Yoxsul yaşayan, dostlarını  evindən qovan  Fatma Mehralıyeva
04 avqust 2026 17:05 (UTC +04:00)

Yoxsul yaşayan, dostlarını evindən qovan Fatma Mehralıyeva

0

O, muğamı elə bir hisslə oxuyardı ki, dinləyən hər kəs öz dərdini onun səsində tapardı. Haqqında oxuduğum məlumatlara görə, səsi radiolardan yüksələndə hər kəs ayaq saxlayar, onu dinləyərdi. Alqışlarla qarşılanan, səhnələrin sevilən simasına çevrilən sənətkar illər keçdikcə xatirələrə qarışıb. Halbuki onun səsi Azərbaycan musiqisinin ən qiymətli xəzinələrindən biridir.

Lent.az-ın "Unudulan sənətkarlar" rubrikasının budəfəki qəhrəmanı zamanında zirvədə olan, bu gün isə adı az-az xatırlanan Fatma Mehralıyevadır.

Çətin uşaqlıq illərindən - Üzeyir Hacıbəyovla tanışlığa

Azərbaycan muğam sənətinin unudulmaz simalarından biri olan Fatma Yusif qızı Mehralıyeva 1926-cı il iyunun 4-də Quba şəhərində anadan olub. Onun uşaqlıq illəri çətin keçib. Hələ çox kiçik yaşlarında anasını itirib, çtinliklə böyüyüb.

Musiqiyə olan sevgisi erkən yaşlarından özünü göstərib. Orta məktəbdə keçirilən tədbirlərdə tez-tez çıxış edib, xalq mahnılarını böyük həvəslə oxuyub. Onun güclü səsi və təbii istedadı ətrafındakı insanların diqqətini cəlb edib.

11 yaşında Bakıda keçirilən musiqi festivalında "Qubanın ağ alması" xalq mahnısını ifa edərkən Üzeyir Hacıbəyovun diqqətini çəkib. Dahi bəstəkar balaca qızın səsindəki istedadı görərək onun təhsil almasına və sənətdə irəliləməsinə dəstək olub. Həmin görüş Fatma Mehralıyevanın həyatının dönüş nöqtəsinə çevrilib.

1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Sazçı qızlar" ansamblına qəbul olunan gənc ifaçı qısa müddətdə kollektivin aparıcı solistinə çevrilib. Müharibə illərində isə səhnəni cəbhə ilə əvəz edib. O, ön cəbhədə əsgərlər qarşısında konsertlər verərək onlara mənəvi dəstək olub. Həmin dövrdə ifa etdiyi mahnıların bir çoxu sonradan Azərbaycan radiosunun "Qızıl fondu"na daxil edilib.

"Kəsmə şikəstə"sindən "Fatma şikəstəsi"nə

Fatma Mehralıyevanın yaradıcılığı əsasən muğamlar, xalq mahnıları və təsniflər üzərində qurulub. Onun ifasında "Kəsmə şikəstə" xüsusi zirvə hesab olunur. Musiqi biliciləri deyirdilər ki, bu muğamı onun qədər duyğu ilə oxuyan qadın xanəndə demək olar yoxdur. Hətta musiqi ictimaiyyəti və sənət adamları bu ifanı məhz xanəndənin şərəfinə "Fatma şikəstəsi" də adlandırıblar. 

"Qubanın ağ alması", "Azərbaycan maralı", "Ay bəri bax", "Qaragilə", "Sona bülbüllər", "Yeri, dam üstə yeri", "Qəşəngdir" kimi mahnılar da onun səsi ilə yaddaşlara həkk olunub. Üzeyir Hacıbəyovun Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısının ilk ifaçısı da Fatma xanım olub. Onun "Qatar" və "Segah-zabul" muğamları da sevilərək dinlənilib.

"Arşın mal alan"ın Tellisi

Fatma Mehralıyeva kino tariximizdə də iz qoyub. O, 1945-ci ildə çəkilən "Arşın mal alan" filmində Telli obrazını canlandırıb. Bu rol onun sənət yolunda maraqlı səhifələrdən biri hesab olunur. 

Rejissor Rza Təhmasib filmi lentə alanda Telli obrazını heç düşünmədən Fatma Mehrəliyevaya həvalə edib. 1956-cı ildə isə sənətdəki xidmətlərinə görə Əməkdar artist fəxri adına layiq görülən sənətkar uzun illər ölkənin ən sevilən ifaçılarından biri olub. Onun konsertləri anşlaqla keçib, səsi radio dalğalarından demək olar ki, hər gün eşidilib.

Zirvədən yoxsulluğa

Lakin sənətkarın şöhrət əbədi olmayıb. 1990-cı illərin əvvəllərindən etibarən Fatma Mehralıyeva səhnədən uzaqlaşamağa başlayıb. Vaxtilə minlərlə tamaşaçının alqışladığı sənətkar ömrünün son illərini sakit və gözlərdən uzaq keçirib.

Qubadakı evinə köçən sənətkarı sənət dostları görməyə getsə də, Fatma xanım onlarla görüşmək istəməyib. Səbəb isə onun uzun illər axtarılmaması və istədiyi diqqəti görməməsi olub. 

Karyerasının pik zamanlarında çağırıldığı el şənliklərini pulsuz idarə edən Fatma Mehralıyeva ömrünün son illərində yoxsulluqdan əziyyət çəkib.

2000-ci il yanvarın 4-də dünyasını dəyişib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar