaraq ətrafa səpələnib.
Tüstüdən zəhərlənən iki nəfərə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıblar. Yanğın nəzarət altına alınsa da, mənzil tamamilə yararsız vəziyyətə düşüb.
Hadisənin şahidi Ali Dumlupınar bildirib ki, alovlar gənclərə yaxınlaşdığı üçün onlar məcbur qalaraq məhəccərdən sallanıblar:
“Yanğınsöndürənlər son anda çatıb onları xilas etdilər. Ardınca böyük gurultu eşidildi, şüşələr partlayaraq yerə töküldü. Hamımız çox qorxduq”.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.